Accessibility links

64 dövlət qurumunun saytında aparılan monitorinq göstərir ki, rəsmi internet resurslarının informasiya açıqlığı 33,5% təşkil edir.

Azərbaycanın dövlət qurumlarının informasiya açıqlığı sahəsində vəziyyət “İnformasiya azadlığı haqqında” qanunun standartlarından geri qalmaqda davam edir. Eyni zamanda, “Açıq hökumət” təşəbbüsləri sahəsində vəziyyət pisləşir. Multimedia Mərkəzinin 64 dövlət qurumunun saytında apardığı yarım illik növbəti monitorinq göstərir ki, rəsmi internet resurslarının informasiya açıqlığının dərəcəsi 33,5% təşkil edir.
Mərkəzin rəhbəri Osman Gündüz bu göstəricini 2011-ci illə müqayisədə irəliyə doğru addım kimi qiymətləndirib. O zaman bu göstərici 27% civarında idi.
“Elektron hökumət” layihəsi çərçivəsində dövlət qurumlarının öz elektron resurslarının formalaşdırılmasını sürətləndirməsi haqqında ölkə prezidentinin 23 may tarixli fərmanı da vəziyyətin yaxşılaşdırılmasında müsbət rol oynayıb. Lakin qanuna dövlət qurumlarının açıqlığını azaldan düzəlişlərin edilməsi nəticəsində “İnformasiya azadlığı haqqında” qanunun pisləşməsi tendensiyası müşahidə olunur.
Hüquqşünas Ələsgər Məmmədli qeyd edib ki, açıqlıq sahəsində lider qurumlar sırasında vətəndaşların vergi və ya digər öhdəlikləri olan qurumlardır, məsələn, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Rabitə Nazirliyi, reytinq cədvəlinin sonunda vətəndaşlara hesabat verməli olar qurumlar, məsələn Nazirlər Kabinetidir.
Vətəndaşlara elektron xidmətlərin göstərilməsi ilə bağlı işlərə dair vəziyyət daha pisdir. Bu, “Elektron hökumət” layihəsində nəzərdə tutulsa da 261 xidmətdən real olaraq 118-i 39 dövlət saytında işləyir.
“İnformasiya azadlığı haqqında” qanun 2005-ci ildə qəbul olunub və Azərbaycanın ən yaxşı qanunverici aktlarından biri olub. Onun qəbulu ilə beynəlxalq və yerli ekspertlər hakimiyyətin bütün qollarının işində şəffaflığa və korrupsiyanın azalmasına nail olunacağına ümid edirdilər. Lakin praktikada qanun elə hakimiyyət, ilk növbədə icra orqanları tərəfindən axıradək icra olunmur. Prezident institutunun tərkib hissəsi olan şəhər və rayon icra hakimiyyətlərinin saytlarının reytinqi bundan xəbər verir. Yerli hakimiyyətlərin informasiya açıqlığı orta hesabla 7% təşkil edib, bəzi rayonlarda isə bu sıfır dərəcəsindədir.
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, praktik olaraq söhbət Prezident Administrasiyasının təqdir etməsilə qanunun sabotajından gedir: “33% açıqlıq “2” qiyməti deməkdir. “KİV haqqında” qanunu 33% yerinə yetirmək olar?”
Osman Gündüz bildirib ki, monitorinqin nəticələri və tövsiyələr dövlət qurumlarına veriləcək. Məqsəd elektron resursların informasiya açıqlığının təminatı üçün tədbirlərin həyata keçirilməsidir.
XS
SM
MD
LG