Accessibility links

Ələsgər Məmmədli: İnformasiyanın psixoloji təhlükəliliyini qanun tənzimləyə bilməz [Video-Müsahibə]


Media hüququ üzrə ekspertin Amerikanın Səsinə müsahibəsi

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli Amerikanın Səsinə müsahibəsində yeni hazırlamaqda olan “İnformasiyanın psixoloji təhlükəsizliyi haqqında ” qanun layihəsini kəskin tənqid edib.

“Əslində bu qanun layihəsinin hazırlanması senzuranın bərpası deməkdir. Yeni layihə informasiyanın texniki təhlükəsizliyi deyil, informasiyanın mahiyyətinə yönələn bir məhdudiyyət anlayışını gündəmə gətirir”, o qeyd edib.

Ekspert hesab edir ki, normal demokratik ölkələrdə belə sənəd çox təhlükəli tendensiyaya səbəb ola bilər.

“Bu daha çox informasiya açıqlığına, azadlığına müdaxilə kimi yozula bilər. Əslində də müdaxilə kimi qəbul edilməlidir”.

Ə.Məmmədli hesab edir ki, informasiyanın insanlara psixoloji təhlükəliliyini və ya təhlükəsizliyini qanun tənzimləyə bilməz.

“Bu daha çox etik məsələ ola bilər. Bu qanunla tənzimlənsə, jurnalistin informasiyanın nə vaxt zəruriliyini və ictimai əhəmiyyətliliyini qiymətləndirmək şansı qalmayacaq. İnformasiya cəmiyyətə mənfi təsir edə bilər, mənfi emosiya da yarada bilər. Eyni zamanda cəmiyyət onu bilməlidir. Cəmiyyət onu bilib belə mənfiliklərə qarşı mübarizə aparmalıdır. Mənfi informasiyaları çıxarıb, ancaq müsbətləri dövriyyəyə buraxmaq cəmiyyətin reaksiyalarını yox edə bilər”, ekspert bildirib.

O hesab edir ki, mətbuat tək rəng deyil, tək missiya ilə də yüklənməyib.

“Mətbuatın informativ, əyləncəli, maarifləndirici tərəfləri var. Mətbuat hadisəni cəmiyyətə nə qədər faydalılığı ölçüsü ilə təqdim etməlidir. Bunu isə yeganə bilən media və jurnalistlərin özüdür. Bunu isə qanuna gətirmək mümkün deyil. Çünki informasiyanın əhəmiyyətliliyi hadisəyə, zamana və insanların baxışlarına görə dəyişən bir məqamdır. Qanunla müəyyən etmək ki, qırmızı xəbərləri verin, göy rəngli xəbərləri verməyin. Bu mümkün deyil. İnformasiyanı bu cür sinifləndirmək, kateqoriyalaşdırmaq mümkün deyil”.

Məmmədli bildirib ki, informasiya açıq və qapalı olur. “Açıq informasiyalar medianın yayması üçün açıqdır, qapalı informasiyalar kateqoriyası isə özəl həyat, dövlət sirri və sairə ilə bağlıdır”, ekspert qeyd edib.
XS
SM
MD
LG