Accessibility links

Əli Əhmədov: YAP Milli Məclisdə ən çox deputatla təmsil olunacaq


YAP sədrinin müavini Əli Əhmədov

YAP sədrinin müavini Əli Əhmədov

Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov Azərbaycanda keçirilən parlament seçkilərinin ilkin nəticələri ilə bağlı partiyanın qərargahında mətbuat konfransı keçirib.

Əhmədov bildirib ki, Azərbaycanda parlament seçkiləri “Seçki Məcəlləsi”nin tələblərinə uyğun şəkildə, demokratik əsaslarda, ədalətli və şəffaf keçirilib.

"Azərbaycan vətəndaşları seçkilərdə fəal iştirak edib: ilkin nəticələrə görə, seçicilərin 55 faizindən çoxu səsvermədə iştirak edib. Nəzərinizə çatdırmaq istəyirəm ki, beş il öncə - 2010-cu ildə ölkəmizdə keçirilən parlament seçkilərində seçici fəallığı 49.6 faiz səviyyəsində olmuşdu. Bu, bir daha göstərir ki, Azərbaycanda keçirilən növbəti parlament seçkilərində seçici fəallığı kifayət qədər yüksək olmuşdur”.

YAP-ın sədr müavini diqqətə çatdırıb ki, seçki kampaniyasının gedişi və səsvermə prosesi olduqca normal, şəffaf şəkildə başa çatıb, nəticələrə təsir edəcək hər hansı ciddi qanun pozuntuları qeydə alınmayıbə

“Bu, ölkəmizdə seçki kampaniyası və səsvermənin yüksək səviyyədə təşkil olunmasını göstərməklə yanaşı, eyni zamanda, seçkilərin ədalətli və şəffaf keçirilməsinə dəlalət edir”.

Məlum olduğu kimi, YAP seçki kampaniyasında ən çox namizədlə iştirak edən siyasi partiyadır. Yeni Azərbaycan Partiyası 117 namizəd irəli sürüb, səsvermədə 115 namizəd iştirak edib, iki namizəd öz namizədliyini geri götürüb.

“Reallıq ondan xəbər verir ki, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin seçkilərdə böyük şansları var. İnanırıq ki, bizim irəli sürdüyümüz namizədlərin böyük bir hissəsi uğur qazanacaq və parlamentdə təmsil olunacaq”, Ə. Əhmədov əlavə edib.

O vurğulayıb ki, Azərbaycanda seçkilərin gedişini izləmək üçün monitorinqlər keçirilib.

“Eyni zamanda, “exit poll” sorğuları aparılıb, həmin təşkilatlar nəticələri elan edib. Hesab edirəm ki, son nəticələr ilkin elan edilən rəqəmlərdən ciddi fərqlənməyəcək. YAP yenə də Milli Məclisdə ən çox deputatla təmsil olunacaq. Hər məntəqədə yerli və beynəlxalq müşahidəçilərlə yanaşı, partiyamızın müşahidəçiləri də səsverməni izləyiblər. Bizdə olan məlumata görə, səsvermə prosesi yüksək fəallıq şəraitində baş tutub”.

Əhmədov bildirib ki, bütövlükdə seçki normal şəraitdə keçib.

“Azərbaycanda seçkilərin normal keçməsi Azərbaycanın seçki sahəsində əldə etdiyi uğurlardan xəbər verir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqın hakimiyyətə və dövlətə böyük etimad göstərməsini şərtləndirir. Bu etimad özünü seçkilərdə də göstərdi. Mən sizin hər birinizi Azərbaycanda keçirilən növbəti uğurlu seçkilərlə bağlı təbrik edirəm”, o qeyd edib.

XS
SM
MD
LG