Accessibility links

Əli Əhmədov: Referendumla yaradılan siyasi və hüquqi baza islahatları daha da uğurlu edəcək


Əli Əhmədov

Əli Əhmədov

"Referendum uğurla başa çatdı, vətəndaşların böyük əksəriyyəti səsvermədə iştirak edib. Bu referendum prezident İlham Əliyevə ümumxalq rəyinin testi kimi başa düşülməlidir. Azərbaycan xalıq növbəti dəfə prezident İlham Əliyevə etmad göstərib”. Bu barədə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Əli Əhmədov ümumxalq səsverməsi (referendum) ilə bağlı hakim partiyanın qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

O, “Exit-Pol"un məlumatlarına əsaslanaraq səsvermədə iştirak edənlərin prezident İlham Əliyevin konstitusiyaya təklif etdiyi dəyişiklikləri səs çoxluğu ilə dəstəklədiyini deyib.

Ə.Əhmədov hesab edir ki, referendum nəticəsində yaradılan siyasi və hüquqi baza islahatların daha da uğurlu həyata keçirilməsinə xidmət edəcək.

"Bu gün Azərbaycan vətəndaşları prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dərindən dəstəklədiklərini bir daha ifadə etdilər. Digər tərəfdən, referendum konstitusiyamızın müasir tələblər baxımından təkmilləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Konstitusiya dəyişikliklərinin əksəriyyəti insan hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, idarəçilik mexanizmlərinin daha çevik formaya salınması ilə əlaqədardır. Digər tərəfdən, referenduma çıxarılan məsələlər prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən iqtisadi və siyasi islahatların siyasi və hüquqi bazasının etibarlı mexanizminin yaradılması məqsədi daşıyır. Bu mənada referendumda həll olunan məsələlər prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən siyasi və iqtisadi islahatların davamı kimi nəzərdən keçirilə bilər. Referendumdan sonra yaradılan siyasi və hüquqi baza ölkəmizdə iqtisadi və siyasi islahatların daha cəsarətlə, etibarlı şəkildə və qarşıya qoyulan məqsədlərə nail olunmasına hədəflənmiş formada həyata keçirilməsini təmin edəcək”, YAP sədrinin müavini vurğulayıb.

O Amerikanın Səsinin sualının cavabında bildirib ki, islahatlar ilk növbədə iqtisadi sahəni əhatə edir.

“Geniş bir hərəkat başlanıb. Prezidentin bir sıra sərəncamları ilə iqtisadi islahatların hansı istiqamətdə gedəcəyi artıq model olaraq dərk olunur. Eyni zamanda, bu istiqamətdə işlər davam etdirilir. Söhbət burada islahatların iqtisadi və hüquqi əsaslarından deyil, siyasi əsasların möhkəmləndirilməsindən gedir. Bu referendum nəticəsində Azərbaycanda daha da təkmilləşən hakimiyyət strukturları islahatların daha uğurlu aparılması üçün daha böyük səlahiyyətlərə yiyələnmiş olacaq. Təbii ki, iqtisadi islahatlar iqtisadi sferanın bütün sahələrini əhatə edir. Eyni zamanda, Azərbaycanda sahibkarlığın fəaliyyəti üçün geniş imkanların yaradılmasına təmin edir”.

Əhmədov seçkilərin demokratik şəraitdə keçirildiyini, çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin səsverməni müşahidə etdiyini bildirib.

XS
SM
MD
LG