Accessibility links

Oktyabrın 11-də Bakının Qaradağ rayon məhkəməsi rayon prokurorluğunun təqdimatı əsasında keçmiş səhiyyə naziri Əli İnsanovun üç ay müddətinə həbs edilməsi haqqında qərar qəbul edib. Bu barədə Amerikanın Səsinə İnsanovun vəkili Toğrul Babayev bildirib.

Bu qərar İnsanova qarşı irəli sürülmüş yeni narkotik saxlamaq və yaymaq və hakimiyyət nümayəndəsinə müqavimət göstərmək ittihamları ilə bağlıdır.

İnsanov bu ittihamları onun həbsdən buraxılmaması məqsədilə saxtalaşdırma adlandırıb. “Bu, açıq-aşkar 11 illik həbs müddətinin başa çatmasına 9 gün qalmış mənim azadlığa çıxmağıma mane olmaq üçün atılmış böhtandır”, deyə vəkil İnsanovdan sitat gətirib.

Kürdəxanı İstintaq Təcridxanasında saxlanılan İnsanov bugünki prosesdə iştirak etməkdən imtina edib. Vəkil həbsdən apellyasiya şikayəti vermək niyyətindədir.

Xatırladaq ki, 13 saylı cəzaçəkmə müəssisəsində həbs cəzası çəkən Əli İnsanova qarşı avqustun 24-də ittihamlar rəli sürülüb. İndi onu daha 5-7 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan hakimiyyət nədənsə bunu unudub və İnsanovu iqtisadi cinayətlərə görə 11 il müddətinə həbs edib.

Avropa İnsan Hüquqları Məhkəməsi İnsanovun hüquqlarının pozulduğunu etiraf etsə də, Azərbaycan hakimiyyəti hökmü dəyişdirməyib.

Məhkəmə prosesləri zamanı İnsanov Azərbaycan hakimiyyətini və şəxsən İlham Əliyevi kəskin şəkildə tənqid edib.

Hüquq müdafiə təşkilatları İnsanovu siyasi məhbus kimi tanıyıb.

XS
SM
MD
LG