Accessibility links

Əli İnsanov Ali Məhkəmənin sədrini və Avropa Məhkəməsindəki nümayəndəni məhkəməyə verib


Əli İnsanov

Əli İnsanov

Sabiq nazir onları Avropa Məhkəməsinin qərarını icra etməməkdə günahlandırır

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov avqustun 29-da Ali Məhkəmənin sədri Ramiz Rzayevi və Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovu məhkəməyə verib.

Vəkil Toğrul Babayev Amerikanın Səsinə bildirib ki, sabiq nazir Ali Məhkəmənin sədrini və Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsini Avropa Məhkəməsinin Əli İnsanovla bağlı qərarını icra etməməkdə günahlandırır. Bu gün İnsanovun iddiası Bakı 1 saylı İnzibati İqtisad Məhkəməsinə təqdim olunub.

İddia ərizəsində göstərilir ki, Avropa İnsan Haqları Məhkəməsi bu il martın 14-də Əli İnsanovun işi ilə bağlı qərarını elan edib və qərar iyunun 14-də qüvvəyə minib.

Azərbaycan qanunvericiliyinə görə Avropa Məhkəməsinin qərarı daxil olduqdan 3 aydan gec olmayaraq, yəni sentyabrın 14-dək Ali Məhkəmənin plenumu çağırılmalı və Əli İnsanov azadlığa buraxılmalıdır.

Vəkil bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarı Əli İnsanova və Azərbaycan hökumətinə 2013-cü ilin aprelində çatdırılıb. Lakin Avropa İnsan Haqları Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Avropa Məhkəməsinin qərarını Azərbaycanın Prezident Administrasiyasındakı ofisindən Ali Məhkəməyə vaxtında göndərməyib. Buna baxmayaraq məhkəmənin qərarı (Avropa Məhkəməsinin qərarı iyulun 10-da vəkillər tərəfindən Ali Məhkəməyə təqdim edilib) Ali Məhkəməyə daxil olsa da məhkəmənin sədri Ramiz Rzayev işi plenuma çıxartmayır və Əli İnsanovun bu barədə çoxsaylı müraciətlərinə cavab verməyir.

“Bununla da Ramiz Rzayev və Çingiz Əsgərov qəsdən Əli İnsanovun əsassız və qanunsuz olaraq həbsdə qalmasına yönəlmiş siyasi sifarişi icra edir”, deyə vəkil qeyd edib.

Babayev deyib ki, məhz buna görə Əli İnsanov Ali Məhkəmənin sədri Ramiz Rzayev və Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndə Çingiz Əsgərov barəsində məhkəmədə iddia qaldırıb

Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi Əli İnsanovun işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti keçmiş nazirə 10 min avro kompensasiya da ödəməlidir.

Sabiq nazir İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham iqtisadi cinayətlərlə əvəz olunub və o 11 il azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG