Accessibility links

Martın 10-da keçmiş səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri Malena Mardla görüşüb. Görüşdə vəkil Əli İnsanovun onunla bağlı Avropa İnsan Haqlari Məhkəməsinin qərarının Azərbaycan hökuməti tərəfindən yerinə yetirilməməsi barədə məktubunu təqdim edib.

Vəkil Toğrul Babayev Amerikanın Səsinə bildirib ki, Malena Mard məktubun Avropa İttifaqının rəhbərliyinə çatdırlcağını bildirib.

“Nümayəndə Əli İnsanov barəsində Avropa Məhkəməsinin qərarının yerinə yetirilməməsi məsələsinin xüsusi nəzarətə götürüləcəyini dedi. Yaxın günlərdə Belçikanın yüksək vəzifəli rəhbərliyi Azərbaycana səfər edəcək və bu məsələni Azərbaycan hökuməti qarşısında qaldıracaq”, vəkil qeyd edib.

Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham iqtisadi cinayətlə əvəz olunub. Sabiq nazir 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq, bir sıra iqtisadi cinayətlər törətmək ittihamı ilə 11 il azadlıqdan məhrum edilib.

O, hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. 2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi işə baxılmasını yekunlaşdırıb, Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarı qüvvədə saxlanılıb.

Hökm Əli İnsanovun iştirakı olmadan elan edilib. Keçmiş nazir təkrar məhkəmənin əvvəlki kimi qanun pozuntusu ilə keçdiyinə görə prosesdə iştirakdan imtina etdiyi barədə bəyanat verib.

Bundan sonra Əli İnsanov Avropa Şurası Nazirlər Komitəsinə və müxtəlif instansiyalara çoxsaylı şikayətlər edib. Avropa Şurasının Nazirlər Komitəsi şikayətə baxıb və Azərbaycan hökumətindən izahat tələb edib. Bunlara baxmayaraq sabiq nazir hələ də həbsdədir.

XS
SM
MD
LG