Accessibility links

Əli İnsanov: Hakimiyyətin fiziki məhvimlə bağlı mənfur planları məni qorxutmur


Əli İnsanov

Əli İnsanov

Hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov onun fiziki məhvi ilə bağlı hakimiyyətin planları barədə bu günlərdə bəzi KİV-lərdə dərc olunmuş məqalələrə münasibət bildirib.

Yerli mediada sabiq səhiyyə nazirinin həbs müddətinin bitməsinə az müddət qaldığığı qeyd edilib. Həbsdən sonra siyasi proseslərə geniş təsir imkanlarının olduğundan onu həbsxanada məhvi ilə bağlı gizli plan hazırlandığı barədə məlumatlar yayılıb.

“Azərbaycan Saatı” televiziya proqramı mənbələrinə istinadən bildirir ki, Əli İnsanovun aradan götürülməsi Avropa Oyunlarından sonraya planlaşdırılır. Televiziya istinad etydiyi mənbənin bu plan haqqında kifayət qədər informasiyalı olduğunu bildirir.

“Məsələn, biz dəqiqləşdirmək istərdik ki, sabiq səhiyyə naziri bu yaxınlarda, elə lap Avropa Oyunlarından dərhal sonrakı tarixlərdən birində Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasına getmək barədə düşünürmü? Belə bir müraciət edibmi? Ola bilər ki, onun üzərində hər hansı cərrahiyyə əməliyyatına ehtiyac olsun. Deyək ki, lap adi burun əməliyyatı. Əgər onun belə bir niyyəti varsa, oraya getməməsi məsləhətdir. Çünki bu planın gerçəkləşdirilməsi variantlarından biri elə, həmin ünvanı nəzərdə tutur.

Bəri başdan deyək ki, Əli İnsanovu indi ömürlük cəza verilmiş şəxslərin birinin əli ilə aradan götürmək planlaşdırılır. Bu variant normalda, Əli İnsanovla hər hansı ömürlük dustağın təmaslarını istisna edir. Amma Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsi ömürlük dustaqlarla adi dustaqların görüşməsi üçün yeganə ünvandır”, deyə televiziya qeyd edir.

Əli İnsanovun vəkili Toğrul Babayev iyunun 16-da 13 saylı cəzaçəkmə müəssisəsində Əli insanovla görüşüb. Keçmiş nazir vəkili vasitəsi ilə Amerikanın Səsinin sualının cavabında bunları deyib.

“2014-cü ilin yanvar-fevral aylarında Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə keçirilən Bakı Apellyasiya Məhkəməsində də hakimiyyətin mənim fiziki məhvimlə bağlı planı barədə məlumat vermişəm. Yenə, bir daha bəyan edirəm ki, bu mənfur planlar məni qorxutmur və mənim mübarizə əzmimi sındıra bilməz”, o qeyd edib.

Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham iqtisadi cinayətlə əvəz olunub. Sabiq nazir 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq, bir sıra iqtisadi cinayətlər törətmək ittihamı ilə 11 il azadlıqdan məhrum edilib.

O, hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. 2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarını qüvvədə saxlayıb.

Əli İnsanovun fiziki məhvi planı ilə bağlı yazılanlar barədə Penitensiar Xidmətdən məlumat almaq mümkün olmayıb.

XS
SM
MD
LG