Accessibility links

Əli Kərimli: Ehtimalım var ki, demokratik qüvvələrin böyük birliyinin prezidentliyə namizədi mən ola bilərəm (audio)


AXCP sədri Əli Kəriml
AXCP sədri Əli Kəriml

AXCP sədri Bakı şəhər prokurorluğunda Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı qaldırılan cinayət işini absurd adlandırıb. “Mən müdafiəmi yalnız xalqımdan gözləyirəm”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Amerikanın Səsi radiosuna müsahibəsində Bakı şəhər Prokurorluğunda mərhum eks-prezident Əbülfəz Elçibəyin 199-cu ildə zəhərlənməsi ilə bağlı qaldırılan cinayət işinə münasibət bildirib. Belə ki, “Müasir Müsavat” Partiyasının sədri Hafiz Hacıyev baş prokurora müraciətində Əli Kərimlinin Əbülfəz Elçibəyi zəhərlədiyini və ona qarşı cinayət işi qaldırılmasını tələb edir.
Əli Kərimli həmçinin 2013-cü il prezident seçkilərində demokratik qüvvələrin onun namizədliyini irəli sürəcəyinə ümid edir.


Əli Kərimli ilə müsahibə
please wait

No media source currently available

0:00 0:06:47 0:00
Direct link

Sual: Bu gün Bakı şəhər Prokurorluğunda Əbülfəz Elçibəyin 1999-cü ildə zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb. “Müasir Müsavat” Partiyasının sədri Hafiz Hacıyev prokurorluğa müraciətində Əbülfəz Elçibəyi zəhərləməkdə sizi ittiham edir. Münasibətiniz?

Cavab: Bu çox qeyri ciddi və absurd bir işdir. Ümumiyyətlə bu adam öz qeyri-ciddi açıqlamaları ilə hər zaman gündəmi məşğul edir və Azərbaycan ictimaiyyəti haqlı olaraq onun açıqlamalarına fikir vermir. Amma, görünür Azərbaycan iqtidarı nə qədər çətin vəziyyətdədir ki, Hafiz Hacıyevin ümidinə qalıb. Onun bu qeyri-ciddi açıqlamalarına ciddilik donu geyindirmək üçün prokurorluq orqanlarını da bu işə qoşublar. Əbülfəz Elçibəy olduqca tanınmış ictimai-siyasi xadim olub. Azərbaycan Respublikasının müstəqilliyinin ikinci dəfə bərpası onun adı ilə bağlıdır. O xəstələnəndən sonra bir neçə xarici klinikalarda müalicə olunub. Sonra da bir neçə ay Türkiyə Silahlı Qüvvələrinin nəzdindəki Gülhanə Tibbi Akademiyasında müalicə və müayinə kursları keçib. Dünyasını da orada dəyişib. Əbülfəz Elçibəyin necə xəstələndiyi, necə dünyasını dəyişdiyi hər kəsə məlumdur. Gülhanə Tibbi Akademiyasının açıqlamasına görə, Əbülfəz Elçibəy prostat xərçəngi nəticəsində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bu qeyri-ciddi, absurd ittihamları ortaya atmaqda hökumətin bir neçə məqsədi var. Bir məqsədi ondan ibarətdir ki, öz agenturasına buradan tezis verirlər ki, Əli Kərimli ilə Əbülfəz Elçibəyin münasibətlərinin guya pis olması barədə təbliğat aparsınlar. Bunların köhnə, belə təbliğat tezisi olub, indi istəyirlər ki, bunu yenidən aktivləşdirsinlər. Əsas məqsəd isə mənim və bütövlükdə Azərbaycan müxalifətinin 2013-cü il seçki hazırlıqlarına mane olmaqdır. Hakimiyyət çox narahatdır, cəmiyyətdə çox böyük gərginlik var, etiraz var. Bu narazılıq və etirazın seçki kampaniyası dövründə daha da güclənəcəyi gözlənilir. Hökumət dünyada baş verənləri də müşahidə edir və öz aləmində indi qabaqlayıcı addım atır. Mənim, bütövlükdə İctimai Palatanın və müxalifətin başını qatmaq və bizim seçkidə səmərəli iştirakımıza əngəl törətmək məqsədi güdür. Amma, onu nəzərə almır ki, belə böyük haqsızlıq bu günədək siyasətə biganə olan sadəcə vicdanlı vətəndaşları da hərəkətə gətirəcək. Digər tərəfdən isə, belə bir absurd ittihamlarla müxalifət liderinə qarşı kampaniyanın aparılması birbaşa cəmiyyətə belə mesaj olacaq ki, artıq ayrı-ayrı adamlardan ümid gözləmək yox, bütövlükdə Azərbaycan xalqı öz taleyinə sahib olmaq üçün mübarizəyə qalxmalıdır. Əli Kərimlini və ya başqa bir müxalifət liderini ittiham etmək olar, təcrid də etmək olar, amma bütövlükdə bu narazı xalqı necə ittiham və təcrid edəcəklər, o barədə düşünsünlər. Ona görə də, hesab edirəm ki, belə absurd ittihamların irəli sürülməsi bir tərəfdən ölkənin daxilində gərginliyi artıracaq. Digər tərəfdən isə rejimin bütün dünya boyu rüsvay olmasına gətirib çıxaracaq. Onsuz da Azərbaycan hökuməti korrupsiyasına, sülalə xarakterinə görə dünyanın gözündən düşüb. İndi isə hüquqa olan münasibətinə, müxalifətə olan münasibətinə, dözümsüzlüyünə görə dünyanın hədəfinə gələcək.
Hesab edirəm ki, növbəti dəfə səhvə yol verirlər. Məni belə qeyri-ciddi, absurd ittihamlarla mövqeyimi dəyişməyə məcbur etmək olmaz. İndiyədək rejimin dəyişməsi üçün qanuni, konstitusion dinc mübarizə aparmışam, bundan sonra da mübarizəmi davam etdirəcəm.

Sual: Belə bir durumda prezidentliyə namizədliyinizi irəli sürəcəkdinizmi? Çünki, bu prezident seçkiləri öncəsi irəli sürülən ittihamdır?

Cavab: Mənim mövqeyim ondan ibarətdir ki, seçkilər ərəfəsində, seçkilərə bir ildən də artıq qaldığı vaxtda namizədlərin kimliyinin üzərində dayanmayaq. Mövqeyim budur ki, demokratik qüvvələrin böyük birliyi yaranmalıdır. Dəyişikliklər uğrunda birliyi yaranmalıdır və bu birlik əgər uyğun olarsa öz içərisindən vahid namizəd də çıxara bilər. Beləliklə vahid namizədin kimliyi barədə danışmaq istəmirəm, amma hər halda görünür, hökumət də ehtimal edir ki, həmin o böyük birliyin içindən həm də namizəd olaraq mənim çıxmaq ehtimalım var. Mənim belə bir ehtimalım var ki, bu böyük birliyin namizədi mən ola bilərəm. Ona görə də, həmin prosesin qarşısını almaq üçün atılmış addımdır.

Sual: Əgər, konkret olaraq sizə qarşı ittiham irəli sürülərsə müdafiə üçün hansı işləri görəcəksiniz? Yəni hüquqi, siyasi və beynəlxalq müstəvidə hansı işləri görəcəksiniz?

Cavab: Bu absurda hökumət gedəcəksə, əgər elə vəziyyətdədirlərsə, siyasi ömürlərini bu absurdla bir neçə ay və ya bir müddət uzatmaq haqqında düşünürlərsə və buna məcbur olublarsa, o zaman, mənim özümü müdafiə edəcəyimdən söhbət gedə bilməz. Bu halda, bütün toplum və bütün dünya hüququ ayaqlar altına atan, özgə fikirliliyə, müxalifətçiliyə dözməyən hökumətə qarşı təpkisini ortaya qoymuş olacaq. Mən müdafiəmi yalnız xalqımdan gözləyirəm.

Sual: Ötən seçkilərdə də belə kampaniyalar var idi. AXCP-nin, evinizin qarşısına müxtəlif qruplar gəlib müxtəlif şüarlar söyləyirdilər. Belə hadisələr olarsa hansı addımlar atmaq fikrindəsiniz, yalnız ictimaiyyətinmi dəstəyinə arxayınsınız?

Cavab: Bəli, yalnız ictimaiyyətin gücünə. Bilirsiniz, mən bir vətəndaş olaraq haqqı, ədaləti müdafiə yolunu seçmişəm. Mənim də başqa seçimləri etmək imkanlarım olub. Mən də başqaları kimi komfortlu həyatı seçə bilərdim, karyera haqqında fikirləşə bilərdim, mən də məndən ötsün qardaşıma dəysin prinsipi ilə öz şəxsi həyatımı qurmaq uğrunda düşünə bilərdim. Özümün, ailə üzvlərimin mənafeyimdən çıxış edərdim. Bu yolu seçməmişəm və qətiyyən də peşman deyiləm. Bu qədər haqsızlığa, bu qədər ədalətsizliyə dur deyənlər olmalıdır. Azərbaycan cəmiyyəti o qədər tərksilah olmayıb ki, bu azğın, harınların qarşısına çıxan oğullar yetişdirməsin. Ona görə də seçimimdən qətiyyən peşman deyiləm. Hər şeyi millətimin mənafeyi üçün, haqqın, ədalətin təntənəsi üçün edirəm. Tək ümidim də bu millətədir.

Sual: İctimai Palatanın axıradək sizi müdafiə edəcəyinə inanırsınızmı? Yəni İctimai Palatanın bütün qurumları.

Cavab: Əlbəttə, o barədə bir narahatçılığım yoxdur. Əgər, bu absurd ittihamlar davam edərsə, nəinki İctimai Palatanın, bütün demokratik qüvvələrin, ölkənin mütləq əksəriyyətinin, hətta özünü demokratik qüvvələr aid etməyən, siyasətə qoşulmayan vicdanlı insanlarının da bu işdə mənə dəstək olacağına əminəm.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG