Accessibility links

Əli Kərimli: İlham Əliyev tənqidə dözümlü deyil - bəyanatları açıq yalandır [Video-müsahibə]


AXCP sədri Əli Kərimlinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Amerikanın Səsinə müsahibəsində prezident İlham Əliyevin iyunun 24-də Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışına münasibət bildirib.

Amerikanın Səsi: Azərbaycan prezidenti AŞPA-da çıxış etdi. Çıxışı necə qiymətləndirirsiniz?

İlham Əliyev yalnız monoloqlar edib, heç vaxt dialoq aparmayıb, heç zaman ölkə jurnalistlərinin suallarına cavab verməyib.

Əli Kərimli: Çıxışa böyük təəssüf hissi ilə baxdım. Çünki Azərbaycanın dövlət başçısı bütün Avropa auditoriyasına nümayiş etdirdi ki, o heç bir tənqidə dözümlü deyil. Azərbaycanda korrupsiyanın çox inkişaf etdiyi, ölkədə 130-a qədər siyasi məhbusun olduğu, seçkilərin saxtalaşdırıldığı bütün dünyanın bildiyi məlumatdır. Amma bu barədə ona suallar veriləndə reaksiyası olduqca sərt oldu. Çünki Azərbaycanın dövlət başçısı İlham Əliyev hakimiyyətdə olduğu on ildən artıq müddətdə heç vaxt hər hansı siyasi polemikanın iştirakçısı olmayıb. O yalnız monoloqlar edib, heç vaxt dialoq aparmayıb, heç zaman ölkə jurnalistlərinin suallarına cavab verməyib, müxalifətlə hər hansı bir dəyirmi masa arxasında müzakirələr aparmayıb.

Ona görə də tənqid eşitməmiş bir adam birdən-birə AŞPA-da acı həqiqətləri eşidəndə özündən çıxdı, aqressiv davrandı və bütün Avropa auditoriyasına nümayiş etdirdi ki, onun tənqidə münasibəti necədir. Məncə orada siyasi mövqeyindən asılı olmayaraq kifayət qədər təcrübəli və yetkin siyasətçilər oturmuşdu. Onlar təsəvvür etdilər ki, əgər bu şəxs AŞPA-dakı deputatların tənqidlərinə bu cür reaksiya verirsə, öz ölkəsində onu tənqid edən adamlarla necə davranır.

Amerikanın Səsi: Amma prezident Əliyev bəyan etdi ki, Azərbaycanda söz və toplaşmaq azadlığı tam təmin edilib, azad cəmiyyət yaradılıb, yüzdən çox siyasi institut fəaliyyət göstərir, müxalifətin fəaliyyəti üçün hər hansı problem yoxdur, siyasi məhbus yoxdur və s. Münasibətiniz?

Əli Kərimli: Bu bəyanatların hamısı açıq yalan üzərində qurulub. Mən AXCP və Milli Şuranı təmsil edirəm. Biz hökumətə müxalifət

Əliyevlərin hakimiyyəti dövründə 7 dəfə ofisdən məhrum edilmişik. Axırıncı ofisimiz partladılıb.

​mövqeyindəyik. Ona görə də kiməsə bizim mövqeyimiz siyasi motivli görünə bilər. Amma Azərbaycandakı situasiyanın monitorinqi ilə məşğul olan çoxsaylı beynəlxalq təşkilatlar var.

“Beynəlxalq Şəffaflıq” təşkilatının hesabatına baxaq və Azərbaycandakı korrupsiyanı qiymətləndirək. Freedom House, Human Rights Watch, Amnesty İnternational kimi təşkilatların hesabatlarına baxaq ki, azadlıqların vəziyyətini bilək. ATƏT-in hesabatı ilə tanış olaq və Azərbaycanda seçkilərin necə saxtalaşdırıldığını görək. Görək ki, 41 ölkəni təmsil edən 340-dan artıq müşahidəçilər Azərbaycandakı seçkilərin tam saxtalaşdırıldığını, hətta müşahidəçilərin olduğu məntəqələrin 58 faizində səslərin pis və ya çox pis sayıldığını bəyan ediblər. Və bütün başqa beynəlxalq təşkilatlar Azərbaycanda siyasi hüquq və azadlıqların məhdudlaşdırıldığını deyib.

Azərbaycanda uzun illərdir ki, həbsxanalarda hər zaman jurnalistlər olub. Bu gün də həbsxanalarda jurnalistlər və bloqçular var, söz azadlığı məhdudlaşdırılıb.

Barmaqla sayılacaq qədər müstəqil söz deyəcək KİV qalıb və bunların da imkanları məhdudlaşdırılıb. Əgər Azərbaycanda söz azadlığı varsa onda niyə Azadlıq, BBC, Amerikanın Səsi radiolarının FM dalğalarında yayımına imkan verilmir? Əgər bu söz azadlığı varsa, məgər Azərbaycandakı bu vəziyyəti, həbs olunan jurnalistləri, Azadlıq qəzetinin başına gətirilənləri dünya görmür?

Azadlıq qəzeti bu gün Azərbaycanın daxilində İlham Əliyevi və yaxın ətrafını, hakimiyyətin piramidasının zirvəsini tənqid edə bilən yeganə qəzetdir. Başqa heç bir qəzet bunu edə bilmir. Azadlıq qəzetinə qarşı olmazın sanksiyalar tətbiq olunur. Bu qəzeti bağlamaq üçün hökumət əlindən gələnlərin hamısını edir.

Ona görə də bu məlumatların hamısı yalan idi. Ölkədə siyasi müxalifət üçün heç bir şərait yaradılmır. Mən müxalifət partiyasını təmsil edirəm və bu günədək Əliyevlərin hakimiyyəti dövründə 7 dəfə ofisdən məhrum edilmişik. Axırıncı ofisimiz partladılıb, bir gün sonra sökdürülüb. Bizə başqa bir yer təklif olunmur. Nəinki dövlət tərəfindən yer təklif olunmur, hətta vətəndaşlar qorxudulur ki, bizə yer verməsin.

Onu da bütün ictimaiyyət bilir ki, hökumət 8 ildən artıqdır məni pasportdan məhrum edib. Əgər ölkədə siyasi azadlıqlar varsa, mən bu hökumətin, İlham Əliyevin opponentiyəm. Niyə mənim pasportum olmamalıdır? Niyə mənim sədri olduğum partiyanın ofisi olmamalıdır? Niyə biz Azərbaycanın bölgələrində mitinqlər, görüşlər, hətta partiya üzvləri ilə belə görüşlər keçirə bilməməliyik. Bizim rayonlarda öz evlərimizdə keçirdiyimiz görüş və konfranslara belə polis müdaxilə edib. Rayonlarda ofisdən məhrum edilmişik. Bizim cəbhəçilərin evində, həyətində keçirdiyimiz görüşlərə belə polis basqın edir. Ona görə də bu şəraitdə oturub Azərbaycanda siyasi hüquq və azadlıqların təmin olunmasından danışmaq açıq-aşkar dünya ictimaiyyətinin qarşısında yalanla çıxış etmək deməkdir.

Amerikanın Səsi: Vəziyyətdən çıxışı nədə görürsünüz?

Əli Kərimli: Hesab edirəm ki, beynəlxalq təşkilatlar tənqidləri davam etdirməlidir, Azərbaycan hökumətinin şantajına boyun əyməməlidirlər.

Beynəlxalq öhdəliklərin yerinə yetirilməsi Azərbaycan hökumətindən ardıcıl tələb olunsa hökumət görəcək ki, manevr imkanları bitib. O zaman könülsüz də olsa islahatlara başlamaq məcburiyyətində qalacaq.

Azərbaycan hökuməti açıq-aşkar beynəlxalq aləmi, qərbi şantaj edir. İki şantajı var. Biri odur ki, deyir mən sizin enerji təhlükəsizliyinizin təmin olunmasında iştirak edirəm. Neft-qaz satıram, sizinlə iş birliyindəyəm. Ona görə də insan haqlarının pozulması, demokratiyanın məhdudlaşdırılması məsələlərinə göz yumun. Əks təqdirdə enerji əməkdaşlığında problem yarada bilərəm. Bu şantaja boyun əymək lazım deyil.

Istənilən ekspert bilir ki, neft-qaz sahəsində qərblə əməkdaşlıq Azərbaycana daha çox lazımdır.

İkinci şantaj predmeti də odur ki, bir qədər sıxışdırılan kimi Rusiya bu bölgədə avtoritar manevr meydançası yaradıb. Rusiya avtoritarizmin regional mərkəzi rolunu yerinə yetirir. İlham Əliyev kimi avtoritar üsulla dövləti idarə edən liderlər hər zaman buna bir manevr imkanı kimi baxır. Qərbi şantaj edirlər ki, Rusiyanın bizə təzyiqi çoxdur, ona daha yaxın ola bilərik. Bu məsafədə qalmışıqsa buna şükür edin. Əgər bir qədər də təzyiqi artırıb demokratiya istəsəniz biz də Rusiyanın ətrafındakı peyklərdən biri olarıq. Məsələn Belorus, Qazaxıstan kimi bir sistem yarada bilərik. Gərək qərb bu şantajdan da çəkinməsin. Çünki Azərbaycanın iqtisadiyyatı tamamən qərbə bağlanıb.

Bu günlərdə Milli Şura olaraq bir bəyannamə qəbul etdik. Bəyannamənin təqdimatında bildirdim ki, Azərbaycanın xarici ticarətində Rusiyanın öncüllük etdiyi Avrasiya İttifaqının olduqca cüzi iştirakı var. Azərbaycanın ixracının yalnız 4 faizi, idxalın isə 18 faizi bu ölkələrə aiddir. Yəni Azərbaycan iqtisadi baxımdan qərbə bağlanıb. Azərbaycanda çoxlu iri həcmli qərb investisiyaları var, iqtisadiyyat qərbin investisiyaları olmadan təsəvvür edilə bilməz.

Nəhayət Qarabağ məsələsi var ki, qərbin iştirakı olmadan və Azərbaycan qərbə inteqrasiya edilmədən Rusiyanın patronluğu ilə obyektiv həllini tapa bilməz. Ona görə də hesab edirəm ki, Azərbaycanla işləyən beynəlxalq təşkilatlar Azərbaycan hökumətinin bu sərt ritorikasından qorxmamalıdır, geri çəkilməməlidirlər, həqiqətə hörmət etməlidirlər. Mən demirəm ki, kimsə ölkədə bizim əvəzimizə demokratiyanı bərpa etməklə məşğul olmalıdır. Nə qədər məhrumiyyətlər, həbslər bahasına olsa da biz bu yolu gedirik və gedəcəyik.

Amma beynəlxalq təşkilatların təmsilçiləri də ağa-ağ, qaraya-qara desinlər. Boş və mənasız yerə öz reputasiyalarını xərcləyib Azərbaycandakı korrupsioner rejimə maska geyindirməsinlər, onların demokratik maskasının formalaşmasında iştirak etməsinlər. Azərbaycan hökumətindən beynəlxalq öhdəliklərini yerinə yetirməsini açıq səslə tələb etsinlər. ATƏT-in üzvüyük, üzərimizdə öhdəliklərimiz var. O öhdəliklərin yerinə yetirilməsi istənilsin. Avropa Şurasının üzvüyük, üzərimizdə öhdəliklər var.

Azərbaycan Avropanın 59 konvensiyasını imzalayıb. Konvensiyadan irəli gələn öhdəliklər icra olunsun. Eləcə də başqa beynəlxalq öhdəliklərin yerinə yetirilməsi Azərbaycan hökumətindən ardıcıl tələb olunsa hökumət görəcək ki, manevr imkanları bitib. O zaman könülsüz də olsa islahatlara başlamaq məcburiyyətində qalacaq.

Müəllifdən: Prezident Əliyev ölkədə siyasi məhbus olmadığını, söz və mətbuat azadlığının təmin edildiyini, açıq cəmiyyət qurulduğunu, siyasi partiyaların fəaliyyəti üçün şəraitin olduğunu və jurnalistlərin diffamasiyaya görə həbs edilmədiyini bildirib.

XS
SM
MD
LG