Accessibility links

Əli Kərimli: ABŞ Konqresinin Helsinki Komissiyasının layihəsi Azərbaycan hökumətinə açıq mesajdır


Əli Kərimli

Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ABŞ Helsinki Komissiyasının Konqressə təqdim etdiyi “2015 Azərbaycanda Demokratiya Aktı” layihəsinə münasibət bildirib. Kərimlinin Facebook səhifəsində dərc etdiyi şərhini təqdim edirik:

ABŞ Helsinki Komissiyasının Konqressə təqdim etdiyi “Azərbaycanda Demokratiya Aktı” açığı mənim gözlədiyimdən sərt qanun layihəsidir. Nəinki insan haqlarının pozulmasında, korrupsiyada iştirakı olan hakimiyyət təmsilçilərinə, onların ailə üzvlərinə də viza qadağası və onların hamısının bank hesablarının dondurulması nəzərdə tutulur. Hətta bütövlükdə Azərbaycan hökuməti ilə bütün iqtisadi əlaqələrin, o cümlədən enerji sektorundakı əməkdaşlıq münasibətlərinin dərhal kəsilməsi nəzərdə tutulur.

Aydındır ki, bu sənəd layihədir, qəbul olunmaya da bilər. Yaxud qəbul olunan variant ABŞ adminstrasiyasının müdaxiləsilə indiki variantla müqayisədə xeyli yumşaldıla da bilər. Mən şəxsən insan haqlarının kütləvi pozulmasına görə məsuliyyət daşıyan vəzifəli şəxslərə qarşı ünvanlı sanksiyaların tərəfdarıyam. Bu barədə sonra daha ətraflı yazaram. Hələlik isə yalnız bir neçə məqamı vurğulayıram.

1. Azərbaycan hakimiyyəti insan haqlarını ardıcıl şəkildə pozmaqla, günahsız insanları şərləyib həbsxanalara doldurmaqla, seçkiləri saxtalaşdırmaqla, beynəlxalq təşkilatların tənqidlərini qulaqardına vurmaqla bir neçə ildir ki, addım-addım ölkəni bu vəziyyətə gətirib. Ona görə də heç kimdən küsmək, heç kimi asıb-kəsmək lazım deyil, layihənin ortaya çıxmasının səbəbkarı özünüzsünüz.

2. ABŞ Konqressinin Helsinki Komissiyasının belə bir layihə təqdim etməsi dünya birliyinin Azərbaycan hökumətinə açıq və ciddi mesajıdır. Beynəlxalq birliyin ölkəmizdəki avtoritar rejimin qanunsuz əməllərinə bundan sonra da göz yummaq fikri yoxdur. Azərbaycan hökumətinə mesaj verilir ki, dayanmaq lazımdır, repressiyalar durdurulmalıdır, ölkədə azad seçkilərə hazırlaşmaq lazımdır. Hələ buna vaxt və imkan var. Əks təqdirdə sanksiyalar qaçılmaz olacaq. Onu da proqnozlaşdırmaq çətin deyil ki, hökumət amerikalılara demirəm, öz xalqına güzəştə gedib gərginliyi aradan qaldırmasa və ABŞ Konqresi sonda sanksiyalar haqda qanunu qəbul etməli olsa, bir müddətdən sonra Azərbaycan rəsmilərinə qarşı Avropa Birliyi də anoloji sanksiyalar tətbiq edəcək.


3. Azərbaycan hökuməti növbəti səhvə yol verməməlidir. ABŞ və bütövlükdə Qərblə qarşıdurma ritorikasından imtina etmək lazımdır. “Gözü çıxan qardaşlarınızın” təcrübəsini nəzərə alın. Aydındır ki, Qərblə “soyuq müharibədə” qalib gəlmək şansınız yoxdur. Özünüzü də, bu milləti də incitməyin. Həm də nəyin naminə bu qarşıdurma yolu seçilməlidir? Bizim müstəqilliyimizəmi göz dikən var? Bəlkə ABŞ bizim hansısa ərazilərimizi işğal etmək istəyir? Belə hallar varsa, biz də sizə dəstək verək, kimə qarşı çıxmaq lazımdır, çıxaq. Amma ortada belə hallar, milli mənafe davası yoxdur axı. Sizdən siyasi məhbuslara azadlıq, korrupsiyadan imtina etmək və azad seçki istənilir. Bunlar ilk növbədə xalqımızın tələbi və haqqıdır. Niyə xalqımızın halal haqqını vermirsiniz, üstəlik də ölkənin başını macəralarla qatırsınız? Yox, əgər düşünürsünüzsə ki, insanlara istədiyiniz kimi divan tutmaq sizin müqəddəs hüququnuzdur və bunun naminə xalqımız sizin ətrafınızda sıx birləşəcək, ciddi şəkildə yanılırsınız. Yolun sonuna yaxınlaşırıq. Demokratik açılımın, islahatların alternativi yoxdur.

4. Əlbəttə, dünyanın ölkəmizdəki sərt repressiyalara göz yummadığını görmək xoşdur. Və təbii ki, beynəlxalq aləmin Azərbaycanın demokratikləşməsinə marağı demokratik dəyişiklik tərəfdarlarını ruhlandırır. Lakin bununla bərabər bu ölkəni demokratiyaya qovuşdurmaq vəzifəsinin məhz bizlərin – ölkənin demokratik qüvvələrinin, əqidəli, mövqeli, məsuliyyətli vətəndaşlarının çiynində olduğunu unutmamalıyıq. Demokratiya, xalq hakimiyyəti bizim xalqın da haqqıdır və başqa xalqlar kimi bizlər də ardıcıl, dinc mübarizəmizlə bir gün tez, bir gün gec öz haqqımıza qovuşacağıq.

XS
SM
MD
LG