Accessibility links

Elm

Ayaq üstdə durmağa kömək edən əlil arabası [Video]


Əlil arabası ilə hərəkət etməyin bir sıra çətinlikləri var. Çala-çuxurlu yollar və kələ-kötür səthlər kimi fiziki maneələrlə yanaşı, dünya ilə oturaq şəkildə təmasda olmaq kimi psixoloji sədlər də mövcuddur. Bu yaxınlarda küçədə ayaq üstdə hərəkət etmək üçün yeni tipli əlil arabası hazırlanıb. UpnRide əlil arabası küçələrdə rahat hərəkətə imkan yaradır.

İsrailli ixtiraçı UpnRide arabasının həm də müştərisidir. Təxminən 20 il əvvəl elektrik mühəndisi Amit Qofferin bədəninin bir hissəsi qəzadan sonra ifliç olub və o, əlil arabası ilə hərəkət etməyə başlayıb. Ayaq üstdə durmağa kömək edən əlil arabalarının küçələrdə və ya düz olmayan səthlərdə hərəkəti mümkün deyildi. Qoffer bu maneələri aşa biləcək yeni əlil arabası ixtira edib.

Amit Qoffer: “Əsas ideya ondan ibarətdir ki, siz ondan küçədə və evin içində istifadə edə bilərsiz. Çünki o, avtomatik olaraq balans və sabitlik yarada bilir.”

Əlil arabasında iki təkərli Segway-ə bənzər qiroskopdan istifadə edilir. Bununla yanaşı, onun özünü sabitləşdirmək üçün kompyuter softveyri var. Softveyr avtomatik olaraq çala-çuxurlu yerlərdə arabanın manevr edə bilməsinə kömək edir.

Düyməyə toxunmaqla əlil arabasının çərçivəsi oturaq vəziyyətdən ayaqüstü vəziyyətə gətirilir. Bunun sayəsində Qoffer insanlarla təmas qura bilir.

Amit Qoffer: “Həmkarlarımla ayaqüstü kofe içə bilirəm. Bu, normal insan üçün adi səslənə bilər. Lakin mənim üçün bunun tamamilə başqa mənası var, mən indi ayaq üstdə dura bilirəm.”

Hesablamalara görə dünyada insanların bir faizi əlil arabasına bağlıdır. UpnRide əlil arabasından asılı insanlarda ürək-damar və tənəffüs orqanları xəstəliklərinin qarşısının alınmasında kömək edə bilər.

Doktor Qabi Zeiliq: “Ayaq üstdə durmaq bu vəziyyətdə olan insanlar üçün müalicəyə bənzəyir. Bizim xəstələrə məsləhətimiz budur ki, ayaq üstdə durmağa cəhd göstərsinlər.”

UpnRide əlil arabasının təhlükəsizliyinin yoxlanması üçün kliniki tədqiqatlar aparılır. Tədqiqatların nəticələri uğurlu olsa, UpnRide gələn ildən satışa buraxılacaq.

XS
SM
MD
LG