Accessibility links

İlham Əliyev: “Ermənistanın siyasi rəhbərliyi səbrimizlə oynamasın”


İlham Əliyev hərbçilərlə görüşüb
İlham Əliyev hərbçilərlə görüşüb

“Ermənistan rəhbərliyi aprel döyüşləri zamanı özlərini tam şəkildə ifşa etmişdir. Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Halbuki onlar o dəstəyə çox arxalanırdılar, ona bel bağlayırdılar. O dəstəyi almadıqdan sonra həmişə olduğu kimi, müxtəlif ölkələri ittiham etməyə başladılar. Axırda məcbur olub aprel döyüşlərinin məğlubiyyətini etiraf etdilər.”

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Ordusunun aprel döyüşlərinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçi ilə görüşündə bildirib.

Prezident hesab edir ki, aprel döyüşləri Ermənistanın ideoloji əsaslarını dağıdıb.

Bizim işğal edilmiş torpaqlardan işğalçı qüvvələr qeyd-şərtsiz və dərhal çıxmalıdır.

“Bu gün Ermənistan cəmiyyəti sarsıntı, təşviş içindədir. Artıq vəziyyətə daha praqmatik baxımdan yanaşan qüvvələr açıq-aydın bildirirlər ki, əgər Azərbaycan ilə münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur. Mən bunu dəfələrlə demişəm ki, Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yol qonşularla münasibətləri tənzimləməkdir. Bunun üçün də yeganə yol var. Bu yol ondan ibarətdir ki, bizim işğal edilmiş torpaqlardan işğalçı qüvvələr qeyd-şərtsiz və dərhal çıxmalıdır,” o qeyd edib.

Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlara toxunarkən deyib ki, həm danışıqlar prosesində, həm də bölgədə yeni bir vəziyyət yaranıb.

“Düzdür, Ermənistan çalışır ki, danışıqlardan boyun qaçırsın. Ancaq buna müvəffəq olmayacaq. Nə qədər çalışsa da, məcbur olub danışıqlara qayıdacaq. Çünki danışıqlar aparılmasa, onlar yaxşı bilirlər ki, vəziyyət hansı istiqamətdə inkişaf edəcək. Əlbəttə ki, aprel döyüşlərindən sonra danışıqlar masasında bizim mövqeyimiz daha da möhkəmlənib və bunu bütün beynəlxalq aləm əyani şəkildə gördü. Əlbəttə, onlar bilirdilər ki, Azərbaycan dövləti Dağlıq Qarabağ problemini istənilən yolla həll edə bilər. Bu məsələ ilə məşğul olan vasitəçilər dəfələrlə bəyan etmişlər və bu yaxınlarda da bəyanatlar səsləndi ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bunu dəstəkləyirik. Status-kvonun dəyişdirilməsi işğala son qoymaq deməkdir. Çünki status-kvonu Ermənistan dəyişdirməlidir. Onlar işğalçı qüvvələrini işğal edilmiş torpaqlardan çıxarmaqla status-kvo dəyişdiriləcək və sülh üçün əsas yaranacaq,” o qeyd edib.

Hər iki tərəf təmas xəttində ağır texnika və qüvvə cəmləşdirib.
Hər iki tərəf təmas xəttində ağır texnika və qüvvə cəmləşdirib.

Əliyev aprel döyüşlərində ordunun qarşısına qoyduğu məqsədə nail olduğunu diqqətə çatdırıb.

“Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın,” Əliyev qeyd edib.

Öz növbəsində, Ermənistan prezidenti Serj Sarkisyan martın 31-də Yerevanda seçicilər qarşısında çıxışında bildirib ki, müharibə hələ bitməyib.

Dünən başa düşənlər səssiz çığırırdılar- müharibə hələ başa çatmaylıb, ölüm maşını hələ dayandırılmayıb və biz hələ çox iş görməliyik.

“Biz dünən hərbçi missiyasını yerinə yetirərkən həlak olmuş əsgərimizi torpağa tapşırdıq. Dünən başa düşənlər səssiz çığırırdılar- müharibə hələ başa çatmaylıb, ölüm maşını hələ dayandırılmayıb və biz hələ çox iş görməliyik. Biz başladığımız işi sona çatdırmalıyıq. Biz çoxdan qurban deyilik və qurbana çevirilməyə hazırlaşmırıq. Biz allahın məhkəməsini gözləməyəcəyik,” Sarkisyan qeyd edib.

Ermənistan prezidenti sülh danışılarının gələcəyinin Dağlıq Qarabağın son statusunun orada yaşayanların müəyyən etməsindən asılı olduğunu bildirib.

“Biz bu prinsipdən geri çəkilməyəcəyik,” o qeyd edib.

2016-cı il 1-5 aprel tarixlərində Dağlıq Qarabağda Azərbaycan və erməni hərbi qüvvələrinin təmas xəttində baş verən toqquşmalarda hər iki tərəfdən onlarla hərbçi həlak olmuşdu. Artilleriya atəşləri ilə müşayiət olunan intensiv döyüşlər nəticəsində cəbhə xəttinin bəzi hissələrində Azərbaycan tərəfi cüzi irəliləyişə nail ola bilib.

XS
SM
MD
LG