Accessibility links

Elmar Şahtaxtinski: Azərbaycanda demokratik institutların olması bir nağıldır


Elmar Şahtaxtinski: Azərbaycanda demokratik institutların olması bir nağıldır

Elmar Şahtaxtinski: Azərbaycanda demokratik institutların olması bir nağıldır

Regionda qeyri-demokratik, qeyri-sivil hökumətlərin olması isə əksinə, Amerikanın bütün maraqlarını təhlükə altına alır

Amerikalı Azərbaycanlılar Demokratiya Uğrunda Təşkilatının rəhbəri Elmar Şahtaxtinski “Amerikanın səsi” radiosuna müsahibəsində Amerika - Azərbaycan münasibətlərində demokratiya, Amerikada yaşayan azərbaycanlıların Azərbaycanda demokratiya uğrunda apardığı işlərdən danışıb.

Sual: Amerikalı azərbaycanlılar ötən il Azərbaycanda demokratiya uğrunda hansı işlər görüb?

Cavab: Amerika ictimaiyyəti, xüsusi olaraq Amerikadakı qeyri-hökumət təşkilatları ilə işləmişik. Azərbaycanda demokratiyanın vəziyyəti, söz azadlığına qarşı hökumət tərəfindən törədilən cinayətləri ictimaiyyətə çatdırmışıq. Təşkilatımızın internetdə yayımlanan xəbərlər bülletenində Azərbaycanda demokratiyaya qarşı baş verənləri işıqlandırmışıq.

Əlbəttə, Amerika hökumətində, o cümlədən Dövlət Departamentində və Konqresdə görüşlər keçirmişik. Bundan başqa, ictimai forumlar , o cümlədən ötən ilin aprelində “Amerika - Azərbaycan əlaqələrində demokratiya” mövzusunda forum təşkil etmişik. Eyni zamanda, Amerika hökumətinin rəhbərlərinin Azərbaycandakı antidemokratik hökumətə qarşı səhv olaraq verdiyi dəstəyə etiraz etmişik və onların təkzibinə nail olmuşuq.

Sual: Azərbaycan birmənalı şəkildə ölkədə demokratiyaya, insan haqlarına, söz azadlığına hökumət tərəfindən tam təminat verildiyini bəyan edir. Siz isə Azərbaycanda demokratiya uğrunda mübarizə apardığınızı bildirirsiniz. Bu təzad deyilmi? Sizi Azərbaycanda demokratiya sahəsində hansı problemlər narahat edir?

Cavab: Azərbaycanda demokratik institutların olması bir nağıldır. Hökumətin belə bəyanatları isə gülüşdən başqa bir hissə səbəb ola bilməz. Hökumət özü də yaxşı bilir ki, ölkədəki institutları nəinki demokratik adlandırmaq olmaz, hətta onları sivil və legitim dövlət qurumları da adlandırmaq da mümkün deyil. İndiki hökumət indiyədək bir dənə belə, demokratik seçki keçirə bilməyib. Seçkilər və hökumət qurumları saxtakarlıq üzərində qurulub. Bu səbəbdən də hökumətin bəyanatları bir oyun və nağıldır. Bizim bir çoxumuz başqa ölkələrin vətəndaşları olsaq da, istərdik ki, yaşadığımız ölkələrdə olduğu kimi Azərbaycanda da birinci növbədə nəinki demokratik, heç olmasa qanuna tabe olan, qanunla hərəkət edən sivil bir hökumət qurulsun. Azərbayanda inidi qanuni hakimiyyət də yoxdur.

Sual: Amerika-Azərbaycan münasibətlərində Amerika baxışından enerji təhlükəsizliyi, təhlükəsizlik və demokratiya məsələləri əsas yer tutur. Münasibətlər sistemində Amerika Azərbaycanda demokatiyanı dəstəkləyirmi?

Cavab: Amerikanın Azərbaycanda demokratiyanı dəstəkləməsi ilə bağlı sual mürəkkəb sualdır. Çünki, Azərbaycanda Amerikanın enerji və təhlükəsizlik maraqları vacibdir. Demokratiya isə özü-özünə vacib olduğundan başqa, həm də Amerikanın uzunmüddətli əməkdaşlığı və nailiyyətləri, təhklükəsizlik və enerji təhlükəsizliyi maraqlarının saxlanması üçün reginda ən azı demokratiya yolu tutmuş dövlətlərin olması mühümdür. Regionda qeyri-demokratik, qeyri-sivil hökumətlərin olması isə əksinə, Amerikanın bütün maraqlarını təhlükə altına alır.

Digər tərəfdən, Amerika Azərbaycanda demokratiyanın düşməni olan hakimiyyətin olmasını nəzərə alaraq, bəzi qısamüddətli maraqları üçün bu hökumətlə əlaqələr yaratmağa, danışıqlara getməyən və münasibətlərin davam etdirilməsi üçün hansısa addımlar atmağa məcburdur. Bütün bunlara baxmayaraq, Amerika Dövlət Departamenti Azərbaycanda demokratiyanın , söz azadlığının pozulması ilə bağlı açıqlamalar verib, prezidentlərin görüşündə belə, bununla bağlı bəyanatlar səsləndirib, diplomatik təzyiqlərə yol açıb. Dövlət Departamenti ötən il Azərbaynda keçirilən biabırçı halda saxtalaşdırılmış parlament seçkilərini düzgün işıqlandırıb.

XS
SM
MD
LG