Accessibility links

Elmar Şahtaxtinski: “Metyu Brayza Azərbaycanda demokratiyanın ABŞ üçün prioritet olduğunu deyir."


Elmar Şahtaxtinski: “Metyu Brayza Azərbaycanda demokratiyanın ABŞ üçün prioritet olduğunu deyir."
Elmar Şahtaxtinski: “Metyu Brayza Azərbaycanda demokratiyanın ABŞ üçün prioritet olduğunu deyir."

Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda (AZAD) təşkilatının sədri Elmar Sahtaxtinski ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Metyu Brayza ilə görüşüb. Cənab Şahtaxtinski ilə görüş barədə söhbət aparmışıq.

Sual: Elmar bəy, bu yaxınlarda ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Metyu Brayza ilə görüşübsünüz. Görüş zamanı nələr müzakirə olunub.

Cavab: Bizim görüşün əsas mövzusu Amerikanın Azərbaycanda demokratiyaya dəstəyi və prosesdə Amerikanın Azərbaycandakı səfirliyinin rolu olub. Yeni təyin olunmuş səfirlə görüşüb, onun bu haqda fikirlərini öyrənmək istəyirdik. Həm də ona öz fikirlərimizi və istəklərimizi çatdırdıq.

Sual: Bu fikirlər nədən ibarət idi. Həm sizin təşkilatın fikirləri, həm də yeni təyin olunmuş səfirin aparacağı iş barədə fikirləri.

Cavab: Biz cənab Brayzanın demokratiyanın qurulması və inkişafı haqda fikirlərini öyrənmək istəyirdik. Cənab Brayza bizi əmin etdi ki, o, Azərbaycanda demokratiyanın inkişafını Amerikanın Azərbaycanla bağlı xarici siyasətinin əsas mövqelərindən biri sayır. O, da bunu vacib saydığına görə, bu işdə səfirliyin statusuna uyğun fəaliyyətləri davam etdirəcək. Hətta onun fikrincə, iki ölkə arasında enerji əməkdaşlığı və təhlükəsizlik məsələlər kimi bir sıra istiqamətində aparılacaq iş ölkədə demokratiyanın inkişafından çox asılı olacaq. Xüsusi tədbirlər və işlərə gələndə, o, Amerikanın Azərbaycandakı səfirliyinin daxildə olan pozuntulara, insan haqları, mətbuatın və ictimai fəalların hüquqlarının tapdalanmasına qarşı Amerika hökumətinin mövqeyini çatdırmasını və səfirliyin Azərbaycanda olan statusuna uyğun olaraq bu işlərə kömək etməsini çox vacib saydığını bildirdi. Səfir bu işlərin davam edəcəyinə söz verdi.

Bizim səfir çatdırdığımız mövqelərə gəldikdə isə, biz birinci növbədə belə bir fikri ifadə etdik ki, Azərbaycana aid xarici siyasətdə demokratiya mövzusunda ABŞ daha konkret məqsəd və vaxt limiti qoymalıdır.

Sual: Bildiyiniz kimi, bu təyinat prezident Obamanın imzaladığı müvəqqəti təyinatdır, yəni cənab səfir orada müvəqqəti olaraq yalnız bir il ərzində fəaliyyət göstərəcək. Sonra Senat səfirin təyinatını təsdiq etməlidir. Sizin fikrinizcə bu bir illik müddətdə cənab Brayza tərəfindən atılacaq addımlar nə dərəcədə effektiv ola bilər?

Cavab: Bizim fikrimizcə, cənab Brayzanın Senatda təsdiqlənməsi məsələsi gündəmə gələndə onun demokratiya mövzusunda gördüyü işlər səfirin təsdiqlənməsina yalnız kömək edə bilər.

Sual: Cənab Brayzanın bu işləri görəcəyinə nə dərəcədə inanırsınız?

Cavab: Onu vaxt göstərəcək. Cənab Brayza çox təcrübəli diplomatdır. O, Azərbaycanda olan vəziyyətlə, hətta bölgədə siyasətçilərlə, dövlət strukturları ilə tanışdır. Çünki o, Qarabağ problemi barədə Minsk qrupunun həmsədri olub. Ondan əvvəldə cənab Brayza Moskvada səfirlikdə çalışıb. Məndə elə təsəvvür yarandı ki, o özü də çox yaxşı anlayır ki, demokratiyanın inkişafı çox vacibdir. Mən ümid edirəm ki, o, bu istiqamət səmərəli iş görəcək. Əlbəttə onun görəcəyi iş, ona Amerikanın xarici siyasətini müəyyən edən Dövlət Departamenti və prezidentdən veriləcək göstərişlərdən asılı olacaq. Qısa desəm, biz ümid edirik, ancaq bunu vaxt göstərəcək.

XS
SM
MD
LG