Accessibility links

Media Hüququ İnstitutu ölkədə medianın durumuna dair bəyanat açıqlayıb

2005-ci ildə qətlə yetirilmiş Monitor məcmuəsinin baş redaktoru Elmar Hüseynovun qətlindən 9 il keçir. Bu gün Media Hüququ İnstitutu Azərbaycan mətbuatının durumu ilə bağlı bəyanat yayıb. Bəyanatı olduğu kimi təqdim edirik:
"Media Hüququ İnstitutu (MHİ) ifadə azadlığına basqılardan, hökumətin bu hüququn təmin olunmasına gərəkli dəstək verməməsindən narahatlığını bildirir. MHİ qeyd edir ki, hökumət “Monitor” jurnalının 2005-ci ildə qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun qatillərini 9 il ötməsinə baxmayaraq hələ də ədalətli məhkəmə önünə çıxarmayıb. Bu qorxunc cinayətin araşdırılmasının durumu ilə bağlı gərəkli bilgilər toplumla bölüşülməyib. Elmar Hüseynovun, eləcə də 2011-ci ildə qətlə yetirilən digər jurnalist-yazar Rafiq Tağının qatillərinin hələ də azadlıqda qalması, R.Tağı işi üzrə icraatın dayandırılması ölkədə ifadə azadlığından istifadənin böyük risk altında olmasının, hökumətin hər kəsin ifadə azadlığını qorumaq iradəsi nümayiş etdirməməsinin ifadəsidir.
MHİ böyük təəssüflə vurğulayır ki, jurnalistlərin həyatına, sağlamlığına, başqa haqlarına digər qəsd halları da araşdırılmamış qalıb, təqsiri olanların mühakiməsi təmin edilməyib.
Jurnalist Xədicə İsmayılovaya qarşı çirkin hərəkətlərə, Seymur Həziyevin oğurlanıb işgəncələrə məruz qalmasına, ”Ayna” qəzetinin və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasovun vəhşicəsinə döyülməsinə, “Azadlıq” Radiosunun əməkdaşı Yafəs Həsənovun ölümlə hədələnməsinə, ictimai etiraz aksiyalarını işıqlandıran jurnalistlərin polis zorakılığına məruz qalmalarına, qanunsuz saxlanılmalarına hələ də ədalətli hüquqi qiymət verilməyib.
MHİ jurnalist haqlarına müdaxilələrin hələ də davam etdiyini təəssüflə yada salır. Son aylarda “Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev, həmin qəzetin əməkdaşı Seymur Həziyev, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, həmin qəzetin redaktoru Xalid Kazımlı qəzetlərində dərc olunmuş yazılara görə, habelə tanınmış jurnalist Xədicə İsmayılova prokurorluq qurumlarına çağırılaraq sorğu-sual ediliblər.
Tənqidçi jurnalistlər üçün əlverişli media mühiti mövcud deyil. Hazırda ən azı 9 jurnalist həbsdədir. “Xural” qəzetinin hökuməti, ayrı-ayrı siyasi fiqurları sərt tənqid edən baş redaktoru Əvəz Zeynallı qurama ittihamlarla 9 il müddətinə azadlıqdan məhrum edilib. “Yeni Müsavat” qəzetinin yazarı Tofiq Yaqublu şübhəli ittihamlarla həbsdədir, məhkəməsi davam edən jurnalisti ağır cəza gözləyir.
Tanınmış jurnalist Pərviz Həşimli də qurama ittihamlarla Milli Təhlükəsizlik Nazirliyində həbsdə tutulur. Onlardan başqa tanınmış jurnalistlər Sərdar Əlibəyli, Fərəməz Novruzoğlu, Nicat Əliyev (“Azadxeber.org” saytının baş redaktoru), Hilal Məmmədov (“Talışi Sədo” qəzetinin baş redaktoru), Araz Quliyev (xeber44.com saytının redaktoru), Fuad Hüseynov (müstəqil jurnalist) da hazırda həbsdədir. Ən azı 5 bloqçu (Rəşad Ramazanov, İlkin Rüstəmzadə, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Əbdül Əbilov) da şübhəli ittihamlara məruz qalaraq həbs olunublar.
Tənqidçi yazar və media qurumları ictimai önəmli yazılara görə çoxsaylı defamasiya iddiaları ilə üz-üzədirlər. Ölkənin azsaylı tənqidi nəşrləri olan “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə qarşı, eləcə də internet resurslarına qarşı toplum üçün önəmli mövzular kontekstində yaydıqları məqalələrə görə 25-dən artıq məhkəmə iddiası qaldırılıb.
İddiaçıların hamısı ictimai fiqurlar, siyasətçilər, məmurlar və hökumətə bağlı inhisarçı özəl qurumların rəhbərləridir. Mediadan istənilən cərimələrin məbləği 2.5 milyon manatdan artıqdır. Bu idiaların təmin edilməsi ölkənin demokratik gələcəyi üçün çox vacib olan tənqidçi medianın tamamilı sıradan çıxarlması demək olardı.
Tənqidçi medianın ciddi yayım və çap problemləri var. Bakı Metropolitenində, ardınca bütün Bakı ərazisində səyyar qəzet satışına qadağa qoyulub, bu səyyar satışdan gələn vəsaitlərdən asılı azsaylı tənqidçi nəşrlərin işini iflic edib. Müstəqil çap evləri də basqı altındadır. Vergi qurumları heç bir əsas göstərmədən “Qanun” Nəşriyyat Evində yoxlamalara başlayıb. Vergilər Nazirliyi yetərli əsaslar olmadan nəşriyyatın rəhbərinə cinayət işi açıb, nəşriyyatın üzərinə 150 min manat cərimə qoyub.
Teleradio yayımı tamamilə hökumətin kontrolu altında qalmaqda davam edir. Teleradioda media azadlığı, plüralizm təmin olunmur. Dövlət və ictimai televiziya kanalları ilə yanaşı, özəl teleradio yayımçıları da asılı duruma salınıb, bu yayımçılar da ölkədəki ictimai-siyasi hadisələrin işıqlandırılması zamanı obyektivlik, plüralizm, tərəfsizlik və qərəzsizlik kimi prinsiplərə əməl etmirlər. Dövlət büdcəsindən çap mediasına ayrılan yardımlar səmərəsizdir, belə vəsaitlərin böyük hissəsi oxuyucusu olmayan aztirajlı hökumətyönlü qəzetlərin saxlanılmasına sərf olunur.
Media Hüququ İnstitutu Hökuməti
- Elmar Hüseynovun, eləcə də Rafiq Tağının qatillərini müəyyən edib, məsuliyyətə cəlb etməyə, jurnalistlərə qarşı törədilən fiziki və psixoloji basqı, şəxsi həyata müdaxilə hallarını ədalətli araşdırmağa, araşdırmaların gedişi, nəticələri ilə bağlı mediaya, bütövlükdə topluma davamlı bilgi verməyə;
- Jurnalistlərin həbs hallarının, onlara qarşı irəli sürülən ittihamların ən qısa zamanda yenidən, ədalətli araşdırılmasını təmin etməyə;
- Tənqidçi qəzetləri ağlasığmaz cərimə tələbləri qoyulan iddialardan qorumağa, ən qısa zamanda böhtan və təhqirə görə məsuliyyəti dekriminallaşdıran “Defamasiya Qanunu”nu qəbul etməyə;
- İfadə azadlığı ilə bağlı qanunların qabaqcıl təcrübələrə uyğun olmayan müddəalarını dəyişdirməyə, qəzet satış-yayımı ilə bağlı əngəlləri təxirəsalınmadan aradan qaldırmağa, müstəqil çap evlərinə basqıları aradan qaldırmağa çağırır".

Öz növbəsində Azərbaycan hökuməti ölkədə fikir, söz və mətbuat azadlığının tam təmin edildiyini bəyan edib. Rəsmi Bakı jurnalistlərin yazıları və fikirlərinə görə həbs edilmədiyni bildirir.
XS
SM
MD
LG