Accessibility links

Elmar Məmmədyarov: Azərbaycanın rəsmi mövqeyi danışıqların davam etdirilməsindən ibarətdir (AUDİO)


Elmar Məmmədyarov: Azərbaycanın rəsmi mövqeyi danışıqların davam etdirilməsindən ibarətdir (AUDİO)
Elmar Məmmədyarov: Azərbaycanın rəsmi mövqeyi danışıqların davam etdirilməsindən ibarətdir (AUDİO)

Xarici İşlər naziri bildirib ki, Azərbaycan “Madrid prinsipləri”nə uyğun olaraq erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını və məcburi köçkünlərin öz yurdlarına qayıtmasını istəyir. Tez və ya gec Azərbaycan əraziləri azad olunacaq.

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Serbiyanın xarici işlər naziri Vuk Yeremiviçlə görüşüb.

Görüşdən sonra keçirilən mətbuat konfransında cənab Məmmədyarov Amerikanın Səsi radiosunun sualının cavabında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar prosesinə toxunub. O sentyabrın 13-də BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacağı barədə mediadakı xəbərlərlə bağlı deyib ki, Azərbaycanda nə yeni təşəbbüs, nə də yeni görüş olacağı ilə bağlı məlumat yoxdur. “Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünün keçirilməsi ilə bağlı hər hansı təşəbbüs barədə məlumatımız yoxdur”.

Onun dediyinə görə, Azərbaycanın rəsmi mövqeyi danışıqların davam etdirilməsindən ibarətdir. “2007-ci ildən danışıqlarda nizamlanmanın “Madrid prinsipləri” müzakirə olunur. “Madrid prinsipləri”nə uyğun olaraq biz erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını və məcburi köçkünlərin öz yurdlarına qayıtmasını istəyirik. Tez və ya gec Azərbaycan əraziləri azad olunacaq. Bu, nə qədər tez baş verərsə, bir o qədər yaxşıdır”, - deyə cənab Məmmədyarov qeyd edib.

Nazirin fikrincə, münaqişənin həlli regionda stabilliyin yaranmasına kömək edə bilər. “Azərbaycan regionun Ermənistan istisna olmaqla, bütün dövlətləri ilə yaxşı qonşuluq əlaqələrinə malikdir”, - deyə o vurğulayıb.

Müstəqil politoloqlar münaqişə ilə bağlı danışıqlarda real nəticələrə nail olunacağına inanmır. Azərbaycan Naminə İctimai Forumun prezidenti, politoloq Eldar Namazov hesab edir ki, yaxın zamanlarda danışıqlarda real nəticələrin olacağı inandırıcı görünmür. “Nə qədər ki, Ermənistanda indiki iqtidar hakimiyyətdədir, bu liderlər danışıqlarda irəliləyiş olmasına imkan verməyəcək. Madrid prinsipləri də münaqişənin ədalətli həllinə imkan vermir. Belə ki, bu prinsiplərə görə, ərazi bütövlüyü ilə millətlərin müqəddəratını təyin etməsinin ortaq nöqtəsi tapılmadır. Belə, ortaq nöqtə isə yoxdur. Dünyada ərazi bütövlüyü prinsipi əsas götürülür”, - deyə o qeyd edib.

Politoloqun fikrincə, Rusiyanın danışıqlarda təşəbbüsü ələ alması və prezidentlərin on görüşündə real nəticələrin olmaması gülüş yaradır. “Bu açıq göstərir ki, prezidentlərin görüşü görüntü yaratmaq üçün keçirilir. Çünki, Rusiya prezidentinin təşəbbüsü ilə görüşlər keçirilir, baş nazir isə münaqişənin həllində irəliləyişlərin olmayacağını deyir. Cənab Putinin fikrincə, münaqişə tarixi bir hadisədir”.

Eldar Namazov prezidentlərin tez-tez görüşünü də düzgün hesab etmir. “Dünya praktikasında prezidentlər müəyyən real nəticələr olanda görüşür və müəyyən razılıq əldə edilir. Prezidentlər ekspertlər kimi, sənədin hər bəndi üzrə müzakirə aparmamalıdır”, - deyə politoloq bildirib.

XS
SM
MD
LG