Accessibility links

Elmar Məmmədyarov: Danışıqlarda tərəqqi Ermənistanın status-kvonun dəyişməsini nə dərəcədə arzu etməsindən asılıdır


Elmar Məmmədyarov: Danışıqlarda tərəqqi Ermənistanın status-kvonun dəyişməsini nə dərəcədə arzu etməsindən asılıdır
Elmar Məmmədyarov: Danışıqlarda tərəqqi Ermənistanın status-kvonun dəyişməsini nə dərəcədə arzu etməsindən asılıdır

Nazirin fikrincə, Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın Cənubi Qafqazın təhlükəsizliyi kontekstində deyil, daha böyük miqyasda - Avropanın təhlükəsizliyi, stabilliyi və inkişafı kontekstində dəyərləndirilməlidir.

“Azərbaycan Cənubi Qafqazın gələcəyində müəyyənləşdirici rol oynayır, çünki ölkəmiz Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən dövlətlərdən biridir. Biz çoxlu sayda transregional layihələr üzərində işləyir və gözləyirik ki, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı təhlükələr təkcə Azərbaycan və Cənubi Qafqazın təhlükəsizliyi kontekstində deyil, daha böyük miqyasda – Avropanın təhlükəsizliyi, stabilliyi və inkişafı kontekstində dəyərləndirilsin”. APA Agentliyinin məlumatına görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının 18-ci toplantısında çıxışı zamanı deyib.
XİN başçısı Dağlıq Qarabağ münaqişəsini bütün regionun inkişafı üçün böyük təhlükə mənbəyi adlandırıb: “Sülh prosesi bu gün çox mühüm mərhələdədir. Status-kvo vəziyyətinin davam etməsi regionda təhlükəsizlik üçün ən böyük təhdiddir. Həmsədr ölkələr status-kvonun qəbul edilməz olduğunu bir neçə dəfə bəyan ediblər. Üç həmsədr ölkənin hazırladığı Madrid prinsiplərinin yenilənməsinə dair son təkliflər tərəflərə təqdim olunub və Azərbaycan hamını qane edəcək saziş üzərində işlərin başlaması üçün dialoqu davam etdirməyə hazır olduğunu bəyan edib. Təəssüf ki, Ermənistan bu təkliflərdən imtina edib. Danışıqlar prosesində tərəqqi Ermənistanın davamlı sülhə nail olmaq məqsədilə mövcud status-kvonun dəyişməsini nə dərəcədə arzu etməsindən asılıdır”.

Elmar Məmmədyarov bildirib ki, bu gün qarşıda duran əsas məsələlərdən biri Ermənistanla Azərbaycan arasında etimad mühitinin bərpa olunmasıdır: “Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, bir milyondan artıq insanımız öz yurdlarından qaçqın və məcburi köçkün düşüb. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının nümayəndələri arasında birbaşa əlaqələr və görüşlər bu qarşıdurmada atmosferi dəyişə bilər”.
Nazir qeyd edib ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması regionun inkişafı üçün daha böyük imkanlar yaradacaq: “Azərbaycan beynəlxalq hüququn prinsipləri əsasında zəruri kompromislərə getməyə hazırdır. Gələn il ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların başlanmasının 20 ili tamam olur. Təəssüf ki, prosesdə indiyə kimi əhəmiyyətli irəliləyiş əldə olunmayıb. Azərbaycan xalqı hələ də ümid edir ki, erməni xalqı münaqişənin nizamlanmasının verəcəyi üstünlükləri anlayacaq. Bu, bütün regionda əməkdaşlıq və inkişafa təkan verəcək”.

XS
SM
MD
LG