Accessibility links

Elmar Məmmədyarov: “Ermənistan yenilənmiş Madrid sənədinə nə hə, nə də yox deyir”


Elmar Məmmədyarov, Azərbaycan xarici işlər naziri

Elmar Məmmədyarov, Azərbaycan xarici işlər naziri

Bu bəyanatı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün Misirin xarici işlər naziri Əhməd Abul Ğeytlə danışıqlardan sonra “Amerikanın səsi” radiosunun sualına cavabında verib

“Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yenilənmiş Madrid prinsipinə nə hə, nə də yox deyir”. Bu bəyanatı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün Misirin xarici işlər naziri Əhməd Abul Ğeytlə danışıqlardan sonra “Amerikanın səsi” radiosunun sualına cavabında verib.

Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə 2009-cu ilin sonlarında ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə tərəflərinə yenilənmiş Madrid sənədini təqdim edib. Nazirin dediyinə görə, Azərbaycan sənədi qəbul etdiyini bəyan etsə də, Ermənistan tərəfi hələ də birmənalı cavab verməyib.

Cənab Məmmədyarov iyunun əvvəlində Avropaya səfəri zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəyini bildirib. Onun görüşünün iyunun 5-də Venesiyada Avropa Şurasının Venesiya komissiyasının yubiley tədbiri zamanı baş tutacağı gözlənilir.

Misirin xarici işlər naziri dövlətinin münaqişənin tezliklə sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib. “Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi Amerika, Rusiya və Fransanın vasitəçiliyi şəraitində sülh yolu ilə həll ediləcək. Misir bütün bölgələrdə yerləşən dövlətlərin ərazi bütövlüyünü tanıyır”.

Danışıqların hazırkı durumunda erməni tərəfi beynəlxalq ictimaiyyətin Azərbaycanın suverenliyində tanıdığı Dağlıq Qarabağda dünən parlament seçkiləri keçirib. Seçkilər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT üzvü olan dövlətlər tərəfindən əks bəyanatla qarşılanıb. Azərbaycan xarici işlər nazirliyinin bu gün yaydığı bəyanatda deyilir ki, Azərbaycan öz beynəlxalq tərəfdaşlarının 23 may tarixində Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş “parlament seçkiləri”nin davam etməkdə olan sülh prosesinə mənfi təsir edəcəyi ilə bağlı narahatlığını bölüşür. “Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət, bölgənin erməni və azərbaycanlı icmaların Azərbaycanın daxilində demokratiya və çiçəklənmənin faydalarından tam və bərabər şəkildə yararlanaraq dinc yanaşı yaşayışı əsasında həll oluna bilər”, - deyə sənəddə qeyd edilir.

Müstəqil politoloqlar sülh danışıqlarının müsbət nəticələrinin olacağına inanır. Politoloq Rasim Musabəyov hesab edir ki, Ermənistan sülh danışıqlarını uzadarsa ciddi beynəlxalq təzyiqlərə məruz qala bilər.

XS
SM
MD
LG