Accessibility links

Elmar Məmmədyarov: Moskva görüşündə bəzi məsələlər açıq qaldı


Elmar Məmmədyarov: Moskva görüşündə bəzi məsələlər açıq qaldı
Elmar Məmmədyarov: Moskva görüşündə bəzi məsələlər açıq qaldı

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin iyunun 11-də Moskvada keçirilən görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələlərinin dərin müzakirəsi aparılıb.

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin iyunun 11-də Moskvada keçirilən görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələlərinin “dərin müzakirəsi” aparılıb.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün İsveç xarici işlər naziri Karl Bildtlə danışıqlardan sonra keçirilən mətbuat konfransında jurnalistlərin sualının cavabında Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün 3 saatadək davam etdiyini bildirib. “Əvvəllər razılaşdırılmamış bir sıra məsələlər üzrə irəliləyiş var və mövqelər yaxınlaşdırılıb”, - deyə o qeyd edib.

Nazir, eyni zamanda bəzi məsələlərin hələ açıq qaldığını deyib. “Belə razılığa gəlmişik ki, xarici işlər nazirləri açıq qalmış məsələlərlə bağlı öz prezidentlərinə məruzə etsin və prezidentlər razı olarsa, bu məsələləri Kazanda keçiriləcək görüşdə müzakirə edəcəklər.

İndi, Kazan görüşünün nəticələrini gözləyək. Doğrudan da bəzi məsələlərə prezidentlərin Soçi görüşündə də toxunulub. Həmin məsələlər üzrə də razılıq olarsa, bu da, regiona sülh və stabilliyin gəlməyə başlamasına böyük kömək olacaq.”

Cənab Məmmədyarov hansı məsələlər üzrə irəliləyiş olduğunu, hansı məsələlərin razılaşdırılmamış qaldığını açıqlamayıb.
Öz növbəsində cənab Bildt deyib ki, İsveç və Avropa İttifaqı ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə nizamlanması prosesini dəstəkləyir. “Hər bir imkandan istifadə olunmalıdır. Münaqişə uzun müddətdir davam edir, insanlar əziyyət içindədir. Münaqişə ilə bağlı hər hansı nailiyyətin əldə edilməsi mühüm əhəmiyyətə malikdir”.
Amerikanın Səsi radiosunun “Aland adaları nümunəsi Qarabağ münaqişəsinin nizamlanması üçün model ola bilərmi?” sualının cavabında nazir Bild deyib ki, dünya təcrübəsində “müxtəlif modellər var”. “Aland adaları sakinlərinin 90%-i isveçlilərdir və onlar İsveçə birləşmək haqqında referendum da keçiriblər. Lakin, müəyyən məsələlər həll olunduqdan sonra, Finlandiyanın tərkibində qalaraq muxtariyyət aldılar. İndi xoşbəxtdirlər”, - deyə nazir qeyd edib.

XS
SM
MD
LG