Accessibility links

Elmar Məmmədyarov: Münaqişə zonasında yerləşdiriləcək sülhməramlı kontingentlə bağlı ciddi müzakirələr gedir


Elmar Məmmədyarov: Münaqişə zonasında yerləşdiriləcək sülhməramlı kontingentlə bağlı ciddi müzakirələr gedir
Elmar Məmmədyarov: Münaqişə zonasında yerləşdiriləcək sülhməramlı kontingentlə bağlı ciddi müzakirələr gedir

Nazir bildirib ki, bəzi prinsiplər əsasında danışıqlarda çətinliklər var. “Hələ, bunlarla bağlı kompromisə gəlinməyib. Tərəflərin kompromisə gəlməsi üçün yeni formul tapıb, onun üzərində işləməliyik”.

ATƏT-in Minsk qrupu həmsədrləri oktyabrın sonunda regiona növbəti səfər edəcəklər. Həmsədrlər regionda Qarabağ probleminin sülh yolu həlli ilə bağlı danışıqları davam etdirəcəklər. APA Agentliyinin xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Nazir deyib ki, həmsədrlər ATƏT Parlament Assambleyasının Xorvatiyada keçirilən sessiyasında münaqişənin həlli ilə bağlı əsas prinsipləri açıqlayarkən yeni bir söz deməyiblər: “Onlar müzakirə elədiyimiz əsas prinsipləri açıqlayıb. Biz də həmin prinsiplər üzərində işi davam etdirəcəyik”.
Açıqlanan prinsiplərin ardıcıllığı, məcburi köçkünlərin öz torpaqlarına geri dönməsi məsələsinin 5-ci yerdə göstərilməsi barədə verilən suala cavabında cənab Məmmədyarov bunları deyib: “Burada Dağlıq Qarabağdan söhbət gedir, ətraf rayonlardan yox. Dağlıq Qarabağın statusunun müəyyənləşdirmək üçün əvvəlcə azərbaycanlılar ora qayıtmalıdırlar”.
Danışıqlar prosesində bəzi məqamlarda irəliləyişə nail olunduğunu deyən nazir qeyd edib ki, bu prosesi itirmək olmaz: “Amma, bəzi prinsiplər əsasında danışıqlarda çətinliklər var. Hələ, bunlarla bağlı kompromisə gəlinməyib. Tərəflərin kompromisə gəlməsi üçün yeni formul tapıb, onun üzərində işləməliyik. Azərbaycanın mövqeyi aydın və birmənalıdır. Nə qədər tez sülhə nail olunsa, bir o qədər də yaxşıdır”.
Nazir daha sonra bildirib ki, Fransa prezidenti Nikola Sarkozi də regiona səfəri çərçivəsində münaqişədə “status-kvo”nun qəbuledilməzliyini, həmsədrlərin öz işlərini davam etdirməli olduğunu deyib.
Cənab Məmmədyarov bildirib ki, danışıqlar prosesində əsas məsələ status yox, torpaqların işğal altında qalması və məcburi köçkünlər problemidir: “Hamı bunu anlayır. Ermənilər də bunu başa düşür. Ona görə Dağlıq Qarabağın statusunu ən sonda müəyyən etmək olar”.
Münaqişə zonasında sülhməramlı kontingentin yerləşdirilməsi barədə suala cavabında nazir deyib: “Hamı başa düşür ki, bu olmalıdır. Nə ermənilərin bizə, nə də bizim ermənilərə etibarımız var. Ona görə də sülhməramlı kontingent barədə ciddi müzakirələr gedir”.

XS
SM
MD
LG