Accessibility links

Elmar Məmmədyarov: Azərbaycanın əraziləri işğaldan azad olunmalıdır


Azərbaycan və Ermənistan xarici işlər nazirləri
Azərbaycan və Ermənistan xarici işlər nazirləri

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov senrtabrın 25-də BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində ATƏT Minsk Qrupunun həmsədrləri (ABŞ-dan Ceyms Uorlik, Rusiyadan İqor Popov, Fransadan Pier Andryu) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrej Kaspişikin iştirakı ilə Ermənistanın xarici işlər naziri Eduard Nalbəndyan ilə görüşüb.

Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir Məmmədyarov tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar Azərbaycanın mövqeyi qəti şəkildə bir daha vurğulanıb.

Ermənistanın Azərbaycan ərazilərini işğalına əsaslanan mövcud status kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu deyən Elmar Məmmədyarov Azərbaycanın öz ərazilərinin işğalı ilə heç zaman barışmayacağını bildirib.

Elmar Məmmədyarov Ermənistanın müxtəlif təxribatçı addımlar, o cümlədən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyətin gərginləşdirilməsi ilə danışıqlar prosesinə xələl gətirmək məqsədi güddüyünü qeyd edib. Ermənistanın əsl məqsədinin təcavüz və işğalın davam etdirilməsi olduğunu bildirib. Ermənistanın hər vəchlə əsl etimad quruculuğu tədbiri olacaq Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasında təmaslara imkan vermədiyi diqqətə çatdırılıb.

Nazir Məmmədyarov bir daha vurğulayıb ki, münaqişənin həlli üçün Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmalı və işğal olunmuş ərazilərindən Ermənistanın silahlı qüvvələri çıxarılmalıdır.

O qeyd edib ki, Azərbaycan münaqişənin həlli üçün danışıqlar prosesində iştirak edir. Lakin danışıqların nəticəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri işğaldan azad olunmazsa, Azərbaycan öz ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təmin etmək üçün bütün zəruri addımları atacaqdır.

“İşğalçı və təcavüzkar dövlət kimi atılacaq hər hansı addımın bütün məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür”, Azərbaycan xarici işlər naziri vurğulayıb.

XS
SM
MD
LG