Accessibility links

Elmar Məmmədyarov: Azərbaycan böyük sülh sazişinin üzərində işləməyə hazırdır (Video)


Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək, Bakıda Fələstinlə bağlı donor konfransı keçiriləcək

Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bu ilin iyununda Bakıda Fələstin üzrə beynəlxalq donor konfransı keçirməyi planlaşdırır. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün rumıniyalı həmkarı Titus Korlatsean ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.

Eyni zamanda Azərbaycan İsraillə əməkdaşlığı inkişaf etdirir. E.Məmmədyarov İsraildə Azərbaycan səfirliyinin açılması məsələsinin müzakirə edildiyini bildirib.

“Səfirliyin açılması, zamanın məsələsidir”, - o qeyd edib.

Nazir həmçinin Azərbaycanın İsrail və Fələstinlə münasibətlərinin inkişafı istiqamətində işlərin davam etdiriləcəyini deyib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 17-18-də Krakovda keçiriləcək görüşünə toxunan Məmmədyarov deyib ki, danışıqlar yenilənmiş
“Madrid prinsipləri” əsasında davam etdirilir.

“Azərbaycan bu prinsipləri qəbul edib, Ermənistan isə yox”.

Nazir deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə böyük sülh sazişinə hazırdır.

"Mən dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda irəliləyişin olmaması barədə bəyanatı ilə razıyam", o bildirib.

Məmmədyarovun sözlərinə görə, tərəfləri artıq neçə illərdir münaqişənin nizamlanması məsələlərini müzakirə edir, lakin danışıqlar prosesi hələ də nəticə verməyib, nazirlər görüşür, lakin bu danışıqların məntiqi nəticəsi yoxdur.

“Münaqişə tərəfləri arasında müzakirə edilməli olan bir çox məsələlər, o cümlədən məcburi köçkünlərin qayıtması, statusun müəyyənləşdirilməsi və bir çox digər məsələlər var. Biz böyük sülh sazişi üzərində işləməyə hazırıq".

Nazir mövcud status-kvonun qəbuledilməz olduğunu da diqqətə çatdırıb.

“Çünki heç kim bilmir sabah nə olacaq. Yaxşıdır ki, erməni tərəfi və Minsk qrupunun həmsədrləri danışıqların davam etdirilməsinə razı olduqlarını bildirir. Ona görə də dedik ki, gəlin oturaq danışaq, böyük tərkibdə Böyük Sazişin üzərində çalışaq və məsələni yerindən tərpədək”, o qeyd edib.
XS
SM
MD
LG