Accessibility links

Elmar Məmmədyarov: Amerika Böyük Saziş layihəsinin üzərində işə başlanılmasını təklif edib [Video]


Sentyabrın 5-də Uelsdə ATƏT-in Minsk qrupunda Amerika həmsədrinin təşəbbüsü ilə ABŞ dövlət katibi Con Kerri, Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində bir saatlıq görüş keçirildi. Görüş cənab Kerrinin təşəbbüsü ilə tanışlıq xarakteri daşıyırdı. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moldova Baş nazirinin müavini və xarici işlər naziri Natalya Germanla görüşdən sonra keçirilən brifinqdə jurnalistlərin sualının cavabında bildirib.

Onun sözlərinə görə ABŞ dövlət katibi məsələni belə qoyub ki, münaqişənin həlli üçün prosesi dərindən öyrənmək istəyir ki, ABŞ hansı istiqamətdə iş aparsın. Amerika ilk növbədə nə etməlidir ki, münaqişəni mövcud vəziyyətdən tezliklə irəli aparaq.

“Konstruktivlik baxımından belə bir fikir səsləndirildi ki, saziş layihəsi üzərində Azərbaycan və Ermənistan həmsədrlərlə birgə daha substantiv, daha dəqiq işə başlasın. Əlbəttə Böyük Saziş layihəsi Madrid prinsipləri əsasında qurulacaq”.

Nazir bəyan edib ki, Azərbaycan həmişəki mövqeyini davam etdirir. “Görüşlər yalnız görüş üçün olmamalıdır. Biz konkret məsələləri müzakirə etsək də ilk növbədə Ermənistanın ordusu işğal edilmiş ərazilərdən çıxarılmalıdır. İndiki vəziyyətdə ən böyük problem hərbçilərdir. Təmas xəttində döyüşlər də gedir, hər iki tərəfdən əsgərlər də ölür və bu qəbuledilməz məsələdir. Ermənistan tərəfi yenə snayperdən danışır, insidentlər məsələsini qaldırır. Azərbaycan isə deyir ki, əsas məsələ ərazidən hərbçilərin kazarmalara qaytarılmasıdır. Ermənistan ordusunun işğal edilmiş torpaqlarda qalmasını Azərbaycan heç vaxt qəbul etməyəcək. Bu isə ən böyük təhlükədir”.

E.Məmmədyarovun sözlərinə görə Amerika tərəfi konkret təklif edib ki, tez zamanda Böyük Saziş layihəsinin üzərində işlənməyə başlanılsın. “Çox güman ki, amerikalı həmsədr sentyabrda regiona səfər edəcək. Biz danışdıq ki, sentyabrın sonunda Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirləri səviyyəsində görüş keçirək”, deyə o qeyd edib.

XS
SM
MD
LG