Accessibility links

Elmar Məmmədyarov: Rusiya tərəfindən irəli sürülmüş təkliflər üzərində işləyirik


Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov

Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov

Əməkdaşlığımızın bünövrəsində ən zəif həlqə istisnasız olaraq münaqişənin nizamlanmamasıdır. Biz hazırda həmsədrlər adından Rusiya tərəfindən irəli sürülmüş təkliflər üzərində işləyirik. Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması, məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması arasında insanlararası təmasların qurulması münaqişənin həlli istiqamətində mühüm elementlərdir və biz müzakirələrimizi bu elementlər üzərində cəmləşdirməliyik. Hər birimiz həll edilməmiş münaqişənin regionda əməkdaşlığa başlıca əngəl olması barəsində həmfikirik. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə keçirilən "Şərq Tərəfdaşlığı" ölkələrinin VI Qeyri-rəsmi Nazirlər Dialoqu toplantısındakı çıxışında deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir çıxışında Riqa Sammitindən keçən dövr ərzində Parisdəki faciəvi hadisələr, Suriya sərhədindəki son proseslər də daxil olmaqla, çox dəyişikliklər baş verdiyini bildirib.

"Biz terrorçuluğun bütün forma və təzahürlərinə qarşı mübarizədə əməkdaşlıq etməliyik. Hazırda bu, gündəlikdə duran ən önəmli məsələdir.

Avropa Qonşuluq Siyasətinin icmal sənədində təsbit olunmuş fərqləndirmə yanaşmasını yüksək qiymətləndiririk. Fikrimizcə, miqrasiya və insan hüquqları, fundamental azadlıqlar və anti-radikalizm kimi məsələlərin müzakirəsində tarazlıq gözlənilməlidir. Həmçinin, Avropada İslamofobiya meyllərinin yayılmasının qarşısının alınması vacibdir.

"Şərq Tərəfdaşlığı" təşəbbüsünə üzv dövlətlər kimi tərəfdaş ölkələrdə insan hüquqlarının vəziyyətinə dair ünvanımıza mütəmadi əsasda tənqidlər səsləndirilir. Məsələ burasındadır ki, Avropa İttifaqının özündə insan hüquqlarının durumu da maraq doğurur. Əgər biz həqiqətən də qarşılıqlı sahiblik prinsipindən danışırıqsa, o zaman vətəndaş cəmiyyəti qurumları Avropa İttifaqına üzv dövlətlərin ərazisində insan hüquqlarının pozulması kimi məsələləri də qeyd etməlidir".

"Enerji sektoru Avropa İttifaqı ilə münasibətlərimizdə aparıcı rol oynamaqda davam edəcək" deyən nazir deyib ki, Cənub Qaz Dəhlizi ilə bağlı işlər öz axarı ilə plana uyğun şəkildə davam etdirilir:

"Azərbaycandan qazın 2018-ci ilin sonu, və ya 2019-cu ilin əvvəlində Avropaya çatdırılması nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, Cənub Qaz Dəhlizinin nəzərdə tutulmuş zaman kəsiyində reallaşdırılması baxımından Avropa İttifaqının dəstəyi vacibdir. Əməkdaşlığımızın digər mühüm sahəsi kimi nəqliyyat sferasını qeyd edə bilərəm. Azərbaycan, Türkiyə və Gürcüstanın ortaq təşəbbüsü olan İpək Yolu təşəbbüsü yalnız bizim üçün deyil, həm də Mərkəzi Asiya ilə əməkdaşlığı sürətləndirməkdə maraqlı olan Avropa İttifaqı üçün əhəmiyyətlidir. Bu nəqliyyat dəhlizi Avropanı Azərbaycan, Türkiyə və Gürcüstandan keçməklə, ilkin mərhələdə bu region, gələcək perspektivdə isə Çinlə birləşdirəcək"- deyə Elmar Məmmədyarov qeyd edib.

XS
SM
MD
LG