Accessibility links

Elmar Məmmədyarov: Münaqişənin tarixində görünməmiş gərginlik yaranıb


Elmar Məmmədyarov və Federika Moqerini
Elmar Məmmədyarov və Federika Moqerini

Avropa İttifaqı (Aİ) qonşuluğunda yeni geosiyasi inkişaf və çağırışlar, həmçinin, Aİ-nin Azərbaycanla gələcək əlaqələrini formalaşdıracaq. Ümid edirik ki, yenilənmiş Avropa Qonşuluq Siyasəti (AQS) Aİ ilə münasibətlərdə tərəfdaş ölkələrin fərqli istəklərinə uyğun olacaq. Azərbaycan əməkdaşlığın potensial sahələrinə özünün cəlb edilməsinin araşdırması məqsədilə yenilənmiş AQS-də nəzərdə tutulan birgə tematik çərçivədə Avropa İttifaqı ilə ikitərəfli məsləhətləşmələr aparmağa hazırdır. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Viseqrad və Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər Nazirlərinin mayın 4-də Praqada keçirilən görüşündəki çıxışında bildirib.

Nazirin fikrincə, hazırda Şərq Tərəfdaşlığının zəiflədiyinə və bütün potensialını itirdiyinə dair şübhələr artmaqda davam edir.

“Biz Aİ ilə ikitərəfli münasibətlərimizdəki irəliləyişi qiymətləndiririk, bu xüsusda Şərq Tərəfdaşlığının çoxtərəfli formatda çatdırmaq bacarığı proqramın bütöv səmərəliliyini müəyyən etməkdə böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycan tərəfindən irəli sürülən və həyata keçirilən böyük trans-regional layihələr Şərq Tərəfdaşlığı çoxtərəfli formatının dirçəldilməsinə perspektivli təsir göstərir”.

Məmmədyarovun fikrincə, Cənub Qaz Dəhlizi Şərq Tərəfdaşlığı regionu, eləcə də Aİ üzv dövlətləri və namizəd ölkələrdən müxtəlif pay sahiblərinin daxil olduğu unikal bir layihədir.

“Bu yaxınlarda Bakıda keçirilmiş, Federika Moqerini və Maros Sefcovicin iştirak etdiyi Məşvərət Şurasının 2-ci Nazirlər Görüşü bu layihənin maneəsiz həyata keçirilməsinə dair birlik və həmrəylik mesajını çatdırdı. Mayın 17-də Yunanıstanın Thessaloniki şəhərində təşkil olunacaq TAP-ın təməlqoyma mərasimi bu xüsusda başqa bir mərhələnin əsasını qoyacaq. Şübhəsiz ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində birgə strateji maraqlara cavab vermək üçün etibarlı tərəfdaşdır və belə də qalacaqdır”.

Nazir bildirib ki, bu ilin sonlarına qədər təhvil verilməsi gözlənilən Bakı-Tbilis-Qars dəmiryolu layihəsi bərpa edilən qədim İpək Yolunun ayrılmaz komponenti kimi qəbul edilir.

“Çinin İpək Yolu İqtisadi Kəməri konsepsiyasının tam realliğa çevrilməsi sözügedən dəmiryolunu regionun ən vacib infrastrukturları sırasına qoşacaqdır. Bu artıq Aİ ilə nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün böyük mərkəz rolunu oynayır. Azərbaycan həm də Aİ ilə Birgə Aviasiya Sazişinə dair danışıqları bərpa etmək üzərində işləyir”, o qeyd edib.

Məmmədyarov Ermənistan-Azərbaycan cəbhəsindəki son durumdan da danışıb.

“Bu ilin aprel ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində törədilmiş son təxribat aktları münaqişənin tarixində görünməmiş gərginliyə səbəb olub. Biz həmişə aydın şəkildə bildirmişik ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik 7 rayonunda Ermənistan silahlı qüvvələrinin davam edən mövcudluğu qeyri-sabitliyin və təmas xətti boyunca tez-tez baş verən ölümcül hərbi qarşıdurmaların əsas mənbəyidir”.

Onun sözlərinə görə, Ermənistan münaqişənin həllində "status-kvo"nu dəyişmək üçün edilən beynəlxalq çağırışlara məhəl qoymamaqda davam edir.

“Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllində maraqlıdır. Onun sülh və sabitlik üçün yol xəritəsi aydındır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan V4 və digər beş Şərq Tərəfdaşlığı ölkəsi kimi öz ərazi bütövlüyünü güzəştə getməyəcək. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində tələb edildiyi kimi Ermənistan silahlı qüvvələri qeyd-şərtsiz işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalı və məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz şəkildə qayıtması təmin edilməlidir”, nazir bəyan edib.

XS
SM
MD
LG