Accessibility links

Azərbaycan cüdoçusu Elmar Qasımov “Rio-2016”da gümüş medal qazanıb. Bu, Azərbaycan millisinin ikinci gümüş medalıdır.

100 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçu finalda 2014-cü ilin dünya və Avropa çempionu çexiyalı Lukas Krpalekə uduzub.

XXXI Yay Olimpiya Oyunlarının altıncı günündə - avqustun 11-də mübarizəyə qoşulan E.Qasımov 1/16 final mərhələsində Rusiya təmsilçisi, Avropa, dünya və Olimpiya çempionu Tahir Xaybulayevi məğlub edib. Səkkizdəbir finalda Lyes Bouyakoubu (Əlcəzair) mübarizədən kənarlaşdıran E.Qasımov dörddəbir finalda Afrika çempionatının qalibi misirli Ramadan Dərvişi məğlub edərək yarımfinala vəsiqə qazanıb. Azərbaycan idmançısı bu mərhələdə ukraynalı Artem Bloşenkoya qalib gələrək finala yüksəlib.

Xatırladaq ki, Rio Olimpiadasında cüdoçu Rüstəm Orucov (73 kq) avqustun 8-də Azərbaycana birinci gümüş medal qazandırıb.

XS
SM
MD
LG