Accessibility links

Elnur Məcidli: "Həbsim də, azadlığa buraxılmağım da sifarişli idi" (AUDİO)


Bu saatlarda həbsdən azad edilmiş AXCP fəalı Elnur Məcidli Amerikanın Səsi radiosuna eksklüsiv müsahibə verib. Müsahibədə beynəlxalq təşkilatların vicdan məhbusu kimi tanıdığı Elnur Məcidli həbsdən azad edilməsinin Eurovisionla bağlı edilən təzyiqlər nəticəsində həyata keçdiyini və bunun sifarişli olduğunu bildirib. Müsahibəni tam olaraq sizə təqdim edirik:

Sual: Sizi təbrik edirik! Nə hisslər keçirirsiniz? Bir ildən çox müddət həbsdə olandan sonra hamı üçün gözlənilməz, ani bir hadisə oldu.

Cavab: Hesab edirəm ki, bu, Eurovision qabağı hakimiyyətə olan təzyiqlər nəticəsində baş verdi. Məhkəmənin belə bir qərar verəcəyini özüm də gözləmirdim. Bu, həm də Azərbaycan məhkəmələrinin ədalətliliyinə, müstəqilliyinə əsas vermir. Bu da təzyiqlər nəticəsində baş vermiş, sifarişli bir qərar idi.

Sual: Məhkəmə həbsxana daxilində keçirilmişdi?

Cavab: Məhkəmə həbsxana daxilində keçirildi. Mən öz təşəbbüsümlə 10 may tarixində Xəzər rayon məhkəməsinə müraciət etmişdim və məhkəmədə bu gün işə baxıldı və şərti olaraq məni vaxtından əvvəl azad etdi.

Sual: 2 apreldə etiraz aksiyasında saxlanılandan sonra 1 ildən çox həbsdə qaldınız. Keçirdiyiniz bu bir ilə təəssüflənirsinizmi?

Cavab: Xeyr, heç də təəssüflənmirəm. Biz mübarizəyə qoşulanda hamımız bilirdik ki, böyül bir məsuliyyət var, bu yolda tutulmaqda var, hər cür təzyiqlərlə qarşılaşa bilərik. Heç bir təəssüflük hissi keçirmirəm və yenə də öz siyasi fəaliyyətimi davam etdirəcəyəm. Heç bir dəyişiklik olmayıb, öz yolumdan dönməmişəm.

Sual: Sosial şəbəkələrdə, xüsusilə gənclər arasında Elnur Məcidliyə bir növ son bir ildə rəğbət yaranmışdı. Bu gənclərə bir sözünüz varmı?

Cavab: Bir il müddətində məni, ümumiyyətlə hazırda içəridə olan vicdan məhbuslarını dəstəkləyən ictimaiyyətə, KİV-ə öz təşəkkürümü bildirirəm. Azadlığımıza çıxmağımızda böyük səylər göstərildi.

Sual: Siz bildirdiniz ki, təxminlərinizə görə Eurovision-la bağlı sizi həbsdən azad ediblər. Beynəlxalq təşkilatların vicdan məhbusu kimi tanıdığı digər şəxslərin, xüsusilə gənclərin də həbsdən azad olunmasını ehtimal edirsinizmi?

Cavab: Fikrimcə, mayın 18-də Babək Həsənovun 14 saylı cəzaçəkmə müəssisəsində məhkəməsi baş tutacaq. Yəni ümid edək ki, Eurivision-a qədər hakimiyyət addım atıb Babək Həsənovu da, digər vicdan məhbuslarını da azad edəcək.

Sual: Ölkədə qalmağı düşünürsünüzmü?

Cavab: Ölkədə qalmağı düşünürəm. İlk növbədə təhsilimi davam etdirməliyəm, çünki Qərb Universitetində təhsil alırdım və IV kursda olanda həbs olunmuşdum, təhsilim yarımçıq qalmışdı. Ölkədə qalacam və təhsilimi davam etdirmək üçün müraciət edəcəm.

Sual: Cabbar Savalanlı həbsdən çıxandan sonra universitetə bərpa olunsa da, hətta onun bəzi tibbi problemlərinin olmasına baxmayaraq, onu məcburi hərbi xidmətə apardılar. Oxşar hadisənin sizin başınıza gələcəyini gözləyirsinizmi?

Cavab: Bəli indiki hakimiyyət hərbi xidmətdən də bir cəza aparatı kimi istifadə edir. Ona bilər. Bu hakimiyyətdən hər şey gözləmək olar.

İndiyə qədər həbsdə olduğum müddətdə, bu, bir il dörd gün müddətində mənə və ailəmə olan böyük diqqət və qayğıya görə bütün ictimaiyyətə, milli-demokratik düşərgəyə, bütün beynəlxalq aləmə öz təşəkkürümü bildirirəm. Mənə olan yüksək etimadı bundan sonraki fəaliyyətimlə də doğruldacam. Digər vicdan məhbusları azad olunmasa, onların azad olunması üçün də öz fəaliyyətimizi də davam etdirəcəyik.

XS
SM
MD
LG