Accessibility links

Elşad Abdullayev və 105157 nömrəli cinayət işi...


Elşad Abdullayevin Zakir Qaralova göndərdiyi ərizədən
Elşad Abdullayevin Zakir Qaralova göndərdiyi ərizədən
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayev Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova ərizə göndərib. Sabiq rektor 105157 nönmrəli cinayət işi ilə bağlı ərizənin nüsxəsini Amerikanın Səsinə göndərib. Ərizəni olduğu kimi təqdim edirik:

Hörmətli cənab Baş Prokuror!
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılmış müstəqil
istintaq komissiyasının işinə prosessual rəhbərliyi həyata keçirən şəxs kimi növbəti
dəfə Sizə müraciət etmək məcburiyyətindəyəm.
Bir hüquqşünas kimi başa düşürəm ki, cənab Prezidentin sərəncamı şəxsən Sizin tərəfinizdən faktiki olaraq icra olunmayıb, çünki komissiyanın fəaliyyətinə prosessual
rəhbərliyin Sizin tərəfinizdən həyata keçirilməsi özlüyündə onun müstəqil olmaması
anlamına gəlir və bu asılılıq artıq komissiyanın fəaliyyətində hiss olunmaqdadır.
Komissiya fəaliyyətdə olduğu üç aydan artıq müddət ərzində qardaşım Mahir
Abdullayevin tapılması və onun mütəşəkkil cinayətkar təşkilat tərəfindən oğurlanması
faktına görə başlanmış cinayət işinin açılması istiqamətində demək olar ki, bir addım
da irəli getməyib.
Mənə məlumdur ki, komissiyanın əsas işi bu müddət ərzində mənə qarşı yönəlib,
mənim cinayət məsuliyyətinə cəlb olunmağım və həbs edilməyim üçün «sübutlar»
toplamaqdan ibarətdir.
Yəqin məlumatınız var ki, komissiya cinayət törətmiş şəxslərin deyil, mənim
qohumlarımın, ailə üzvlərimin əmlakını araşdırmaqla məşğuldur, onların əmlakı
üzərinə şəxsən Sizin təqdimatınız əsasında qanunsuz olaraq həbs qoyulmuşdur.
Bundan əvvəl bir neçə dəfə Sizə konkret vəsatətlərlə müraciət etsəm də onların heç birinə cavab verməmisiniz.
Əgər bu mənim yaşadığım ünvanı bilməməyinizlə bağlıdırsa cavabı nümayəndəmin vasitəsi ilə göndərə bilərsiniz. Bu müraciətim konkret bir məsələ ilə, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Arzu Kazımovun vəkili Ramiz Zeynalovun son günlərdə kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrlə bağlıdır. Mən Ramiz Zeynalovun kimliyini bildiyim üçün ona cavab verməyə də bilərdim. Onun hansı ağıl, savad və başlıcası isə əxlaq sahibi olması hamıya, o cümlədən də şəxsən Sizə çoxdan gözəl məlumdur. Ramiz Zeynalov öz deməsinə görə Siz Nəsimi rayonunda prokuror olan vaxt şəxsi mirzəniz olub, Sizin bütün qərarlarınızı və sənədlərinizi tərtib edib, bunun nə dərəcədə doğru və yalan olmasını siz yaxşı bilərsiniz, amma deyilənlərə görə vaxtı ilə Sizə də «atdığına» görə münasibətləriniz pozulub.
Bunları nəzərə alaraq mən onun səviyyəsinə enmək istəmirdim, amma məsələ
burasındadır ki, Ramiz Zeynalov öz sözünü demir, kimlərinsə zurnasını çalır və ona
cavab vermədikcə zurnasının səsi daha zilə qalxır.
Onun müsahibələrindən də görünür ki, o, Arzu Kazımovdan daha çox, mənə qarşı
törədilmiş cinayətlərin əsas təşkilatçılarını bu işin arxasında duran şəxsləri müdafiə etməyə çalışır.
Ramiz Zeynalov ona arxa duran siyasi güc sahiblərinə söykənərək böhtan xarakterli və cinayət məsuliyyəti sayılacaq fikirləri söyləməkdən belə çəkinmir.
Ramiz Zeynalovun sonuncu müsahibələrindən bir neçə məqamı diqqətinizə
çatdırmaq istərdim.
Ramiz Zeynalov kütləvi informasiya vasitələriylə heç bir maddi dəlil və hüquqi
faktlara əsaslanmadan, istintaqın diqqətini cinayətin əsas mahiyyətindən
yayındırmaq və buna paralel olaraq cinayətkarları gizlətmə məqsədiylə
cinayətkar dəstə tərəfindən oğurlanan MTN mayoru, qardaşım Mahir
Abdullayevin mənim pulumu götürüb qaçması və bir müddət Kürdəmirdə,
qohumlarının evində gizlənməsi və daha sonra mənim qardaşımı öldürdüyümə
və o cümlədən digər qardaşım Eldəniz Abdullayevin bəzi şeyləri bildiyi və bunu
açıqlamaq istədiyi üçün mənim tərəfimdən zəhərlənməsiylə dair heç bir məntiqə,
əxlaqa sığmayan, həqiqətdən uzaq və həmçinin zərərçəkmişin ailəsini şantaj
məqsədiylə informasiyalar yaymaqla məşğuldur.
Bu artıq zərərçəkmişin ailəsinə qarşı heç bir oyun qaydasına, hüquq
müstəvisinə sığmayan mənəvi terror deməkdir, müxtəlif təhdid və şantaj
elementlərindən istifadə etməklə zərərçəkmişin ailəsini susdurmaq məqsədi
daşıyır.
Biz bir ailə olaraq artıq 10 ilə yaxındır ki, dövlət resurslarından istifadə edən
mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlanan və sonrakı taleyi bizə qaranlıq qalan qardaşım, MTN mayoru Mahir Abdullayevin tapılması və bu cinayəti işləyənlərin cəzalandırılması ümidiylə və səbriylə yaşayırıq.
Ramiz Zeynalovun xüsusi canfəşanlıqla zərərçəkmiş tərəf haqqında heç bir əxlaq
normasına sığmayan ittihamlar irəli sürməsi, hal-hazırda həmin dəstənin hələ də öz qaranlıq cinayətlərini ört-basdır etmə fəaliyyətiylə məşğul olduğunu göstərməkdədir.
Ramiz Zeynalovun adaşı Ramiz Mehdiyevi kəskin şəkildə müdafiəsi, bu cinayətin
iştirakçılarından biri olan Arzu Kazımovun həbsdən çıxarılmasında maraqlı siyasi
qüvvənin prezident icra aparatının müdürü olduğu iddialarını gücləndirməkdədir.
Mən bu iş üzrə zərərçəkmiş şəxs kimi Zeynalovun bu əməllərinə son qoymaq üçün
Sizdən tələb edirəm ki, Zeynalov yuxarıda qeyd olunan məlumatları istintaq orqanına rəsmi surətdə təqdim etmişdirsə, onun şahid qismində dindirilməsini təmin edəsiniz və barəsində cinayət edilməsi haqqında bilə-bilə dezinformsiya xarakterli məlumatlar yayaraq yalan xəbərçilik etmək və istintaqı səhhv istiqamətə yönəltmə cəhdinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə cinayət işi başlanılmasına göstəriş verəsiniz.
Ərizəmin prokurorluq orqanlarında qanuni həllini tapacağına hələki ümid edərək,
göstərdiyim faktlа bağlı qanuni araşdırma aparılmasına və nəticəsi barədə mənə ətraflı cavab verilməsinə göstəriş verməyinizi Sizdən xahiş edirəm.
Ərizəmin Sizə çatmasına əmin olmaq üçün onun surətini kütləvi informasiya
vasitələrinə göndərirəm.

Hörmətlə,
Zərərçəkmiş
Hüquq elmləri doktoru Elşad Abdullayev
30 yanvar 2013-cü il.

Elşad Abdullayevin Zakir Qaralova göndərdiyi ərizədən
Elşad Abdullayevin Zakir Qaralova göndərdiyi ərizədən
XS
SM
MD
LG