Accessibility links

Elşad Abdullayev: Sevinc Babayeva yeganə şahid deyildi… qurbanların sayı arta bilər


Bunların bir sıra ölkələrdə, Türkiyədə “aşpaz” adı altında killerləri var… Bu adamların hamısı 4-cü idarədə birləşir… Məni Ramiz Mehdiyevlə Eldar Mahmudov görüşdürüb…

“Azadlıq” qəzeti lisenziyası ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı rüşvət videosunun “qəhrəman”larından Sevinc Babayevanın ölümündən sonra Elşad Abdullayevlə müsahibə aparıb. Müsahibəni təqdim edirik.

- Qəzetin ilk sualı Sevinc Babayevanın ölümü ilə bağlı olub.

- Hadisələrin bu cür cərəyan etməsi göstərir ki, Müstəqil Istintaq Komissiyasının fəaliyyətinə maneçilik törətmək istəyənlər var. Imkan vermirlər ki, komissiya normal fəaliyyət göstərsin. Məlumdur ki, mafiya şahidləri sevmir. Videolardan da göründüyü kimi, Sevinc Babayeva dövlət səviyyəsində baş verən cinayətlərin əsas şahidlərindən biri idi.

Mən bu məsələ ilə bağı mümkün qədər rəy bildirməməyə çalışıram. Amma təəssüf ki, Azərbaycanda hüquq sistemi bərbad durumdadır. Nəinki Sevinc Babayeva, hətta zərərçəkən olan mənim özümə də hücum edirlər. Təsadüfi deyil ki, bu yaxınlarda Avropa Komissiyasının vitse-prezidenti də Azərbaycanda cəzasızlıq mühitinin hökm sürdüyünü bəyan etdi. Bu, xüsusən siyasi motivli cinayətlərə aiddir.

Əslində, mənim ətrafımda baş verən cinayətlərin kökündə qardaşım Mahir Abdullayevin mütəşəkkil cinayətkar təşkilat tərəfindən oğurlanması durur. Gülər Əhmədova və Sevinc Babayeva ilə ilk danışıqlarımız da Mahirin geri qaytarılması ilə bağlı olub. Deputat mandatı məsələsi də bundan ibarət idi ki, deyirdilər, sən deputat olandan sonra 2-3 günə qardaşını qaytaracaqlar. Əgər vaxtında Mahirin oğurlanması ilə bağlı düzgün istintaq aparılsaydı, cinayətin sifarişçi və icraçıları məsuliyyətə cəlb olunsaydı, son olaylar da baş verməyəcəkdi.

Təsəvvür edin ki, Mahirin oğurlanması ilə bağlı cinayət işi indiyə qədər 12 müstəntiqin icraatında olub. Amma hələ də açılmayıb.

Onu da deyim ki, Mahirin oğurlanması və bununla bağlı digər cinayətlərdə Sevinc Babayeva yeganə şahid deyildi. Ona görə də qurbanların sayı çox ola bilər. Amma bunlar yanılırlar. Istər Mahirin oğurlanması, istərsə də mandat məsələsi bütün dünyada izlənilən bir məsələdir. Çünki bu cinayətkar əməlləri sübut edən lent yazılarının bir qismi Avropa Məhkəməsinə və bir sıra başqa beynəlxalq təşkilatlara da göndərilib. Konkret olaraq, Sevinc Babayeva bütün bu cinayətləri ört-basdır etmək məqsədilə aradan götürülübsə, nəzərə almalıdırlar ki, təkcə onunla bağlı məndə təxminən 25-ə qədər video və audio yazı var.

Mən Bakıda olanda bütün bu məsələlər barədə danışmağa imkan vermirdilər. Təsəvvür edin, qardaşımızı oğurlayıb girov götürüblər, əlimiz daşın altındadır, pulumuzu alıblar ki, gedib sakit oturun qardaşınızı qaytaracaqlar, əgər danışsanız, qardaşınızı da, sizi də məhv edərik. Bu günkü hadisələr də göstərdi ki, bunlar dediklərini eləməyə qadirdilər... Burada mənə müvafiq orqanlar deyirlər ki, onların məqsədi səni Bakıya aparıb, bu işi qapatmaqdır.

Hesab edirəm ki, Sevincin məhz Istanbulda dünyasını dəyişməsi də təsadüfi deyil. Məndə olan məlumata görə, bunların bir sıra ölkələrdə, o cümlədən Türkiyədə “aşpaz” adı altında killerləri var. Mən özüm də belələri ilə qarşılaşmışam. Sadəcə, hüquqşünas olduğuma, vaxtilə MTN akademiyasında dərs dediyimə görə niyyəti dərhal başa düşüb, təhlükədən yayına bilmişəm.

Sevinc Babayeva, Arzu Kazımov, Rövşanə Əliyeva və bunların başqa adamları ilə bağlı məndə olan videolara baxanda görünür ki, onların hamısı eyni mərkəzdən idarə olunur. Onu da deyim ki, bunların belə adamları xarici görkəminə, danışıq qabiliyyətinə görə xüsusi seçilmiş adamlar olur. Eyni mərkəzdən idarə olunan, lakin adını çəkmədiyim adamlarla bağlı məndə olan videoları da vaxtı gəldikcə açıqlayacam. Bu adamların hamısı 4-cü idarə deyilən bir qurum var, orada birləşirlər.

Arzu Kazımov həmişə mənə deyirdi ki, sən hüquqşünassan, ona görə də sənə elə gəlir ki, ölkədə hər şey hüquq müstəvisində həll olunur. Biz elə bir yerdə yerləşirik ki, bura nə polis, nə MTN, nə də prokurorluq girə bilər. Biz heç nazirləri də saymırıq. Yeri gəlmişkən, bunu mənə Sevinc Babayeva da deyirdi. Onlarda o qədər arxayınlıq var idi ki...

Dünən Hacı Məmmədov idi, bu gün başqalarıdır. Idarəçilik prinsipi eynidir. Bunlar Azərbaycan xalqı ilə işğalçı kimi davranırlar. Hərdən qardaşımın oğurlanması ilə bağlı işi analiz edəndə fikirləşirəm ki, bəlkə Bakını ermənilər işğal edib, xəbərimiz yoxdur.

- Bu günlərdə əleyhinizə bir video yayıldı. Həmin videoda Neman Kərimov adlı bir nəfər anasının vaxtilə sizin rəhbərlik etdiyiniz universitetdə işlədiyini və sizin ucbatınızdan intihar etdiyini bildirir...

- Mən o adamı yaxşı tanıdığımdan, o videoya axıra qədər baxmadan da təxmin etdim ki, barəmdə nə deyə bilər. Sabah onlar Qəddafinin, hətta Leninin də ölümünə görə məni günahkar çıxara bilərlər. O adam Arzu Kazımovun oğlu Zaur Kazımovun agentidir. Onlar polisdə bir yerdə işləyiblər. Zaur Kazımov Interpolda şöbə rəisi idi. O boyda vəzifəsini atıb gəldi Binəqədi rayonunda bir bölməyə polis rəisinin müavini. Işi-gücü də Beynəlxalq Universitetin müəllim və tələbələrini tutub mənim üzümə durğuzmaq idi.

Mən o adamın anasını qətiyyən tanımıram. Ümumiyyətlə, ABU-nun müəllimləri kimi çıxış edən, videoları yayılan adamların demək olar ki, heç birini tanımıram. Inanmayan varsa, bunu araşdırmaq çətin deyil. ABU müəllimləri barədə əmrlərin bir surəti məndədirsə, bir surəti də Təhsil Nazirliyindədir. Sadəcə, bu adamları mənim əleyhimə rəy yaratmaq üçün ABU-nun müəllimləri kimi qələmə verirlər. Onların bir çoxu, həmin o 4-cü idarənin adamlarıdır.

- Arzu Kazımovun vəkili bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxslə sizin aranızda Mahir Abdullayevin geri qaytarılmasına dair pul söhbəti ola bilməzdi, çünki aranızdakı danışıq Mahirin itməsindən aylar sonraya təsadüf edir...

- Ümumiyyətlə, Arzugil həmişə Azərbaycan hüquq-mühafizə orqanlarına yuxarıdan aşağı baxıb. Çünki onlara Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev himayədarlıq edib. Buna görə də həmişə arxayın danışıb. Qardaşım oğurlanana qədər mən Arzu Kazımov, Zaur Kazımov, Rövşanə Əliyeva adlı adamları tanımamışam.
Sevinc Babayeva, Gülər Əhmədova kimi, Rövşanə, Arzu Kazımov da Mahirin itkin düşməsindən bir müddət sonra özləri gəlib məni tapıblar.

- Ramiz Mehdiyev bir müddət əvvəlki açıqlamasında demişdi ki, sizi cəmi bircə dəfə, iki dəqiqəlik ayaqüstü qəbul edib, özü də çox nüfuzlu şəxslərdən birinin xahişindən sonra. Həmin görüşün təfərrüatları maraqlıdır...

- Həmin nüfuzlu şəxsin kimliyi və görüşdəki söhbətin təfərrüatlarını Ramiz Mehdiyevin özü desəydi, daha yaxşı olardı. Amma bir halda ki, istər “Azadlıq”, istərsə də başqa media orqanları buna aydınlıq gətirilməsinə israr edir, mən deyə bilərəm. Məlumdur ki, Ramiz Mehdiyevlə hər adam görüşə bilməz. Mən ona 147 şikayət məktubu göndərmişəm, bir o qədərini də yaxın qohumları, başqa şəxsi kanallarla çatdırmışam.

Həmin görüşə gəlincə, o zaman gördüm ki, Ramiz Mehdiyevin adamları sağa-sola vurur, onda milli təhlükəsizlik naziri Eldar Mahmudovun qəbuluna düşdüm. Ondan xahiş etdim ki, Ramiz Mehdiyevlə görüşməyimə yardım etsin. Eldar Mahmudov da mənim yanımda Ramiz Mehdiyevə zəng elədi, o da ertəsi gün saat 11-də məni qəbul etməyə razılaşdı. Bundan sonra Eldar Mahmudov mənə dedi ki, sabah saat 11-in yarısında MTN-də olum.

Orada nazir müavini Əli Nağıyevlə görüşməliydim, o da məni Prezident Aparatına aparmalıydı. Deyildiyi kimi də elədim. Əli Nağıyevlə getdik Prezident Aparatına. 3-cü girişdə Əli Nağıyev məni yola salıb qayıtdı, mən də qalxdım Ramiz Mehdiyevin qəbuluna. Görüşdə həm deputatlıq, həm də qardaşımın oğurlanması məsələlərini müzakirə etdik.

- Belə iddialar da var ki, siz videoları milli təhlükəsizlik nazirinin keçmiş müavini Əli Nağıyevin təhriki ilə yayırsınız...

- Yaydığım videolarla bağlı müxtəlif söz-söhbətlər var. Biri deyir, kiminsə təhriki ilə edirəm, biri deyir, burada xarici qüvvələrin əli var... Burada mənim yeganə məqsədim qardaşım Mahir Abdullyevin tapılmasıdır. Bunlar açıq cinayətin üstünü açmaq istəmirlər.

Buna görə də diqqəti yayındırmaq üçün müxtəlif belə söz-söhbətlər ortaya atırlar. Əli Nağıyevə gəlincə, hesab edirəm ki, o, Gülərin məsələsini də, Mahirin oğurlanmasıyla bağlı işi də bilir. Eyni zamanda, bu cinayəti bilə-bilə onun açılmasına yardım
göstərmədiyinə, susduğuna görə vəzifəli şəxs kimi məsuliyyət daşıyır. Vaxt gələcək, bu cinayətin üstü açılacaq, onda bunun üstünü indi bilərəkdən açmayan vəzifəli şəxslərin hamısı məsuliyyətə cəlb olunacaq. O cümlədən də MTN rəhbərliyi. Mümkün deyil ki, qurumun əməkdaşı oğurlansın, amma onların xəbəri olmasın.

- Bu günlərdə xəbər yayıldı ki, Azərbaycan hökuməti Fransa ilə sizin təhvil verilməyiniz üçün danışıqlar aparır. Bu haqda hər hansı məlumatınız varmı?

- Bəli, məndə də belə məlumatlar var. Amma Fransa hüquqi dövlətdir. Burada məsələlər onların başa düşdüyü tərzdə həll olunmur. Bildiyimə görə, əvvəl 3 senator dəvət olunub, sonra səfirlik səviyyəsində danışıqlar aparılıb. Bütün mümkün vasitələrdən istifadə ediblər. Hətta “aşpaz” killerlərindən də istifadə etmək istəyiblər. Amma əvvəl də dediyim kimi, bundan duyuq düşüb, müvafiq orqanlara məlumat vermişəm. Faktiki olaraq, dövlət öz vətəndaşına qarşı terrorla məşğuldur.

- Videoların yayımını dayandırmaq üçün sizinlə hər hansı danışıq olubmu?

- Bəli. Bayaq dediyim cəhdlər baş tutmayandan sonra bu yola da əl atdılar. Onların müəyyən adamları gəlib dedilər ki, ayıbdır, ağsaqqalın ünvanına belə söhbətlər yaymaq olmaz. Çünki yaxşı bilirlər ki, məndə elə videolar var, yaysam, Azərbaycanda xalq ağacları kökündən qoparıb bunları qabağına qatar. Ancaq mənim məqsədim heç də aləmi qarışdırmaq yox, qardaşımın tapılması olduğu üçün bunu etmirəm. Amma başqa tərəfdən də görürəm ki, istintaq komissiyası faktiki cinayətin üstünü açmaq istəmir.

Bundan başqa, məsələn, Rövşanə Əliyeva çıxıb deyir ki, mən Elşad Abdullayevi tanımıram. Belə olanda məcbur qalıb əlimdəki videonu yayıram ki, yalan danışdıqlarını sübut edim. Ya da Arzu Kazımovun oğlu deyir ki, Elşad Abdullayevi görməmişəm, tanımıram. Arzunun özü isə deyir ki, ondan pul almamışam. Necə yəni? Bizim söhbətlərin predmeti Mahirin qaytarılması üçün pulun alınıb-verilməsi olub. Növbəti videolarda onların yalan danışdığını da sübut edəcəyəm.

- Belə söhbətlər də var ki, hakimiyyətdaxili mübarizədə Ramiz Mehdiyev qruplaşmasını “vurmaq” üçün sizdən istifadə olunur...

- Burada heç bir qrup marağından söhbət gedə bilməz. Biz Azərbaycan qanunvericiliyinin tələblərinin yerinə yetirilməsini istəyirik. Qanunvericiliyin tələbi də xalqın tələbidir, hansısa qruplaşmanın yox. Azərbaycan qanunvericiliyində nəzərdə tutulur ki, kimliyindən asılı olmayaraq, vəzifəli şəxsin adı cinayət hadisəsində hallandırılırsa, həmin şəxs o iş araşdırıldığı müddətdə müvəqqəti də olsa, vəzifəsindən azad edilməlidir. Bunu bir qrupun marağı tələb etmir ki, qanun tələb edir.

- Siz özünüz bir hüquqşünas kimi istər Mahir Abdullayev, istərsə də Gülər Əhmədova ilə bağlı istintaqın nəticəsini necə görürsünüz?

- Müstəqil Istintaq Komissiyası oktyabrın 4-də prezidentin sərəncamıyla yaradılanda müəyyən işlər görürdü. Amma sonradan siyasi müdaxilələr komissiyanın fəaliyyətinə imkan vermədi. Konstitusiyaya görə hamı qanun qarşısında bərabərdir. Amma baş verənlər göstərir ki, heç də belə deyil.

Mahir Abdullayevin oğurlanmasının kriminalistik hüquqi xarakteristikası var, onun adını “qaydasız döyüş” qoymuşam. Bu məsələdə məni çaşdırmaq üçün ətrafımda çoxsaylı cinayətkar şəbəkələr yaradılıb. Məqsəd də bu olub ki, əsas cinayətkar və ya cinayətkarlar görünməsin. Bu da Azərbaycandakı mütəşəkkil cinayətkar şəbəkəyə xas xüsusiyyətdir ki, bunlar adamı sağ əlləri ilə vurub sol əllərini göstərirlər. Amma ağlımız imkan verir ki, onların nəinki sağ əlini, hətta qəlbini, beynini görək.

Müstəqil Istintaq Komissiyasının fəaliyyəti məni qətiyyən qane eləmir. Əvvəla, bu komissiya baş prokurora tabedir. Bu baş prokurorun tabeliyində olan adamlar işi ötən doqquz ildə açmayıblarsa, indi hansı əsasla mən nəticə gözləyim? Nəticə istəyiriksə, Müstəqil Istintaq Komissiyası ya birbaşa prezidentə tabe olmalıdır, ya da bu komissiyanın tərkibinə ixtisasca hüquqşünas olan nüfuzlu ictimaiyyət nümayəndələri də daxil edilməlidir. Əks halda, bu komissiya indiki kimi, Azərbaycandakı adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın üstünə getməyə qorxacaq.

Bundan başqa, Gülər Əhmədova ilə bağlı məlum cinayət işinin istintaqı Bakı şəhər prokurorluğunda aparılır. Hesab edirəm ki, bu iş də Mahir Abdullayevin işi üzrə Müstəqil Istintaq Komissiyasının araşdırdığı cinayət işinə birləşdirilməlidir. Bir daha qeyd edirəm, mənim Gülər Əhmədova, Sevinc Babayeva ilə ilk söhbətlərim məhz Mahirin tapılması məsələsilə bağlı olub.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG