Accessibility links

Elşad Abdullayev: Mən üzərimə düşən missiyanı yerinə yetirdim


Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin toplantısı

Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin toplantısı

Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsi Baş Prokurorluğa cavab verib

Son dövrlər Elsevər və Elşad Abdullayev barəsində verilən bəyanatlar və qəbul edilən qərarlar onların qardaşları Mahir Abdullayevin oğurlanması ilə bağlı apardığı araşdırma işləri kimləri isə narahat etdiyindən xəbər verir. Görünür kimlərsə bu araşdırmalardan ehtiyat edir. Bu barədə Mahir Abdullayevin Hüquqlarını İctimai Müdafiə Komitəsinin sədri Azad Mursəliyev Baş Prokurorluğun avqustun 26-da yaydığı məlumatı Amerikanın Səsinə şərh edərkən bildirib

Məlumatda deyilir kİ, Beynəlxalq Universitetin nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi faktları ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılaraq məhkəməyə göndərilib.

Universitetin rektoru Elşad Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir.

Azad Mursəliyev bu məlumat yayıldıqdan sonra hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevlə əlaqə saxlayıb. E.Abdillayev prokurorluğun məlumatı ilə bağlı bunları deyib:

“Bundan sonra, belə məlumatlar və ya bəyanatlar mənim üçün fərq etmir. Mən üzərimə düşən missiyanı yerinə yetirdim. Artıq ölkədə və xaricdə hamı bilir ki, Mahir Abdullayev və onun yaxınlarının başına hansı müsibətlər gətirilib. Eyni zamanda faktiki olaraq ictimaiyyətə Milli Məclisdə, hüquq-mühafizə orqanlarında, digər administrasiyalarda rüşvətin, rüşvətxorluğun tüğyan etməsi ilə bağlı dolğun və konkret faktlarla məlumatlar çatdırdım.

Bir Mahir məsələsi ilə respublikada öz populist çıxışları ilə tanınan onlarla insanın maskaları cırıldı, deşifrə olundu. Odur ki, bunlardan sonra işdən çıxarılmaq da olar, axtarışa verilmək də olar, hətta lazım gələrsə ölmək də olar”.

A.Mursəliyev hesab edir ki, son günlər hüquq-mühafizə orqanlarının qəbul etdiyi qərarlar Elşad Abdullayevin qələbəsini bir daha sübut edir.

“Məgər hüquq-mühafizə orqanları məlum məhkəmə qərardadından (qərardada görə, Elsevər Ağayev Mahir Abdullayevin avtomobilindən maddi sübutların götürülməsinə mane olub - red.) öncə neçə illər ərzində Elsevər Abdullayevin (o, Respublika Prokurorluğunun əməkdaşıdır- red.) “qeyd olunan cinayətləri”ni bilmirdi? Axı, həmin materialları prokurorluq özü məhkəməyə göndərib. Prokurorluq “ilanı Seyid Əhməd əli ilə” tutmaq istəyir. Yəni, prokurorluq öz məsuliyyətini məhkəmənin üzərinə atır”, o bildirib.

A.Mursəliyevin fikrincə, qərardad Abdullayevlər ailəsinə təzyiq məqsədi ilə qəbul edilib.

A.Mürsəliyev prokurorluğun Elşad Abdullayevin barəsində axtarış elan edilməsi ilə bağlı məlumatına da münasibət bildirib.

“Elşad Abdullayevin barəsində axtarış elan edilə bilməz. Bu adamın yaşadığı ölkə, şəhər, ünvan və telefon nömrəsi məlumdur. Elşad Abdullayev yaşadığı ünvandan Azərbaycanın rəhbərlərinə, hüquq-mühafizə orqanlarına müraciətlər göndərir. Elşad Abdullayevin ekstradisiyası ilə bağlı Fransa hökumətinə müraciət edilə bilər. Fransa hökumətinin praktikasında isə belə hallarda ölkəyə sığınmış insanın təhvil verilməsi qeydə alınmayıb”, - o vurğulayıb.
XS
SM
MD
LG