Accessibility links

İsveçdə mühacirətdə yaşayan güneyli yazar və siyasi fəal Eldar Qaradağlı Amerikanın Səsinə müsahibədə bu yaxınlarda nəşr etdiyi Sürgün Umudlar adlı kitabı haqqında danışıb. Qaradağlının tarixi roman janrında qələmə aldığı üç cildlik kitabda 1945-də qurulmuş Təbriz mərkəzli qısa ömürlü Azərbaycan Milli Hökümətinin əməkdaşları və onların yaxınlarının İranın ucqar bölgələrinə sürgün edilməsi təsvir edilir.

Eldar Qaradağlı Sürgün Umudlar kitabını türk ailələrinin Azərbaycan vilayətlərindən sürgün edilərkən üzləşdiyi zülm və çətinlikləri işıqlandırmaq hədəfi ilə yazdığını ifadə edir:

İnsanları Təbrizdən, Urmiyədən, Ərdəbildən və Azərbaycanın hər nöqtəsindən sürgün etməyə başlayırlar. Onların faciəvi durumu ilə bağlı çox az yazılmış və işığa çıxmamışdır bu faciələr.

“Bizim ədəbiyyatımız, özəlliklə siyasi ədəbiyyatımız ağır basqılar altında olub. Təbii ki, bu da türkcənin basqı altında olması ilə əlaqəlidir. Və bunlar qayıdır bizim köhnə dərdlərimizə 1945-də qurulan hakimiyyətimizin çöküşündən sonra bir çox aydınımız Quzeyə qaçır. Onların haqqında yazılar yazılmış. Ən azından qaçanlar özləri fürsət tapıb xatirələr yazıblar...

Bu arada qısa bir zaman içində dardan asılıb ya güllələnərək öldürülən 30-40 min insanımızın yaxınları olan əli yalın ailələr İranın ucqar bölgələrinə sürgün edilir. O ailələr ki, 2-3 şəhid verirlər və uşaqları, ya qoca ata-anaları qalır, bunları Təbrizdən, Urmiyədən, Ərdəbildən və Azərbaycanın hər nöqtəsindən sürgün etməyə başlayırlar. Onların faciəvi durumu ilə bağlı çox az yazılmış və işıq üzünə çıxmamışdır bu faciələr.”

Yazar Sürgün Umudlar əsərinin bədii ədəbiyyat olduğunu ancaq həmin sürgündə yaşanan gerçək olaylar və zülmləri əks etdiyini vurğulayır.

Seyid Cəfər Pişəvəri Mili Hökumətin kabinet iclasına sədrlik edir, 1945.

Seyid Cəfər Pişəvəri Mili Hökumətin kabinet iclasına sədrlik edir, 1945.

“Mən bunu yazmağa qərar verdiyim zaman milli hökümət dönəmindən qalan bir çox ağsaqqal və qarı nənələr ilə ki, ömürlərinin sonlarını keçirirdilər danışmışam... Əlbəttə, yazdığım roman tamamilə qurğudur, amma realist bir romandır və gerçəkdən də bizim millətimizin həyatında baş verib və hələ də izləri qalır,” deyə o bəyan edir.

Sürgün Umudlar kitabında milli hökümət dövrü və ondan sonra olanlardan əlavə İran Azərbaycanında baş verən müxtəlif hərəkatlar və digər ictimai olaylara da yer verilib.

“Romanın xarakterlərinin xatirələri də vardır. Orada cilovluq olayları da deyilir, milli hökümətin devrilməsindən sonra baş verən olaylar və ondan sonrakı üsyanlardan da bəhs edilir. Romanın əsas xarakteri bu dövrlərinin hamısını yaşayır,” deyə Eldar Qaradağlı söyləyir.

XS
SM
MD
LG