Accessibility links

Ələsgər Məmmədli: QHT-lərlə bağlı hələ fundamental addım atılmayıb [Video-Müsahibə]


Hüquqşünas Amerikanın Səsinə müsahibəsində ölkədəki QHT-lərin durumundan danışıb

Hüquqşünas Ələsgər Məmmədli Amerikanın Səsinə müsahibəsində yerli Qeyri Hökumət Təşkilatlarının (QHT), beynəlxalq QHT-lərin, donorların qeydiyyatı ilə bağlı mövcud problemlərdən danışıb.

Amerikanın Səsi: Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı hökumətin iradəsində hansı müsbət dəyişikliklər baş verib?

Qanunvericiliyə süni şəkildə bir çox məhdudiyyətlər gətirilmişdi, onların aradan qaldırılması istiqamətində hələ bir təşəbbüs yoxdur.

Ələsgər Məmmədli: Son vaxtlar müəyyən mənada bəli, müsbət dəyişikliklər kimi xarakterizə olunan hərəkətlər var. Xüsusən Mədən Sənayesində Şəffaflıq Koalisiyasına qoşulan QHT-lərin cinayət işlərinin dayandırılması, onların bəzilərinin ölkədən çıxışına qoyulan məhdudiyyətlərin, bəzilərinin gömrükdə yoxlama prosedurlarının aradan qaldırılması var. Bank hesablarındakı həbslərin qismən götürüldüyü deyilir. Bunlar müsbət addımlardır. Amma hələ ki, fundamental addım atılmayıb. Yəni başladılan cinayət işinin ləğvi məsələsi yoxdur. Qanunvericiliyə süni şəkildə bir çox məhdudiyyətlər gətirilmişdi, onların aradan qaldırılması istiqamətində hələ bir təşəbbüs yoxdur.

Amerikanın Səsi: Beynəlxalq donorların və beynəlxalq QHT-lərin hazırki anda Azərbaycanda fəaliyyəti mümkündürmü?

Praktiki olaraq bir çox beynəlxalq donorların Azərbaycanda qeydiyyata alınmaq kimi bir dərdi yoxdur. Yəni Azərbaycan qrant almır, almasın.

Ələsgər Məmmədli: Hüquqi aspektdən baxanda onlar guya donor kimi qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçdikdən sonra, eyni zamanda nümayəndəliyi və ya filalı qeydiyyata alındıqdan sonra fəaliyyəti mümkündür. Praktiki olaraq bu mümkündürmü? Praktiki olaraq bir çox beynəlxalq donorların Azərbaycanda qeydiyyata alınmaq kimi bir dərdi yoxdur. Yəni Azərbaycan qrant almır, almasın. Azərbaycan QHT-ləri bu sferada iş görə bilmir, görə bilməsin, onların problemi deyil. Çünki beynəlxalq QHT-lər müxtəlif ölkələrdə işləyir. Onlardan biri olmasa da olar. Praktiki baxımından düşünürəm ki, beynəlxalq donorların 99 faizi buna getməyəcək. Bunun üçün də beynəlxalq mənbədən legitim yolla alınan qrant imkanları olmayacaq. İstisna 1-2 faiz ola bilər ki, dolayı olaraq, özünün nümayəndəliyinin aldığı qrantdan təzədən nümayəndəlik vasitəsi ilə qeydiyyatdan keçirib nümayəndəliyi donor kimi göstərə bilər. Beləliklə də öz nümayəndəliyinin öz təşkilatının yerli ofisinə verdiyi pulu donor kimi göstərə bilər. Bu istiqamətdə yəqin ki, müəyyən hərəkətləri yaxın vaxtlarda görəcəyik.

Amerikanın Səsi: Beynəlxalq qrantların qeydiyyatı ilə bağlı hansı yeniliklər var, mümkündürmü?

Siyasi iradə olsa və 2014-cü ilə qədər necə işləyirdik, bu ilədək vətəndaş cəmiyyəti beynəlxalq donorlardan ildə təxminən 20-25 milyon dollar vəsait cəlb edə bilirdi. Bundan sonra da həmin mühit yaradılarsa mümkündür.

Ələsgər Məmmədli: Yenilik yoxdur. Yenilik odur ki, məhdudlaşdırmalar var. Yəni “Donor qeydiyyatı haqqında” qanunda açıq şəkildə göstərilib. Ayrıca beynəlxalq mənbədən olan xidməti müqavilələr QHT-lərə yönəlirsə bunlar da qeydiyyata alınmalıdır. Bu da bir problemdir. Mümkündürmü? Əlbəttə mümkündür. Siyasi iradə olsa və 2014-cü ilə qədər necə işləyirdik, bu ilədək vətəndaş cəmiyyəti beynəlxalq donorlardan ildə təxminən 20-25 milyon dollar vəsait cəlb edə bilirdi. Bundan sonra da həmin mühit yaradılarsa mümkündür. Amma bunun üçün öncəlikdə son 2014-2016-cı il ərzində qanunvericiliyə edilmiş dəyişikliklər (bura 2013- cü il dekabrın 17-də qəbul edilmiş dəyişikliklər də daxildir. Buraya həm “Qrant haqqında”, “QHT və İctimai Birliklər haqqında”, “Hüquqi şəxslərin dövlət reyestri və qeydiyyatı haqqında”, “İnzibati Xətalar Məcəlləsi”nə edilən dəyişikliklər daxildir) aradan qaldırılmalıdır.

XS
SM
MD
LG