Accessibility links

Elşad Abdullayev: Var gücümlə, imkanım daxilində ifşa etməyə çalışdığım cinayətkar təşkilat hələ də fəaliyyətdədir


Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayev

Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayev

Milli Təhlükəsizlik naziri ABU rektoruna məktub göndərib… Prokurorluq yenə də cinayət törətmiş şəxsləri deyil, məni nişan götürüb. Prokurorluq ABU-da qanunsuz axtarış aparmaqla məşğuldur

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev “Azadlıq”a yeni müraciət və əlavə olunmuş rəsmi sənəd göndərib.

Sənəd milli təhlükəsizlik naziri Eldar Mahmudovun Elşad Abdullayevə rəsmi məktubudur. Həmin məktubun mətnilə sabiq rektorun müraciətində tanış olacaqsınız. Beləliklə, Elşad Abdullayev yazır:

“Əvvəlki müraciətlərimdə qeyd etdiyim kimi, qardaşım Mahir Abdullayevin işilə bağlı hüquq-mühafizə orqanlarının hərəkətsizliyinə nəhayət ki, son qoyulub. Sevindirici haldır ki, dövlət rəsmilərinin də bu məsələ ilə bağlı susqunluğuna nəhayət, son qoyulub. Əvvəlki müraciətlərimdən də tam əminəm ki, ölkə başçısının müdaxiləsindən sonra prokurorluq qardaşım Mahir Abdullayevin oğurlanması faktına görə başlanmış cinayət işi üzrə istintaq aparılması üçün müstəqil istintaq komissiyası yaratmış, mandat qalmaqalı ilə bağlı cinayət işi başlanmış, Gülər Əhmədova deputat mandatından imtina etməyə məcbur olmuş, MSK onun mandatının alınmasını təsdiq etmişdir. Son müraciətimdən sonra isə Gülər Əhmədova müvəqqəti də olsa, həbs edilmiş, ona dələduzluq maddəsilə ittiham elan edildikdən sonra mənə məlum olan himayədarının köməyilə həbsdən azad edilmişdir.

Tam məsuliyyətilə deyirəm ki, bütün müsbət dəyişikliklər mənim bu məsələləri ictimailəşdirməyimin nəticəsidir. Buna görə də mən vaxtaşırı əlimdə olan sənəd və sübutları ictimailəşdirməkdə davam etmək məcburiyyətindəyəm. Çünki hadisələrin inkişafı mənə belə deməyə əsas verir ki, proseslər yenə də hüquq müstəvisində inkişaf etmir. Var gücümlə, imkanım daxilində ifşa etməyə çalışdığım cinayətkar təşkilat hələ də fəaliyyətdədir. Əllərində olan səlahiyyətlərdən və dövlətin gücündən cinayəti açmaq üçün yox, əksinə, onu ört-basdır eləmək üçün mənə qarşı istifadə etməyə çalışırlar.

Prokurorluq yenə də cinayət törətmiş və buna görə də məsuliyyətə cəlb edilməli olan şəxsləri deyil, məni nişan götürüb. Artıq bir neçə gündür ki, prokurorluq Azərbaycan Beynəlxalq Universitetində qanunsuz axtarış aparmaqla məşğuldur.

Eyni zamanda, Ramiz Mehdiyevin mənim barəmdə səsləndirdiyi absurd ittihamlardan sonra onun Siyavuş Novruzov kimi tör-töküntüləri də mənə qarşı “hücuma keçiblər”. Iş o yerə çatıb ki, “görkəmli hüquqşünas” Siyavuş Novruzov mənim - iş üzrə zərərçəkmiş şəxsin ekstradisiya olunmasını təklif edir. Mən sonuncu video-müraciətimdə bir çox suallara cavab vermişəm. Əvvəllər qeyd etdiyim kimi, yenə də bildirirəm ki, mən video-görüntülərin və audio-yazıların yayılmasının, bu işin siyasiləşməsinin tam əleyhinəyəm.

Lakin başda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev olmaqla, əks tərəf mənə başqa çıxış yolu qoymadığından, mən öz təhlükəsizliyimi təmin etmək və qardaşımın işi üzrə obyektiv həqiqətin müəyyənləşdirilməsinə nail olmaq məqsədilə bu addımları atmağa məcburam.

Hadisələrin sonrakı axarı göstərdi ki, məni qəbul etməsi və deputatlıq məsələsi Ramiz Mehdiyevin əvvəlcədən planlaşdırdığı məkrli oyunun tərkib hissəsi olub. Bu oyun Azərbaycan Beynəlxalq Universitetini mənim əlimdən almaq üçün hazırlanmışdı.

Dediklərimi sübuta yetirmək üçün bir sənədi sizə göndərirəm və onu dərc etməyinizi xahiş edirəm.

Milli təhlükəsizlik naziri Eldar Mahmudovun imzası ilə 23 iyun 2008-ci ildə mənə məktub göndərilib. Məktubda bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyinin polkovniki Əliyev Fikrət Əlisəftər oğlu Azərbaycan Beynəlxalq Universitetinə ümumi işlər üzrə prorektor təyin etmək üçün göndərilir.

Məktubu mənə şəxsən Fikrət Əliyevin özü təqdim etmişdi. Bundan sonra o, bir müddət prorektor vəzifəsində çalışdı. Lakin sonradan bizim aramızda konflikt yarandı. Çünki Ramiz Mehdiyev tələb edirdi ki, mən universitetin təsisçiliyindən imtina edim. Təsisçi Fikrət Əliyev olsun, mən isə rektor kimi qalım. Mən isə razılaşmadım və bundan sonra problemlər başladı. Və mən ölkəni tərk etməyə məcbur oldum.

Mən ölkədən getdikdən sonra Fikrət Əliyev universitetə məxsus olan “Nissan Teana” markalı, 2008-ci ilin buraxılışı olan 90-AN-040 dövlət nömrə-nişanlı maşını saxta sənədlər əsasında öz firmasının adına keçirib. Bu məsələ ilə əlaqədar mən müvafiq dövlət orqanlarına da müraciət etməyi planlaşdırıram. Buna baxmayaraq, əvvəlcə bu məsələni Sizin vasitənizlə ictimailəşdirmək qərarına gəldim".

Elşad Abdullayev əvvəlki açıqlamalarında da Fikrət Əliyevin adını çəkib. Sabiq rektor bildirib ki, Fikrət Əliyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni, deputat Ilham Əliyevin qardaşıdır.
XS
SM
MD
LG