Accessibility links

Elvin Abdullayev: Həbsim diktator üzərində qələbəmdir [Video]


AXCP fəalı 6 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsi AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayevi (Abdullazadə) 6 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə Elvin Abdullayevi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə təqsirli bilib.

İttihamı qəbul etməyən və siyasi sifariş hesab edən Abdullayev məhkəməyə son sözündə qalib olduğunu deyib.

“Bu mənim son sözüm deyil. Son söz tanrı dərgahındadır. Mən xoşbəxtəm, mən qalibəm. Bu mənim diktator üzərində qələbəmdir, çünki siyasi məhbusam. Zalım diktator hakimiyyəti məndən qorxur. Məni həbsə salmaları mənim qələbəmdir, diktator rejiminə tabe olmamağım mənim qələbəmdir. Özü 3 ton heroin satan hakimiyyət məni bir neçə qram qurama narkotik ittihamı ilə həbs edib. Gün gələcək başda prezident olmaqla bu rejim burada mühakimə ediləcək”, o qeyd edib.

Bu zaman hakim Fikrət Qəribov fəalın sözünü kəsib və bunu qanunvericilik daxilində etdiyini bildirib. Hakimin qərarı zalda kəskin etiraza səbəb olub.

Sonra Elvin Abdullayev bunları deyib.

“Məni həbs etməkdə məqsəd gəncliyin gözünü qorxutmaq idi. Amma əks-effekt verdi. Əsl cinayətkarlar oturub hakimiyyətdə. İnqilab olacaq, hakimiyyətdəkilər istəməsə belə, inqilab olacaq. Növbədə Azərbaycanda demokratik inqilabdır. Bu olacaq, mütləq olacaq. Yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan milləti! Yaşasın Türk xalqı! Yaşasın Xalq Cəhbəsi!” deyə o son sözünü başa vurub.

Fəalın son sözü zalda davamlı alqışlarla qarşılanıb. Həmfikirləri “Elvin, zindanda bizik, sən azadlıqdasan”, “Dövrün tarixi çıxışı”, “Biz qalibik” və başqa bu kimi sədalarla ona müraciət edib.

Məhkəmə zalında olan AXCP sədri Əli Kərimli Elvin və anası Zülfiyyə Abdullayevlərə müraciət edib.

“Hər kəs sadəcə başa düşsün ki, belə oğul və analar olmasa millət ayaq altında qalar”, deyən AXCP sədri sonradan jurmalistlərə ölkədə diktatura rejiminin insanları fikrilərinə görə həbsə atdığını bildirib.

“Ölkədə repressiya tüğyan edir. Gerçək mənada 37-ci il davam edir”, o qeyd edib.

Zülfiyyə Abdullayeva isə hakimə xitabən hər kəsin övladı olduğunu xatırladıb.

“Azərbaycanda ədalətli məhkəmə sistemi yoxdur. Məhkəmənin qərarı ədalətli deyil və gözlənilən idi” - deyə ana qeyd edib.

O, məhkəmənin hökmündən apellyasiya şikayəti veriləcəyini bildirib.

XS
SM
MD
LG