Accessibility links

Mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin üzvü Elvin Abdullayevin (Abdullazadə) işi üzrə növbəti məhkəmə iclası keçirilib. O, narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunur.

İclasın əvvəlində vəkil Əli Mehdiyev qeyd edib ki, məhkəmə Elvin Abdullayevin günahını sübuta yetirməyib. Məhkəmə hərtərəfli obyektiv araşdırma aparmayıb.

Elvin Abdullayev yanvarın 8-də Pedaqoji Universitetdə imtahan verdikdən sonra saat 11:30-da Sahil parkında saxlanılıb. Onu maşına əyləşdirib əllərini qandallayıblar və polisə aparıblar. 8 saatdan sonra geyimlərinə baxış keçirilib ki, bu da qanun pozuntusu sayılır.

Elvin Abdullayevi şəxsən görməyən istintaqçı onun həbsi barədə qərar verib. Müdafiə tərəfinin vəsatətinə baxmayaraq, istintaqçı məhkəməyə çağırılmayıb.

Şahidlərdən biri - Dərgah Quliyev 2008-ci ildən Bakıda və ölkə rayonlarının müxtəlif məhkəmələrində şahid kimi çıxış edir.

Bundan əlavə, məhkəmə Türkel Azərtürkün əlavə şahid kimi çağırılması barədə müdafiə tərəfinin vəsatətini təmin etməyib.

Elvin Abdullayev polisdə olarkən öz fotosunu mobil telefona çəkib və Facebook-a qoyaraq saxlandığını bildirib.

Polis əməkdaşları bunu biləndə materialın götürülməsini tələb ediblər. Lakin o vaxta qədər Türkel Azərtürk fotonu görərək başqaları ilə paylaşıb.

Bundan sonra yoldaşları Elvin Abdullayevə telefon etməyə başlayıblar, lakin polis onun telefonunu alıb.

Vəkilin sözlərinə görə, Elvin Abdullayev polis idarəsində pilləkənləri düşərkən narkotik maddəni onun şalvarının arxa cibinə qoyublar. Bununla əlaqədar vəkil yeni məhkəmə istintaqının keçirilməsi barədə vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin etməyib və vəkilin yekun sözlə çıxış etməsini təklif edib.

Vəkil vaxt istəyib. Proses mayın 29-da davam edəcək.

Bundan öncə prokuror Elvin Abdullayevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Elvin Abdullayev CM-in 234.4.3-cü maddəsi(külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham olunur. O, ittihamı qəbul etmir və siyasi sifariş hesab edir.

XS
SM
MD
LG