Accessibility links

Elxan Şahinoğlu: Gürcüstan seçkiləri Cənubi Qafqaz üçün bir yenilikdir [Audio]


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

“Biz indiyədək görmüşük ki, Cənubi Qafqazda hakimiyyətlər güc yolu ilə yıxılır. Seçkilərdə qaliblərin qələbəsi tanınmır. İnsanlar meydanlarda polislə toqquşur. Bu dəfə belə olmadı”.

Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsi radiosuna müsahibəsində Gürcüstan parlament seçkilərinin dərslərindən və regional təsirlərindəın danışıb.


“Bu seçkiləri Gürcüstan dərsləri adlandırmaq olar. Seçkilər demokratik, ədalətli və şəffaf keçib. Bu birinci nəticədir. İkinci nəticə odur ki, məğlub olan tərəf məğlubiyyətini etiraf edib və prezident Saakaşvili müxalifətə keçəcəyini bəyan edib. Üçüncü nəticə isə odur ki, bütün müşahidəçilər, hətta GUAM müşahidəçiləri seçkilərdə qanun pozuntularının olmamasını vurğulayıb”, politoloq qeyd edib.

Onun fikrincə, Gürcüstan seçkiləri Cənubi Qafqaz üçün bir yenilikdir.

“Biz indiyədək görmüşük ki, Cənubi Qafqazda hakimiyyətlər güc yolu ilə yıxılır. Seçkilərdə qaliblərin qələbəsi tanınmır. İnsanlar meydanlarda polislə toqquşur. Bu dəfə belə olmadı. Müxalifət qalib gəldi, meydanlara doluşdu və heç bir polis qüvvəsi onların qarşısını almadı. Bu baxımdan Gürcüstan seçkiləri Azərbaycan və Ermənistan üçün də örnək ola bilər”.

O Gürcüstan seçkilərinin Azərbaycanda 2013-cü ildə keçiriləcək prezident seçkilərinə təsirlərindən danışarkən deyib ki, ilk anlarda Saakaşvilinin blokunun reytinqi o qədər də aşağı deyildi.

“Amma, Gürcüstan həbsxanasındakı işgəncə faktı Saakaşvilinin blokuna seçkilərdə ciddi təsir etdi və məğlubiyyətə səbəb oldu. İndi Azərbaycanda da eyni situasiya var. Bir deputatın rüşvət alması ilə bağlı qalmaqallı video yayılıb. Bunun situasiyaya təsiri varmı? Yox. İnandırım ki, bu qalmaqallı video seçki dövründə də ortaya çıxsa idi, seçkinin “nəticələrinə” ciddi təsir etməyəcəkdi”.

E.Şahinoğlu hesab edir ki, Gürcüstan seçkiləri Azərbaycanda prezident seçkilərinə ciddi təsir etməyəcək.

“Çünki, prezident Saakaşvili konstitusiyaya görə, iki dəfədən artıq prezident seçilə bilməz. Amma, Azərbaycan konstitusiyasına dəyişiklik edilib, prezident istədiyi qədər iqtidarda qala bilər. Ən böyük fərq bundadır. Bir də Saakaşvili konstitusiyaya dəyişiklik edərək baş nazirin səlahiyyətlərini artırdı. Hesab edidir ki, seçkilərdə qalib gələcək və səlahiyyəti çox olan baş nazir olacaq. Gördüyünüz kimi, indiki halda səlahiyyəti çox olan baş nazir Bidzini İvanişvili olacaq”.

Ekspertin fikrincə, Gürcüstanda qurulacaq yeni hökumət Rusiya ilə münasibətlərdə dəyişiklik yaratmayacaq.

“Ola bilsin ki, iqtisadi münasibətlər bir qədər liberallaşsın. Doğrudur, İvanişvili pullarının çoxunu Rusiyada qazanıb. Ancaq, Rusiya Gürcüstanın ərazilərini ilhaq edib, orada bazalar yaradıb. Məhz bu, Gürcüstanın Rusiya ilə münasibətlərində istiləşmə olmayacağını bir daha təsdiq edir. Təkcə, İvanişvili Gürcüstanın xarici siyasət prioritetlərini dəyişə bilməz ”.

Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətləri isə müsbət xətt üzrə inkişaf edəcək.

“Çünki, Gürcüstan büdcəsinə Azərbaycan iqtisadiyyatından xeyir daxil olur. Hər üç ölkə birgə layihələrdə iştirak edir. Azərbaycan Gürcüstana güzəştli kreditlər verir, yanacaqdoldurma məntəqələri tikir, ölkənin qaz təchizatında mühüm rol oynayır. Türkiyə ilə də birgə layihələr var. Gələn il üç ölkənin birgə layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu istismara veriləcək”, - deyə o qeyd edib.

E.Şahinoğlu Gürcüstan müxalifətinin təcrübəsinin Azərbaycan müxalifəti üçün yaxşı bir örnək adlandırıb.

“İvanişvili bir neçə il öncə Gürcüstanda tanınmırdı. O gəldi və bütün müxalifəti ətrafında birləşdirdi, qalib gəldi. Təəssüf ki, Azərbaycanda bu gün müxalif fikirliləri ətrafında birləşdirəcək bir lider ortada deyil”, politoloq bildirib.
XS
SM
MD
LG