Accessibility links

Elxan Şahinoğlu: Azərbaycanın diaspor siyasətini müsbət qiymətləndirmək çox çətindir (audio)


Elxan Şahinoğlu, "Atlas" Araşdırmalar Mərkəzi
Elxan Şahinoğlu, "Atlas" Araşdırmalar Mərkəzi

Elxan Şahinoğlu: Məndə olan məlumatlara görə, ABŞ-da Azərbaycana tarixən bağlı olan təşkilatlarda belə ikitirəlik var. Təşkilatları bir arada cəmləştirmək üçün diaspor komitəsi iş aparmır ki, Amerika diaspor qurumları birləşib Azərbaycanın problemlərini Dövlət Departamenti, konqresmenlər, senatorlar qarşısında qaldıra bilsin. Dediklərimi, Almaniya, Fransa, Rusiya, hətta Türkiyədəki diaspor təşkilatlarına da şamil edə bilərik.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanın diaspor siyasəti və onun doğurduğu nəticələrə toxunub. Politoloqun araşdırmalarına görə, hazırda Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində iki, bəzən də üçtirəlik müşahidə edilir. O, ölkənin diaspor siyasətində köklü islahatlara ehtiyac duyulduğunu bildirib. Elxan Şahinoğlu Tapdıq Fərhadoğlu və Bulud Mehmandarlının suallarına cavab verib.

Sual: Azərbaycanın diaspor siyasətini necə qiymətləndirirsiniz?

Cavab: Azərbaycanın diaspor siyasətini müsbət qiymətləndirmək çox çətindir. Doğrudur, Diasporla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir, amma müxtəlif istiqamətlərdə elə də önəmli uğurlar qazanılmayıb. Məsələn, Amerika dünyanın super dövlətidir, dünyada baş verən hadisələrə çox ciddi təhdidləri var. Məndə olan məlumatlara görə, hətta ABŞ-da Azərbaycana tarixən bağlı olan təşkilatlarda belə ikitirəlik var. Təşkilatları bir arada cəmləştirmək üçün diaspor komitəsi iş aparmır ki, Amerika diaspor qurumları birləşib Azərbaycanın problemlərini Dövlət Departamenti, konqresmenlər, senatorlar qarşısında qaldıra bilsin. Dediklərimi, Almaniya, Fransa, Rusiya, hətta Türkiyədəki diaspor təşkilatlarına da şamil edə bilərik. Türkiyədə də Azərbaycan təşkilatları arasında iki, üçtirəlik yaranıb. Məhz, bu səbəblərdən diaspor təşkilatının işini qüsurlu sayıram.

Sual: Azərbaycan dövlət büdcəsindən Diasporla İş üzrə Dövlət Komitəsinə böyük məbləğdə vəsait ayrılır. Bu, vəsaitin xərclənməsi nə dərəcədə səmərəlidir?

Cavab: Bu, istiqamətdə də müəyyən mülahizələr yürütmək olar. Çünki, fəaliyyətin perspektivliyi haqqında danışmaq çox çətindir. Əgər, nəticə yoxdursa, deməli maliyyə də effektiv işləmir.

Sual: Azərbaycan prezidentləri bir qayda olaraq Dünya Azərbaycanlılarının qurultaylarında diaspor təşkilatlarını Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iş aparmaq üçün bir bayraq altında birləşməyə çağırıb. Bu sahədə işləri necə qiymətləndirirsiniz? Ümumilikdə, diaspor təşkilatları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı effektiv işlər apara bilirmi?

Cavab: Bu, şüarın özü də havada qalıb. Əslində, belə bir qərar verilmişdi ki, Azərbaycan və Türkiyə lobbiləri birləşib, birgə fəaliyyət göstərsin. Təəssüf ki, bu təşəbbüs də işləmədi. Bir misal deyim. Türkiyənin baş naziri Nyu-Yorkda Amerika prezidenti ilə görüşdü. Onun danışıqlarının gündəliyində terror, Fələstin, Suriya, Kipr və İsraillə bağlı məsələlər var idi. Baş nazirin Amerika ilə danışıqlarının gündəliyində ilk dəfə olaraq Dağlıq Qarabağla bağlı məsələ yox idi. Bu isə, Türkiyənin günahı deyil, Azərbaycan lobbisinin fəaliyyətsizliyinin günahıdır. Azərbaycan artıq Türkiyəni və bu qardaş ölkənin siyasi dairələrini özündən küskün hala gətirib. Bu, çox acınacaqlı faktdır.

Digər bir misal, yaxınlarda Dağlıq Qarabağın erməni separatçıları Amerika Konqresində bir tədbir keçirdi. Azərbaycan hakimiyyəti buna etiraz etdi, amma nə faydası? Yəni, Azərbaycan səbəblə deyil, nəticə ilə mübarizə aparır. Dağlıq Qarabağın azərbaycanlı icması üçün Bakıda böyük bir bina inşa ediblər. Olmazmı ki, bu icma məhz, Konqresdə Dağlıq Qarabağın işğalının 20 ili ilə bağlı bir tədbir, faciə ilə bağlı bir sərgi keçirsin? Yəni, Dağlıq Qarabağın Azərbaycanın azərbaycanlı vətəndaşlarına bağlı olduğunu rəsmi Vaşinqtonun siyasi dairələrinə, Amerika vətəndaşlarına anlatsın.

Hesab edirəm ki, Azərbaycan hökuməti, lobbi təşkilatları bir qayda olaraq ermənilərə qabaqlayıcı addımlar atmalıdır. Konqresmenlərlə ən azı şəxsi zəmində görüşlər təşkil etmək olar. Doğrudur, Konqresdə “Azərbaycanın Dostları” adlı qrup var. Amma, onların da Azərbaycanla bağlı fəaliyyəti passivdir. Onların aktiv fəaliyyətini təmin etmək üçün mütəmadi təmaslar lazımdır.

Sual: Uzun illərdən bəri apardığımız müşahidələrə görə, Diasporla İş üzrə Dövlət Komitəsi yaranmamışdan öncə, diaspor təşkilatları sanki daha yaxşı fəaliyyət göstərirdi. Çünki, indi diaspor təşkilatları daha çox bölünmüş vəziyyətdədir.

Cavab: Sizinlə tamamilə razıyam. Sizin dediyiniz sözləri mən, Çikaqodan gələn soydaşımızdan eşitmişdim. O, da eyni sözləri deyirdi. Bildirirdi ki, diaspor komitəsi yaranandan sonra sanki bir bölücülük fəaliyyəti başlanıb. Bunun əsas səbəbi odur ki, hökumət daxili siyasətdə hansı səhvlərə yol verirsə, xarici siyasətdə də bunu təkrarlayır. Yəni, Amerika və Avropadakı diaspor təşkilatlarından şəxsi itaət tələb edirlər. Azərbaycanın milli və təhlükəsizlik məsələlərindən öncə tələb qoyurlar ki, Azərbaycan hakimiyyətinə itaət etdiyinizi bildirin. Beləliklə, Azərbaycanın ümumi maraqları arxa plana keçir və şəxsi maraqlar ön plana çıxır.

Hökumətin siyasəti də ürəkaçan deyil. Belə ki, hökumət rəsmi olaraq balanslı xarici siyasət kursu elan edib. Vikiliks sənədlərini diqqətlə izlədikdə isə görürük ki, bütün dövlətlərlə ciddi problemlər mövcuddur. İran, Rusiya, hətta, Gürcüstan, Türkiyə və Amerikanın əleyhinə danışılır. Bu, rəsmi elan edilmiş balanslaşdırılmış xarici siyasət kursunun iflasa uğradığını göstərir.

Biz, Dağlıq Qarabağ münaqişəsində işğala məruz qaldığımızı göstərmək üçün daimi fəaliyyətdə olmalıyıq. Xarici və daxili siyasətdə islahatlar aparmalıyıq. Diplomatik fəaliyyətdə cəld manevrlər etməliyik. Amma, təəssüf ki, daxili siyasətdə vəziyyət ağır olduğu kimi, ciddi siyasi və iqtisadi islahatlar aparılmadığı kimi, diplomatiya sahəsində də uğursuzluqlarla üzləşirik. Bir misal göstərim. Türkiyə Azərbaycanın tək strateji müttəfiqidir ki, Ermənistanla sərhədlərini bağlayıb, diplomatik münasibətləri yoxdur. Vikiliks sənədlərindən görünür ki, Azərbaycan özü üçün ən böyük təhlükə gözlədiyi ölkə də, elə Türkiyədir. Bunun nəticəsidir ki, artıq iki dövlətin münasibətlərində müəyyən soyuqluq yaranıb.

Sual: Dağlıq Qarabağ ermənilərinin Amerikada neçə illərdir təşkilatları fəaliyyət göstərir. Doğrudur, Dağlıq Qarabağ rəsmi Vaşinqton tərəfindən tanınmır, amma təşkilatın üzvləri hətta rəsmi dairələrdə belə, özlərini Dağlıq Qarabağın rəsmi nümayəndəsi kimi təqdim edir. Belə olduğu təqdirdə Dağlıq Qarabağın azərbaycanlı əhalisinin və ya Ermənistandan deportasiya olunmuş yüz minlərlə azərbaycanlının Amerika və Avropa dövlətlərində təşkilatları hansı səbəbdən yaradılmır?

Cavab: Həqiqətən, erməni diplomatiyası tək Amerikada deyil, Avropa ölkələrində, o cümlədən Rusiyada fəal hücuma keçib. Biz yenə də, səbəblə yox, nəticə ilə mübarizə aparırıq. Diplomatiya ağıl oyunudur. Burada qabağa düşmək lazımdır. Erməni lobbisi illərdir qərb cəmiyyətlərində, qeyri-hökumət təşkilatlarında təbliğat aparır, Azərbaycan isə gözləmə mövqeyində durub. Bir vaxtlar, plan var idi ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının səfirliklərdə nümayəndələri olsun və təbliğat işləri ilə məşğul olsun. Amma, bu da olmadı. Hətta, maliyyə ayrılması da məsələni həll etmir. Əgər, diplomat hakimiyyətin təbliğatı naminə iş görürsə, yenə də uğurlu nəticəyə nail olmaq mümkün olmayacaq.

Sual: Yalnız, maliyyə ayrılmasının problemi həll edə bilməməsini diasporla iş komitəsinin yaranması da bir növ sübut etdi. Bəlkə də, turistik səfərlər, Antaliyada otellərdə tədbirlər əvəzində bu vəsaitlər başqa istiqamətlərə sərf olunsa idi, daha uğurlu nəticələr ola bilərdi. O cümlədən, Dünya Azərbaycanlılarının son qurultayına dünyanın müxtəlif ölkələrinin media qurumlarında çalışan azərbaycanlı, türk jurnalistlər, hətta dünyanın aparıcı media qurumları dəvət edilməmişdi. Belə olan halda, Azərbaycan diaspor təşkilatları beynəlxalq ictimai fikrə necə təsir edə bilər?

Cavab: Doğrudan da, mətbuat dəvət edilmirsə görülən işlərlə bağlı cəmiyyətə fikriləri kim çatdırmalıdır. Bir misal deyim. Türkiyənin baş nazirinin Hyu-Yorkda səfərini bir ordu gücünə malik Türkiyə mediasının nümayəndələri izləyir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Nyu-Yorkdadır. Onu bir nəfər belə jurnalist müşayiət etmir. Eyni zamanda, diaspor təşkilatlarının tədbirlərinin Türkiyədə keçirilməsinə elə də ehtiyac duyulmur. Çünki, Türkiyə ictimaiyyəti Azərbaycanı müdafiə edir, Azərbaycanla bağlı daha çox məlumatlıdır. Bu səbəbdən də diaspor təşkilatlarının toplantıları daha çox ictimaiyyəti Azərbaycanla bağlı yaxşı təsəvvürə malik olmayan ölkələrdə keçirilməlidir.

XS
SM
MD
LG