Accessibility links

Emin Hüseynov İsveçrədə ilk müsahibəsini CNN-ə verdi


İsveçrədə sığınacaq almış hüquq müdafiəçisi Emin Hüseynov CNN telekanalının icmalçısı Christiane Amanpour-a müsahibə verib. O, çəkdiyi əziyyətlərdən, Azərbaycan hakimiyyətinin təqiblərindən və ölkədə insan hüquqları sahəsində vəziyyətdən danışıb.

Avropa Oyunları fonunda Azərbaycanın öz imicini yaxşılaşdırmaq yerinə vətəndaş cəmiyyətini amansızca boğmasını necə izah etmək olar?

Bu suala cavabda Hüseynov bildirib ki, bunu hakimiyyətdən soruşmaq lazımdır. Onun fikrincə, Azərbaycanın digər postsovet ölkələri kimi, insan hüquqlarına riayət etmək, qanunun aliliyi və ifadə azadlığı sahəsində ciddi problemləri var.

«Dostlarımı və həmkarlarımı saxta ittihamlarla həbs etməyə başladıqda, başa düşdüm ki, tezliklə mənə də növbə çatacaq və səfirlikdə sığınacaq istəmək məcburiyyətində qaldım. 5 il əvvəl polisdə işgəncəyə məruz qaldıqdan sonra hakimiyyətin niyyətindən şübhəm yox idi», Hüseynov bildirib.

«Saxta ittihamlardan necə qorunmaq olar» sualına cavabda hüquq müdafiəçisi qeyd edib ki, bu halda belə bir şey qeyri-mümkündür.

«Müstəqil məhkəmələrin olmadığı, bütün hüquq-mühafizə sisteminin icra hakimiyyətinə tabe olduğu bir ölkədə ədalətli mühakiməyə ümid etmək olmaz. Belə vəziyyətdə özünü müdafiə etmək üçün heç bir şans yoxdur», - deyə o bildirib.

Ölkənin idman və gənclər naziri Azad Rəhimovun Azərbaycanda siyasi məhbus olmaması haqqında bəyanatını şərh edən Hüseynov qeyd edib ki, nazir istədiyini deyə bilər: «Bütün rəsmi şəxslər eyni şeyi deyir, amma bu, yalandır».

Belə bir fikir var ki, Azərbaycan kimi ölkələrdə insan hüquqlarının pis vəziyyətdə olması ilə əlaqədar Avropa Oyunları kimi beynəlxalq tədbirlər keçirmək olmaz. Amma belə hadisələr konkret pozuntu faktlarına, məsələn, Emin Hüseynovun işinə diqqət çəkməyə imkan verir. Bu barədə nə düşünürsünüz?

Bu suala cavabda hüquq müdafiəçisi deyib ki, Avropa Oyunları dövründə beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycan və burada baş verən hadisələr, o cümlədən insan hüquqlarının pozulması üzərində cəmlənib. Lakin bu, təkcə bir ölkənin deyil, digər avtoritar rejimlərin – hakimiyyətin öz imicini yaxşılaşdırmaq üçün idmandan istifadə etdiyi Qatarın və ya Rusiyanın da problemidir.

«Belə ölkələrdə beynəlxalq yarışlar keçirilməsi haqqında qərar qəbul edənlər bunu nəzərə almalıdır», - deyə Hüseynov bildirib.

Ölkəni sağ-salamat tərk etməyi necə bacardınız?

Bu suala cavabda Hüseynov İsveçrə səfirliyinə və tarixən humanitar ənənələri olan dövlətə təşəkkürünü bildirib: «Onlar mənim kimi tənqidi səslərin danışmasına və insan hüquqlarını müdafiə etməsinə imkan verir».

Siz İsveçrə hakimiyyətinin hakimiyyətinizlə danışıqları nəticəsində ölkəni tərk edə bildiniz. Amma qardaşınız və ailəniz, faktiki olaraq, özlərini girov kimi hiss edir. Onlar yanınıza gələ biləcəklər?

Bu suala cavabda Hüseynov deyib ki, o, qardaşının və bütün ailəsinin taleyindən narahatdır, amma yaxın gələcəkdə onlarla görüşlərinə icazə veriləcəyinə ümid edir.

Azərbaycana qayıdıb hüquq müdafiə fəaliyyətini davam etdirə bilərsinizmi? Bu sualın cavabında Emin bildirib ki, hakimiyyət vətəndaş cəmiyyəti və digər tənqidi səslərlə real dialoqa qərar verənə qədər, ölkədə nəyisə dəyişmək istəyənə qədər ölkəyə qayıtmaq qeyri-mümkün olacaq. «Bu, sadəcə olaraq real deyil», o, sonda bildirib.

10 ay fasiləsiz İsveçrənin Bakıdakı səfirliyində qaldıqdan sonra Hüseynov arıqlayıb və heç də sağlam görünmürdü.

2003-cü ildə o, Bakının mərkəzində müxalifətin mitinqinin dağıdılması zamanı başından və boyun fəqərələrindən ciddi travma alıb. Uzunmüddətli müalicə sağalmaya səbəb olmayıb, 5 il əvvəl isə Hüseynov yenidən polis bölməsində döyülüb və vəziyyəti yenidən pisləşib.

O, İsveçrə XİN rəhbəri Didier Burkhart-ın iştirakı sayəsində ölkəni tərk etməyə müvəffəq olub. Nazir İlham Əliyevin razılığını alıb və iyunun 13-nə keçən gecə Hüseynovu öz təyyarəsi ilə ölkədən aparıb. / Turan /

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG