Accessibility links

Emin Hüseynov: Azərbaycan hökuməti əfvlərlə dekorativ mənzərə yaradır


Birləşmiş Ştatlar Azərbaycanda onlarla vətəndaş hüquqları fəalının həbsdən azad olmasını alqışlayıb və eyni zamanda həbsdə olan digər fəalların da azad edilməsinə çağırıb. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri və təsisçisi Emin Hüseynov ABŞ admnistrasiyasını Azərbaycan hökumətindən ölkədə həbsdə olan digər məhbusların dərhal azad edilməsini tələb etməyə çağırıb. O, Foreign Policy jurnalında yazdığı məqalədə Azərbaycanda son illər media və vətəndaş hüquqları sahəsində vəziyyətin ciddi şəkildə pisləşdiyini qeyd edib. Emin Hüseynov Amerikanın Səsinin “Amerika icmalı” proqramında Skype vasitəsilə verdyi müsahibədə əvf fərmanı, Azərbaycanda medianın və vətəndaş cəmiyyətinin durumu, ABŞ-dan demokratiyanın müdafiə sahəsində gözləntiləri və fəaliyyətindən danışıb.

Əfv fərmanına münasibətini bildirən Emin Hüseynov həmkarlarının azadlığa çıxmasına sevindiyini deyib, lakin bunu “siyasi girovluq proseduru” adlandırıb. “Amma bir şeyi deyə bilərəm ki, bu cür əfvlər bizdə domino effektivini artıq açıq şəkildə göstərir. Həmçinin bir şəxsləri buraxıb, digərləri ilə əvəz etməklə bunu əfv yox, sadəcə siyasi girovluq proseduru adlandırmaq olar.”

RATİ rəhbəri ABŞ hökumətindən daha prinsipal mövqe gözlədiyini deyib. O, Foreign Policy jurnalında yazdığı məqalə ilə təkcə ABŞ administrasiyası yox, həm də Azərbaycan hakimiyyətinə fərqli səslər və onun özü kimi bir hüquq müdafiəçisinin fikrini çatdırmaq imkanı əld etmək istədiyini qeyd edib. “Bizim bu gün Azərbaycan mediasında məhdud imkanlarımız var və biz məcburuq beynəlxalq ictimaiyyətə və yerli ictimaiyyətə beynəlxalq mediası vasitəsi ilə müraciət edək.”

“Qərbdən və ABŞ-dan da istədiyimiz odur ki, Azərbaycan vətəndaş cəmiyyətini tək qoymasınlar. Bu gün müstəqil medialarn inkişaf etməsi, istərsə də alternativ düşüncə mərkəzlərinin, istər digər sivil toplum qurumlarının fəaliyyət göstərməsi Azərbaycan reallığında mümkün deyil."

Emin Hüseynov ABŞ üçün Azərbaycanda insan haqları məsələlərini prioritet olmadığını hesab etdiyini və Amerikanın demokratiya məsələlərinə daha çox diqqət verə biləcəyini düşündüyünü deyib. Lakin o yeni zamanda bildirib ki, insan haqları və demokratiya quruculuğu Azərbaycan cəmiyyəti üçün prioritet olmalı və cəmiyyətin hər bir üzvü bu prosesə töhfə verməlidir.

RATİ rəhbərinin sözlərinə görə, onun məqalədə qeyd etdiyi kimi, Azadlıq Radiosunun Bakı ofisinin açılması, QHT-lərin fəaliyyətinə imkan yaradılması kimi irəli sürdüyü tələblərin yerinə yetirilməsi üçün ilk növbədə Azərbaycan hökumətinin siyasi iradəsi olmalıdır.

“Əgər hakimiyyət özündə siyasi iradə tapsa, mən qaldırdığım problemləri tezliklə çözə bilər. Amma mənim qaldırdığım məsələlər Azərbaycanda baş verən problemlərin 5-10 faizini təşkil edir. Daha ciddi problemlər var və bunu islahatlarla həll etmək lazımdır. Lakin biz bunu hələki görmürük. Bu gün Azərbaycan hökuməti istər əfvlə, istərsə də digər addımları ilə dekorativ mənzərə yaradır və məqalədə qeyd etdiyim kimi, Azərbaycan iqtidarının və onun təmsilçisi İlham Əliyevin xarici səfərləri öncəsi haqsız tutulmuş insanların taleləri ilə girov kimi istifadə etmək nəzərdə tutulur. Bunu bir kəlmə ilə təsvir etsək, dəyişikliklər biz qeyd etdiyimiz sahədə deyil, bütün cəmiyyətdə getməlidir və bunun üçün cəmiyyətdə təkcə yuxarıdan aşağı yox, aşağıdan yuxarı da addımlar atılmalıdır. Amma yuxarılar istəməsə, aşağılar istəsə belə dəyişiklikləri biz yaxın zamanlarda görməyəcəyik. Bu, artıq bir reallıqdır.”

"Daha ciddi problemlər var və bunu islahatlarla həll etmək lazımdır. Lakin biz bunu hələ görmürük. Bu gün Azərbaycan hökuməti istər əfvlə, istərsə də digər addımları ilə dekorativ mənzərə yaradır."

Emin Hüseynov hazırkı fəaliyyəti və planlarından danışıb. O, bir müddət müalicədən sonra insan haqları sahəsində fəaliyyətini bərpa etdiyini deyib. “Azərbaycanın insan haqları problemlərini BMT, Avropa Şurası, ATƏT çərçivəsində mütəmadi olaraq qaldırırıq və insan haqları üçün ictimai vəkillik aparırıq. Əlimizdən gələn hələ ki budur. Azərbaycanda fəaliyyət göstərə bilmirik, lakin Azərbaycanda olan problemləri günbəgün izləyirik və Azərbaycanın insan haqları sahəsində öhdəliyi olan qurumları ekspert səviyyəsində məlumatlandırırıq.”

RATİ rəhbəri Qərbdən və ABŞ-dan gözləntilərini dilə gətirib. “Qərbdən və ABŞ-dan da istədiyimiz odur ki, Azərbaycan vətəndaş cəmiyyətini tək qoymasınlar. Bu gün müstəqil mediaların inkişaf etməsi, istərsə də alternativ düşüncə mərkəzlərinin, istər digər sivil toplum qurumlarının fəaliyyət göstərməsi Azərbaycan reallığında mümkün deyil. Çünki nə daxili ianələri toplamaq faktiki olaraq mümkün deyil, nə də xaricdən ianələr və yaxud qrantlar almaq mümkün olmadıqda vətəndaş cəmiyyəti institusional şəkildə inkişaf edə bilmir. Biz Qərbi və ABŞ-ı, Avropa Birliyini mütəmadi olaraq çağırırıq ki, Azərbaycanla bağlı daha iradəli olsunlar.”

​Emin Hüseynov bildirib ki, Qərb Azərbaycanda demokratiyanın durumu ilə bağlı narahatlıq ifadə olunan bəyanatlarla kifayətlənməməlidir. “Bundan öncəki kimi daha açıq və geniş proqramlar keçirilməlidir və bu proqramlar vasitəsilə vətəndaş cəmiyyəti inkişaf etdirilməlidir. Çünki Azərbaycan kimi ölkənin yeganə çıxış yolu həmin o insan kapitalını inkişaf etdirməsidir.”

RATİ rəhbəri xəbərdarlıq edib ki, vətəndaş cəmiyyətinin dəstək ala bilməməsi vəziyyətin daha da pisləşməsinə gətirib çıxara bilər. “Köklü şəkildə nəyisə dəyişmək üçün hökumət ilk növbədə islahatlar üçün açıq olmalıdır və düşmən mövqedən əl çəkməlidir. Mən imkanım daxilində işimi davam etdirəcəm və daim Azərbaycandakı insan haqları durumu ilə bağlı mövcud fəaliyyətimi davam etdirəcəm, xüsusilə də ifadə azadlığı sahəsində.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Show comments

XS
SM
MD
LG