Accessibility links

Amerikanın ən populyar binasının üzərində Azərbaycan bayrağının rənglərinə uyğun işıqlar yandırılacaq


Nyu-Yorkdakı Empire State Building London Olimpiadasının iştirakçılarını bu yolla alqışlayır

Dünyanın ən hündür binalarından biri olan Nyu-Yorkdakı Empire State Building binasını avqustun 8-də Azərbaycan bayrağının rənglərinə uyğun işıqlar bəzəyəcək.

Beynəlxalq biznes və tursizm mərkəzi olan Empire State Building 2012-ci il London Olimpiadasında dünya ölkələrinin milli komandalarını belə bir şəkildə alqışlayır. Olimpiada davam edən müddətdə binanın dörd tərəfinin hər birində iştirakçı ölkənin bayraqlarının rənginə uyğun işıqlar yandırılır.

Binanın cənub tərəfdən divarı çərşənbə günü Azərbaycan bayrağının rənglərinə boyanacaq. Digər üç divarda isə Belçika, Venesuela və Hong Kongun bayraqlarının rənglərini əks etdirən işıqlar yandırılacaq.

Lakin Olimpiadada iştirak edən yalnız 200 ölkənin bayrağı Nyu-York göydələnin divarını işıqlandıracaq. Bu ölkələr Olimpiadada idmançıların sayına görə müəyyən edilir.

Bu, artıq ikinci dəfədir ki Empire State Building üzərində Olimpiada iştirakçısı olan ölkələrin bayraqlarının rənglərinə uyğun olaraq işıqlar yandırılır. İlk dəfə binanın üzərində Olimpiya işıqları 1976-cı ildə yandırılmışdır.

102 mərtəbəli Empire State Building hazırda Nyu-Yorkda ən hündür binadır. Burada bir sıra biznes şirkətlərinin ofisləri yerləşir, binada moda şouları, mətbuat konfransları, ziyafətlər və işgüzar görüşlər keçirilir.

Empire State Building Hollivuddun sevimli çəkiliş obyekti kimi 250-dən çox kino-filmdə göstərilmişdir.

1931-ci ildə inşa edildiyi zaman Empire State Building dünyada ən hündür bina olmuşdur. Bina bu titulu 1972-ci ildə Dünya Ticarət Mərkəzinin qoşa binalarının inşa edilməsinə qədər 40 il müddətində saxlaya bilmişdir.

Nyu-Yorkun tarixi binalarından biri hesab edilən Empire State Building 2007-ci ildə Amerika memarlar institutunun keçirdiyi sorğuya əsasən Amerikanın ən çox sevilən memarlıq abidəsi adını qazanmışdır.

Show comments

XS
SM
MD
LG