Accessibility links

Avropa İttifaqı ilə Azərbaycan enerji memorandumunun genişləndirilməsini müzakirə edəcək


Avropa İttifaqı və Azərbaycanın bayraqları

Avropa İttifaqı və Azərbaycanın bayraqları

Fevralın 20-də Bakıda keçiriləcək üçüncü görüşdə Aİ və Azərbaycanın müvafiq qurumları iştirak edəcək

Fevralın 20-də Bakıda Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında Enerji sahəsində Qarşılıqlı Anlaşma Memorandumunun həyata keçirilməsinin genişləndirilməsi ilə bağlı üçüncü görüş keçiriləcək. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin press-relizində deyilir.

Danışıqlarda Avropa Komissiyasının Enerji Məsələləri üzrə Baş Direktorluğu, Avropa Xarici Fəaliyyət Xidmətinin və Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəsmiləri, habelə Azərbaycanın Sənaye və Energetika Nazirliyinin və digər dövlət qurumlarının və agentliklərinin nümayəndələri iştirak edəcəklər.

“Anlaşma Memorandumu çərçivəsində apardığımız sonuncu görüşümüzdən sonra biz, nəinki Cənub Qaz Dəhlizi, həmçinin ümumilikdə enerji sahəsində olan əməkdaşlığımızda da böyük irəliləyişlər müşahidə etmişik. Bu arada mən, Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsində yardım etmiş Aİ-nın Büdcəyə Dəstək Proqramının uğurlu icrasını qeyd etmək istərdim. Qarşıdan gələn görüş Cənub Qaz Dəhlizinə dair mühüm qərarların astanasında baş tutacaqdır ki, bunun vasitəsilə Avropa İttifaqının enerji təhlükəsizliyinə və Avropada enerji mənbələrinin diversifikasiyasına əhəmiyyətli tövhə verərək Aİ-nin enerji üzrə strateji əməkdaşı statusunu möhkəmlətməsi üçün Azərbaycana imkan verəcək. Qaydalara əsaslanan Avropa bazarlarına Azərbaycan qazının çatdırılması, həmçinin Azərbaycanın təhlükəsizliyinə və inkişafına tövhə verəcək”, deyə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Rəhbəri Səfir Roland Kobia bildirib.

2006-cı ilin noyabrında prezident Barroso və prezident Əliyev Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlığın yaradılmasına dair Anlaşma Memorandumu imzalayıblar. Əməkdaşlıq üçün dörd prioritet sahə seçilib: qanunvericiliyin uyğunlaşdırılması, təchizat və tranzit sistemlərinin təhlükəsizliyinin artırılması, Bərpa Olunan Enerji Mənbələrinin inkişafı və Enerji Səmərəliliyinin artırılması, həmçinin texniki sahədə əməkdaşlıq.

Anlaşma Memorandumunun icrası müddəti ötən il başa çatmış 14 milyon Avro dəyərində olan Büdcəyə Dəstək Proqramı ilə dəstəklənib. Anlaşma Memorandumu çərçivəsində son görüşlər 2009 və 2011-ci illərin fevral aylarında keçirilib.
XS
SM
MD
LG