Accessibility links

“Enerji Nazirliyi suların Urmiyə gölünə axmasının qarşısını alır”


“Urmiyə Gölünün durumuna etinasız şəkildə yanaşmalar davam etdiyi təqdirdə, suyun gölə axmasına mane olan gizli əlləri rüsvay edəcəyəm,” - deyə azərbaycanlı millət vəkili Mehdi İsazadə İran Azərbaycanında get-gedə böyüyən ekoloji fəlakətlə bağlı bəzi İran rəsmilərinin günahkar olduğunu irəli sürərək, Urmiyə göülünün yaxında bütünlüklə quruyacağına dair xəbərdarlıq edib.

Rəsmi adları “Miyandoab”, “Şahindej” və “Tekab” olan ancaq əhalinin Qoşaçay, Sayınqala və Tikantəpə adlandırdığı şəhərlərin İran parlamentindəki deputatı bu sözləri İranın İslami Şura Məclisinin mətbuat orqanı olan Millətin Evi xəbər agentliyinə verdiyi müsahibədə qeyd edib.

Cənab İsazadə parlamentdəki çıxışında məclisdə Urmiyə gölü üçün büdcə ayrıldığını, ancaq hər hansı əməli addımın atılmadığını bildirib.

“Məsulların Urmiyə gölünün qurumasının qarşısını almaq üçün heç bir iş görməməsinin səbəbi bəlli deyil ... gölün vəziyyətinə baxılmasa ölkəmizin yamyaşıl Azərbaycanının ürəyində bir çölün ortaya çıxmasına şahid olacağıq... Urmiyənin kədərli və faciəli hekayəsini hər kəs eşidib. Hamı üzdə ürək yandırır, ancaq müalicə üçün bir iş görülmür,” - deyə Mehdi İsazadə əlavə edib.

Parlamentin İctimai Komissiyası üzvünün dediklərinə görə, İranın Enerji Naziri çayların Urmiyə gölünə çatmasının qarşısını alır.
XS
SM
MD
LG