Accessibility links

Ərdəbil İnqilab məhkəməsi milli fəal Əli Xeyrcunu beş il müddətinə sürgündə həbsə məhkum edib və əlavə olaraq həbs müddəti bitdikdən sonra İranın bəzi Azərbaycan vilayətlərində yaşamasına iki il müddətinə yasaqlayıb.

Güneyli fəal beş il həbs müddətini yaşadığı Ərdəbil şəhərindən 700 kilometr uzaqda yerləşən Kirmanşah şəhərinin mərkəzi zindanında keçirməlidir.

Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsinin başçısı hakim Həsənzadə tərəfindən çıxarılan hökmdə Ərdəbil, Şərqi və Qərbi Azərbaycan vilayətləri “İran rejiminə düşmən olan qanunsuz qrupların fəaliyyət mərkəzi” kimi təqdim edilib.


Oyan News veb səhifəsinin açıqladığı məhkəmə sənədində yazılıb: “Ərdəbil Təhlükəsizlik qurumunun hazırladığı hesabata əsasən, 28 yaşlı Əvəz oğlu Əli Xeyrcu ölkənin milli və umumi təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni olaraq Çənlibel qrupuna üzv olmaqda ittiham edilib. Müttəhimin qanunsuz fəaliyyətləri, əvvəllər də İran İslam Respublikasına muxalif olması, məhkəmənin suallarını doğru cavablamaqdan imtina etməsi və (əvvəllər) Ərdəbilin Şəriəti meydanında qanunsuz mitinqdə iştirak etdiyi zaman həbs edilməsi nəzərə alınaraq, onun ittihamları məhkəməyə isbat edilmişdir.”

Sənəddə qeyd edilir ki, müttəhimin təhlükəsizliyə hədə törədən fəaliyyətlərinin qarşısının alınması və İran İslam Respublikasının müdafiəsini nəzərdə tutan İslam Cəza Qanunun 24-cü maddəsinə istinadən o, cəza müddətini Kirmanşah Mərkəzi zindanında keçirmək şərti ilə beş il həbsə məhkum edilir. “Həbs müddəti bitirdikdən sonra onun əlavə olaraq İran rejiminə düşmən qanunsuz qrupların fəaliyyət mərkəzi olan Ərdəbil, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərində yaşaması iki il müddətinə yasaqlanacaq,”-deyə məhkəmə sənədinə əlavə edilib.
XS
SM
MD
LG