Accessibility links

Rəcəp Tayyib Ərdoğan-Türkiyə seçkilərinin qalibi, siyasi səhnədə ən parlaq ulduz

  • Amerikanın səsi

Rəcəp Tayyib Ərdoğan-Türkiyə seçkilərinin qalibi, siyasi səhnədə ən parlaq ulduz

Rəcəp Tayyib Ərdoğan-Türkiyə seçkilərinin qalibi, siyasi səhnədə ən parlaq ulduz

Türkiyədə bazar günü keçirilmiş parlament seçkiləri baş nazir Rəcəp Tayyib Ərdoğanın Ədalət və İnkişaf partiyasının qəti qələbəsi ilə nəticələndi və cənab Ərdoğanın üçüncü dönəm hakimiyyətdə qalmasını təmin etdi.

Baş nazir Ərdoğan Türkiyənin siyasi landşaftında ən nüfuzlu siyasi fiqurlarından biri hesab edilir. 2002-ci ildə Ədalət və İnkişaf partiyasının hakimiyyətə gəlməsindən sonra cənab Ərdoğan qlobal iqtisadi problemlərə baxmayaraq, Türkiyəni dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələr sırasına çıxara bildi. O, Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara rəhbərlik etmiş, eyni zamanda, Yaxın Şərqdə Türkiyənin mövqeyini gücləndirmişdir.

Baş nazirin fələstinlilərə münasibətə görə İsraili qınamağa hazır olması, digər tərəfdən isə İranla təmas qurmaq səyləri onun islam dünyasında mövqeyini möhkəmlətdi. Lakin bu, ölkə əhalisinin böyük hissəsində dünyəvi prinsiplərin təhlükə altına alına biləcəyi ilə bağlı qorxulara səbəb oldu.

Bütün bunlarla yanaşı, cənab Ərdoğan Türkiyədə əvvəllər baş vermiş dövlət çevrilişlərinin qarşısını almaq üçün olduqca böyük nüfuza malik olan dünyəvi silahlı qüvvələrin gücünü azaltmaq məqsədi güdən islahatlar həyata keçirdi.

Sərt danışan xarizmatik baş nazir Türkiyənin ucqar yerlərində və şəhərlərdə yoxsullar arasında olduqca populyardır. Lakin bütün bu uğurlara baxmayaraq, baş nazir tənqidlərlə də qarşılaşıb. Demokratik islahatlara baxmayaraq, cənab Ədroğanın hökuməti konsensus hesabına hakimiyyətin möhkəmləndirilməsinə görə tənqidlərə məruz qalır. Siyasi opponentlər baş nazirin avtoritar tendensiyalara malik olduğunu və onun tənqidçilərini susdurmaq üçün çox böyük güc topladığını deyir. Müxalifət qrupları cənab Ərdoğanın və onun islam meylli Ədalət və İnkişaf partiyasının Türkiyəni əsası qurulduğu dünyəvi prinsiplərdən uzaqlaşdıraraq, onu daha mühafizəkar, islamçı dövlətə çevirməyə cəhddə ittiham edir.

57 yaşlı baş nazir islami dəyərlərə sadiq müsəlmandır, o, içki içmir, siqaret çəkmir, lakin islamın prinsiplərini öz həmvətənlərinə qəbul etdirmək istədiyi fikrini rədd edir. Onun siyasi islama əsaslanan Ədalət və İnkişaf Partiyasının fəaliyyəti bir zamanlar ölkədə qadağan edilmişdi. Cənab Ərdoğan siyasi mitinq zamanı dini məzminlu şer oxuduğuna görə 1990-cı illərin sonlarında 4 ay həbsdə olub. Baş nazir olmazdan əvvəl cənab Ərdoğan İstanbulun meri idi.

XS
SM
MD
LG