Accessibility links

Ərəstun Oruclu: Ərdoğanın və Azərbaycanın ABŞ ritorikası tam üst-üstə düşür [Video-Müsahibə]


Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsinə müsahibəsində Azərbaycan-Amerika münasibətlərinin hazırkı durumu və 2015-ci il perspektivləri barədə danışıb.

Amerikanın Səsi: Azərbaycan-Amerika münasibətlərinin 2014-cü ilini necə xarakterizə edərdiniz? Müsbət və mənfi məqamlar.

Azərbaycanda faktiki olaraq hakimiyyət tərəfindən bir anti-amerikan siyasi xətt yürüdülməyə başlandı.

Ərəstun Oruclu: Əslində mənfi məqamlar kifayət qədər çox oldu. Müsbət məqamlar kifayət qədər az olduğundan, icazənizlə bundan başlayım. 2014-cü ildə biz ABŞ tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həllinə marağın artdığını gördük. Deməli, NATO Sammitində dövlət katibi Con Kerrinin prezident İlham Əliyevlə görüşü, bundan sonra ABŞ-ın dəstəyi ilə Paris Sammitinin baş tutması və ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsinin ətrafında fəal diskussiyalar, əvvəlki illərdən fərqli olaraq xeyli dərəcədə aktiv oldu.Bu, mənim fikrimcə əməkdaşlıqda demək olar ki, yeganə bir müsbət məqam idi. Bir qədər xırda məqamlar da olub, amma onlar bir o qədər önəmli deyil. Xüsusilə, baş verən mənfi hadisələr fonunda önəmli deyil.

Mənfi hadisələr də bundan ibarət oldu ki, Azərbaycanda faktiki olaraq hakimiyyət tərəfindən bir anti-amerikan siyasi xətt yürüdülməyə başlandı. Bu özünü təbliğatda, rəsmilərin açıqlamalarında, hakimiyyətə yaxın medianın və vətəndaş cəmiyyəti təmsilçilərinin, deputatların ifadələrində və bir sıra fəal addımlarda göstərdi. Yəni həbslər, ölkədə faktiki olaraq vətəndaş cəmiyyəti fəallarının sıxışdırılıb sıradan çıxarılması və eyni zamanda ABŞ demokratik institutlarının Azərbaycandan tamamilə çıxarılması. 2014-cü il ümumi götürdükdə, - münasibətlərin dəyərləndirməsini aparsaq, - mən deyərdim ki, çox pis oldu, uğursuz oldu.

Amerikanın Səsi: Siz dediyiniz kimi 2014-cü ildə çoxsaylı ABŞ və qərb vətəndaş cəmiyyəti institutlarının Azərbaycandakı ofisləri bağlandı, qərb demokratiyasını müdafiə edən çoxsaylı insanlar, QHT fəalları, jurnalistlər həbs edildi. Bu fonda Amerikanın Azərbaycana münasibətində qərb demokratiyasının müdafiəsi görünürmü?

2014-cü il bir də onunla yadda qaldı ki, Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı tətbiq olunan məhdudiyyətlərlə bağlı məhz ABŞ prezidenti danışdı. Bu 20 ildə, Azərbaycanın bütün müstəqilliyi dövründə olmamış bir hadisə idi.

Ərəstun Oruclu: Demokratiya ümumbəşəri dəyərdir və Azərbaycanda bu dəyərləri qoruyan, onu yaymaq istəyən, öz cəmiyyətində kök atmasını istəyən vətəndaş cəmiyyəti fəalları, media təmsilçiləri, ayrı-ayrı fərdlər, bunlar təbii ki, qərbə istinad edir. Çünki oturuşmuş model oradadır. Söhbət ondan gedir ki, əslində bu institutlar Azərbaycanın ictimai-siyasi münasibətlər sisteminin çox mühüm tərkib hissəsi idi. Bunlar sıradan çıxarıldı və bunların sıradan çıxarılması təbii ki, ABŞ-Azərbayacan münasibətlərində öz əksini göstərdi və göstərməkdədir. Diqqət yetirsək görərik ki, 2014-cü ildə Azərbaycan-ABŞ münasibətlərində ABŞ tərəfinin irəli sürdüyü tələblərin, bəyanatların, açıqlamaların hamısında qırmızı xətlə insan hüquqları və demokratiya keçir. İki-üç il əvvəl, - beş-on il demirəm, - bu yox idi. Artıq ritorika dəyişdi. Artıq ABŞ açıq göstərdi ki, bizim Azərbaycanla münasibətlərimizdə prioritet budur. Yeri gəlmişkən, 2014-cü il bir də onunla yadda qaldı ki, Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı tətbiq olunan məhdudiyyətlərlə bağlı məhz ABŞ prezidenti danışdı. Bu 20 ildə, Azərbaycanın bütün müstəqilliyi dövründə olmamış bir hadisə idi.

Amerikanın Səsi: 2015-ci ildə Azərbaycan-Amerika münasibətlərinin prioritetlərini necə görürsünüz?

Məsələ bundadır ki, Azərbaycan hakimiyyəti bizim dəyərləndirməmizə görə, Türkiyə, Rusiya ilə birlikdə yeni ittifaq sövdələşməsindədir.

Ərəstun Oruclu: Hesab edirəm, ritorika ola bilər heç dəyişməsin. Amma, münasibətlərdə gərginləmə davam edəcək. Məsələ bundadır ki, Azərbaycan hakimiyyəti bizim dəyərləndirməmizə görə, Türkiyə, Rusiya ilə birlikdə yeni ittifaq sövdələşməsindədir. Ona ya Avrasiya İqtisadi Birliyi çərçivəsindəmi baxaq, başqa bir çərçivədəmi baxaq, görünən mənzərə budur. Diqqət yetirirsinizsə, Ərdoğanın, Ərdoğan hökumətinin ABŞ-a yönəlik ritorikası ilə Azərbaycan hökumətinin ritorikası demək olar ki, tam üst-üstə düşür. Hər ikisi özü üçün təhlükənin mənbəyi olaraq ABŞ-ı göstərir. Amma söhbət hansı təhlükədən getdiyi məlum deyil. Bu fonda münasibətlərin hansısa pozitiv dinamikasından söhbət belə gedə bilməz. Amma sadəcə düşünürəm ki, artıq bəllidir ki, yanvarın 12-də Vaşinqtonda Azərbaycanla bağlı dinləmələr olacaqdır. Bunun arxasınca istisna etmirəm ki, artıq Azərbaycana, Azərbaycan rəsmilərinə sanksiyaların tətbiqi gündəmə gələcək. Bu baxımdan hesab edirəm ki, təkcə ritorika deyil, siyasətin özü də sərtləşəcək.

Amerikanın Səsi: 2014-cü ildə Bazeldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin köməkçisinin müavini Tomas Melia ilə insan haqlarını müzakirə etdikdən sonra jurnalist Xədicə İsmayılova həbs edildi və dekabrın 21-də dövlət katibi Con Kerrinin prezident İlham Əliyevə zəngindən cəmi 5 gün sonra isə AzadlıqRadiosunun Bakı ofisi möhürləndi. Bu fonda münasibətlərin gələcəyinə necə baxırsınız?

Əslində rəsmi Bakının tutduğu yol, onu uçuruma aparan yoldur.

Ərəstun Oruclu: Dövlət katibinin zəngi faktiki olaraq 9 gün ictimai rəydən gizlədilib. Deməli burada ürəkaçan bir söhbət olmayıb. Əks halda Azərbaycan tərəfi məmnuniyyətlə bunu tirajlayardı, bunu Azərbaycanın xarici siyasətinin, müdrik siyasətinin qələbəsi kimi təqdim edərdi. Burada söhbət nədən gedir? Vaşinqton Bakını tutduğu yoldan əl çəkməyə inandırmağa çalışır. Rəsmi Bakı isə deyir ki, bu bizə təzyiqdir, biz təzyiqi qəbul etmirik və bunun ardınca münasibətlərini bir qədər də sərtləşdirir. Ola bilsin, siyasi-diplomatik kontekstdə belə bir prinsip var, hər şey nə qədər pisə doğru gedirsə, onu aparanın özü, öz vəziyyətini ağırlaşdırır. Sadə Azərbaycan dilində bu “sirkə-tünd” məsələsidir. Əslində rəsmi Bakının tutduğu yol, onu uçuruma aparan yoldur.

XS
SM
MD
LG