Accessibility links

Ərəstun Oruclu: Suriya üzrə danışıqların heç bir perspektivi yoxdur


Ərəstun Oruclu ilə müsahibə
please wait

No media source currently available

0:00 0:19:59 0:00

Birləşmiş Ştatlar Rusiya ilə Suriyada atəşkəsə dair danışıqları dayandırmaq haqda qərar verib. Rusiya bu addımı tənqid edib, rəsmi Vaşinqton isə Rusiyanın atəşkəsə dair üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini bildirib. Bu addım Hələbin Rusiya və Əsəd qüvvələri tərəfindən bombardman edilməsinin davam etdiyi vaxt atılıb. Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə Suriya böhranının həllində ABŞ və Rusiyanın səyləri, İŞİD-ə qarşı mübarizə və terror qrupunun sıralarına qoşulan azərbaycanlılardan danışıb.

Danışıqların perspektivləri

Ekspertlərin bir hissəsi ABŞ və Rusiyanın Suriyada fərqli məqsədləri olduğunu deyərək, Suriya böhranının həllində iki ölkənin əməkdaşlığına əvvəlcədən nikbin yanaşmadıqlarını bildirib. Ərəstun Oruclunun fikrincə, təkcə əməkdaşlıq deyil, böhranın həlli qeyri-mümkün görünür. “Mən düşünürəm ki, bu danışıqların heç bir perspektivi yoxdur və əməkdaşlıq alınmayacaq. Hətta qarşıdan gələn ABŞ prezident seçkilərdə kimin seçilməyindən asılı olmayaraq bunun Yaxın Şərqdə bütövlükdə vəziyyətə və Suriya böhranının həllinə heç bir müsbət təsiri olmayacaq. Ona görə ki burada söhbət təkcə maraqların müxtəlifliyindən getmir. Söhbət geo-siyasi güc olaraq, qlobal güc olaraq özünü təsbit etməkdən və bunu həyata keçirmək üçün müəyyən dayaq nöqtələri əldə etməkdən gedir.”

“Son münaqişə dövründə İran öz təsirini gücləndirdi, çünki Əsəd rejimini qorumaq İran üçün bölgədə öz siyasətini yeritmək baxımından həyati əhəmiyyət kəsb edir.”

Onun sözlərinə görə, Sovet İttifaqının dağılmasından sonra itirdiyi mövqelərini bərpa etməyə çalışan Rusiya Yaxın Şərqdə yeni geo-siyasi mənzərinin yarandığı vaxt Suriya prosesi vasitəsilə orada möhkəmlənməyə cəhd edir, Vaşinqton isə Rusiyanın bölgədə təsirinin genişlənməsini istəmir. O, danışıqların baş tutmaması və əsas ziddiyyətin bundan irəli gəldiyini qeyd edib.

İranın rolu

Suriya böhranı region dövlətlərinin hər birinin maraqlarının kəsişdiyi ən mürəkkəb münaqişələrdən biri adlandırılır. Regionda nüfuzunun artmasına çalışan İran prezident Bəşar Əl-Əsəd hökumətinə hərbi-siyasi dəstək göstərir. Bu yaxınlarda isə mətbuatda İranın regionda nüfuzunu daha da gücləndirmək istiqamətində növbəti addım ataraq, şiə ordusu yaratması haqda məlumatlar verilib. Ərəstun Oruclunun fikrincə, İran Suriya münaqişəsində ən güclü oyunçulardan biri kimi rolu özünə təmin edib. “Son münaqişə dövründə İran öz təsirini gücləndirdi, çünki Əsəd rejimini qorumaq İran üçün bölgədə öz siyasətini yeritmək baxımından həyati əhəmiyyət kəsb edir.”

Ərəstun Oruclu İranın Livanda Hizbullah qrupuna dəstək verdiyini, Səddam Hüseynin devrilməsindən sonra ölkədə ABŞ və NATO qüvvələrinin olmasına baxmayaraq İraqda təsir dairəsini genişləndirdiyini qeyd edib. “Buna görə də İranın şiə ordusu yaratması və ya hansısa başqa ad altında struktur yaratması elə də böyük əhəmiyyət kəsb eləmir, bu, texniki məsələdir. Strateji baxımdan İran orada güclənib əlbəttə...İranın təsiri, güclənməsi qaçılmazdır.”

Türkiyəyə etibar itib

Türkiyə Suriya münaqişəsinin başladığı vaxtdan onun nəticələri ilə qarşı-qarşıyadır. Türkiyə ordusu Suriyanın daxilində əməliyyatlar aparır, rəsmi Ankara kürd qüvvələrinin fəaliyyətindən narahatlığını bildirir. Türkiyə eyni zamanda, Suriya münaqişəsi nəticəsində 3 milyondan çox qaçqına sığınacaq verib. Ərəstun Oruclu Türkiyənin Suriya ilə bağlı strateji siyasətində bir xətt görmədiyini deyir.

"Türkiyə artıq bir tərəfdaş kimi olan etimadı itirib. Əsəd də ona etimadsızlıq göstərir, İran da, Qərb də, ABŞ da, İsrail də. Türkiyənin vəziyyəti mən deyərdim bu prosesin iştirakçıları içərisində bəlkə də ən çətin olanıdı.”

“Artıq Türkiyə tipik avtoritar dövlətə çevrilib və Türkiyə hakimiyyəti bütün siyasətini, istər Suriya siyasəti olsun, istər Qərbə münasibətdə, istərsə də Rusiya siyasəti olsun yalnız hakimiyyət maraqlarını təmin eləmək istiqamətində qurur və bu da spontan xarakter daşıyır. Elə götürək Suriya prosesini. Suriya prosesi başlayanda Ərdoğan əvvəl-əvvəl Əsədi “qardaşım” deyə çağırırdı, onu dəstəkləyirdi. Bundan sonra qəfil mövqeyi dəyişdi, keçdi ona qarşı. Son gərginlikdən sonra Ərdoğan Əsədə yenidən bəzi reveranslar eləməyə başlayıb. Türkiyə artıq bir tərəfdaş kimi olan etimadı itirib. Əsəd də ona etimadsızlıq göstərir, İran da, Qərb də, ABŞ da, İsrail də. Türkiyənin vəziyyəti mən deyərdim bu prosesin iştirakçıları içərisində bəlkə də ən çətin olanıdı.”

Döyüşən tərəflər və İŞİD

Suriya böhranının həllində mürəkkəb məsələlərdən biri müxalif üsyançı qüvvələr arasında kimin dəstəklənməsi məsələsidir. ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyada İŞİD-qarşı hərbi hava hücumları keçirir və Əsəd hökumətinə qarşı döyüşən qüvvələrə dəstək verir.

"Xarici dövlətlərdən bəziləri azərbaycanlıların o proseslərə qoşulmasında maraqlı idi və Azərbaycandakı kəşfiyyat şəbəkələri vasitəsilə həmin bu sələfi qrupları arasında insanları, dindarları deyək, cəlb elədi o prosesə.."

Ərəstun Oruclunun fikrincə, Suriyada döyüşən tərəflərin kimliyinin ayırd olmaması böhranın həllini çətinləşdirən ən mühüm amillərdən biridir. “Vaxtılə Əl-Nüsrə Cəbhəsi və Azad Suriya ordusu ABŞ tərəfindən dəstəklənirdi. Əl-Nüsrə Cəbhəsi nədir? Əl-Qaidənin bir qanadıdır, terrorçu təşkilatıdır. Azad Suriya ordusu isə faktiki olaraq yoxdur. O prosesin əvvəlində var idi. Bir gün ayıldılar, məlum oldu ki, bütün əlinə silah alıb döyüşənləri, Əsədə qarşı döyüşənləri dəstəkləməklə çox kobud səhvə yol veriblər.”

İŞİD sıralarında azərbaycanlılar

Son illər İŞİD öz sıralarını xarici döyüşçülər hesabına genişləndirə bilib. Bu döyüşçülər arasında azərbaycanlılar da var. Onları terrorçu qrupun sıralarına qoşulmağa nə cəlb edir?

Ərəstun Oruclunun sözlərinə görə, Şərq-Qərb Araşdırmaları Mərkəzinin apardığı araşdırmanın nəticəsinə əsasən təxminən 800-dən 1200-ə qədər azərbaycanlının İŞİD sıralarında döyüşdüyü təxmin edilmişdi. O, dünyəvi ənənələrə malik Azərbaycandan gənclərin radikal qrupa qoşulmasının səbəblərindən birinin xarici kəşfiyyat orqanlarının fəaliyyəti ilə əlaqədar olduğunu deyib. “Burada məncə, başqa amil də var idi. Bunu əvvəllər də qeyd eləmişik. Xarici dövlətlərdən bəziləri azərbaycanlıların o proseslərə qoşulmasında maraqlı idi və Azərbaycandakı kəşfiyyat şəbəkələri vasitəsilə həmin bu sələfi qrupları arasında insanları, dindarları deyək, cəlb elədi o prosesə və onları göndərdi Suriyaya, həm vasitə kimi orada istifadə etməyə, amil kimi, həm də yaxın gələcəkdə, ya da uzaq gələcəkdə Azərbaycana qarşı istifadə eləməyə.”

Ərəstun Oruclu bunu güclü bir təhlükə mənbəyi adlandırır və buna qarşı kompleks mübarizənin aparılmalı olduğunu deyir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG