Accessibility links

Ərəstun Oruclu: Azərbaycana qarşı daha ciddi təxribatçı addımlar istisna edilmir


Ərəstun Oruclu
Ərəstun Oruclu

Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünün nəticələrini şərh edir

Rusiya prezidentinin təşəbbüsü ilə Soçidə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün hər hansı nəticəsi olmadı və bu gözlənilən də deyildi. Bu barədə “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclun Amerikanın Səsinə bildirib.

Onun fikrincə Soçi görüşü deyilən toplantı cəmiyyətə yanlış təqdim olunub, guya orada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə ediləcək. “Amma Kremlin məlumatında açıq görünür ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirəsi gündəlikdə deyil”.

Politoloq sual edir ki, bu format nəyə lazımı idi? “Fikrimcə bu toplantı Moskvanın regionla bağlı plan və niyyətləri ilə bağlı təşkil edilib. Plan da məlumdur: Azərbaycanı Avrasiya Birliyinə və Gömrük İttifaqına cəlb etmək. Məhz bu məqsədlə Moskva ilk addımında Astananın dili ilə rəsmi Yerevana yox dedi ki, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə imkanını saxlasın”, o qeyd edib.

Moskva Avrasiya Birliyinə can atır. ”Rəsmi Moskvanın məqsədi budur ki, Yerevan əvvəlcə Azərbaycanın bu ittifaqlara cəlb olunmasında öz rolunu oynasın. Atəşkəsin pozulması, Azərbaycan hərbçilərinin qətlə yetirilməsindən tutmuş Soçi görüşünədək hamısı bu planın tərkib hissəsidir”, politoloq bildirib.

Ərəstun Oruclu Ermənistan prezidenti Serj Sarkisyanın Bakını bombalayacağı hədəsini təbii qarşılayır.

“Görünür ki, Soçi görüşü bəhrə verməyib. İndi Azərbaycana qarşı təzyiq siyasəti daha da sərtləşdirilir və bu işdə Moskvanın dili ilə Yerevan danışır. Bu mərhələnin də effekti olmazsa Ermənistanın daha ciddi təxribatçı addımları istisna edilmir. Çünki Ermənistanın bu “cəsarətinin arxasında Moskvanın dayandığı açıq görünür”, o qeyd edib.

XS
SM
MD
LG