Accessibility links

Erkin Qədirli: Seçkilərin nəticəsində iqtidar da, müxalifət də əvvəlki kimi ola bilməyəcək [Video-Müsahibə]


ReAL Hərəkatının Məclisinin sədrinin Amerikanın Səsinə müsahibəsi

ReAL Vətəndaş Hərəkatının Məclisinin sədri Erkin Qədirli Amerikanın Səsinə müsahibəsində prezident seçkiləri, seçkiqabağı durum, sosial sifariş və seçkidən sonrakı siyasi durumdan danışıb.

Müsahibdən seçmələr:

Bundan sonra İlqar Məmmədovun qeydə alınması üçün rəsmi hüquqi fürsətlərimiz yoxdur.
- İlqar Məmmədovun prezidentliyə namizədliyini qeydə almadılar. ReAL onun namizədliyinin qeydə alınması üçün bütün hüquqi addımları atdı. Biz son fürsətlərə qədər getdik. Bundan sonra İlqar Məmmədovun qeydə alınması üçün rəsmi hüquqi fürsətlərimiz yoxdur.

- Biz namizədimizin qeydə alınmamasını, həbsini demokratik prosesə zidd hesab edirik. İlqar Məmmədovun qeydə alınmamasını siyasi səbəblərlə izah edirik. Bu yeni nəsil siyasətçilərin xalqa tanıdılmasının qarşısının alınması üçün edildi.

- Ölkədə siyasi proses yoxdur. Bu baxımdan seçkiqabağı proses də duyulmur. İllərlə tətbiq edilən təzyiqlər nəticəsində ölkədə azad media yoxdur, sahibkarların durumu qane edici deyil, məhkəmələr, akademik institutlar azad deyil.

Ölkədə siyasi proses yoxdur.
- Hakimiyyətin dəyişməsi üçün sosial sifarişin olmasını demək çətindir. Çünki azad media olmadığından insanların nə düşündüyünü öyrənmək çətindir. Media bu müzakirələri aparmalıdır, parlamentdə fraksiyalar olmalıdır, siyasi iş getməlidir. Bütün bunlar olmayınca camaatın necə düşündüyü barədə danışmaq çətindir. Amma bir şey aydındır ki, camaat narazıdır.

- Hakimiyyətin dəyişməsi üçün beynəlxalq sifarişlərə inanmıram. Hakimiyyətin dəyişməsindən söhbət gedirsə onlar mövcud hökumətlərlə işləməyə üstünlük verirlər. Çünki qurulmuş əlaqələr var, hökumət daxili vəziyyətə nəzarət edir. Hökumət dəyişəndən sonra kimin gələcəyi bilinmir, gələn xarici ölkələrlə əlaqələrə necə baxacaq, bunlar sual altında olur. Ona görə də nə qədər ki, mövcud hökumət sabitliyi və böyük dövlətlərlə əlaqələri təmin edir həmin hökumətin dəyişdirilməsi heç kimin məqsədi olmur.

Hakimiyyətin dəyişməsi üçün beynəlxalq sifarişlərə inanmıram.
- Baxır seçkilərdən sonra kimlər hakimiyyətdə olacaq. Burada söhbət hakimiyyətin dəyişməsindən getmir. Baxır kimlər hakimiyyətdə olacaq. Burada nəsil dəyişməsindən söhbət gedir.

- Nəsil dəyişir, yeni nəsil yetişir. Yeni nəslin bir qismi müxalifətə qoşulur, bir qismi hökumətlə işləyir. Bu artıq tam başqa zaman duyumudur, başqa bilik səviyyəsidir, tamam başqa bir insani keyfiyyətdir.

- Seçkilərin nəticəsi kimi iqtidar da, müxalifət də əvvəlki kimi ola bilməyəcək. Hesab edirəm ki, bu üçüncü müddət məsələsi öz-özlüyündə bir problemdir.
XS
SM
MD
LG