Accessibility links

Erlinq Borgen: Azərbaycanda mətbuat azadlığı yoxdur!


Erlinq Borgen: Azərbaycanda mətbuat azadlığı yoxdur!
Erlinq Borgen: Azərbaycanda mətbuat azadlığı yoxdur!

Rejissor aeroportda olarkən Azərbaycan xüsusi xidmət orqanlarının onun ölkədə lentə aldığı materialları oğurladığını deyir.

Dünya şöhrətli Norvecli film ustası Erlinq Borgen bu günlərdə Azərbaycandan qayıdıb. 83 sənədli filmin müəllifi olan cənab Borgen azad mətbuatın durumunu əks etdirmək üçün getdiyi ölkədə başına gələnləri Amerikanın Səsi ilə bölüşüb.

Sual: Cənab Borgen, sizin Azərbaycana səfərinizin məqsədi nə idi?

Mən oraya araşdırıcı jurnalizm layihəsi olaraq film çəkmək üçün getmişdim. Məqsədim Azərbaycanda söz azadlığına dair Eynulla Fətullayevin məsələsi üzərində cəmləşmiş sənədli film yaratmaq idi. Diqqətimi ona yönəltməyimin səbəbi budur ki, o, 3 il bundan öncə mənim Azərbaycan barədə çəkdiyim başqa sənədli filmin qəhrəmanı idi. Həmin film “Statoylun Kölgəsində” adlanırdı. Belə ki, Norvecin dövlət neft şirkəti olan Statoyl Azərbaycandakı rejimlə biznes edir. Mən bu əməkdaşlığın nə kimi xarakter daşıdığını müəyyən etmək istəyirdim. Və biz bu filmi açıqlayandan az sonra Eynulla həbs olundu. Bildiyiniz kimi o, səkkiz il yarımlıq həbs cəzasına məhkum edilib. Mən istəyirdim geri qayıdım və bu rejimin Strasburqdakı insan haqları məhkəməsinə və onun qərarına məhəl qoymaması haqda söz açım.

Sual: Bizdə olan məlumata görə ölkəni tərk edərkən sizin aeroportda probleminiz olub. Orada nə baş verdi?.

Cavab: Mən orada 6 gün işlədim. Bizim 5-6 saatlıq materialımız var idi. Biz redaktorlarla, jurnalistlərlə və Eynulla Fətullayevin valideynləri ilə müsahibələr apardıq. Biz onun məhkəməsində olduq. Səhər erkən saat 4-də aeroporta gəldik. Orada bizi 6-7 adam əhatəyə aldı. Onlar bizə bürokratik maneələr yaratmağa başladılar. Onlar bizdən əl baqajımızı təhvil verməyimizi tələb edir və onu özümüzlə təyyarəyə aparmağımıza icazə vermək istəmirdilər. 30-40 dəqiqəlik mübahisədən sonra həmin şəxslərdən biri düyməni basdı və bizim baqajımız yox oldu. Mən onu bir də 8 saat sonra Norvecə gələndə gördüm. Məlum oldu ki, onlar materialların içərisində olduğu diski oğurlayıblar. Onlar habelə kameradan bir xeyli çipləri və başqa məlumatları götürmüşdülər. Onlar mənim içərisində siyahılar, adlar və çeklər olan bütün sənədlərimi götürmüşdülər. Onlar hətta mənim maykalarımı ələk-vələk edərək orada qoyduğum Eynullanın fotolarını götürmüşdülər. Bu, rejim haqda çox şey deyir.

Sual: Siz Norvecə gələn kimi neylədiniz?

Cavab: Mən dərhal Norvec polisinə gedərək onlara məlumat verdim. Mən dərhal bu səfəri maliyyələşdirmiş Söz Azadlığı Fonduna getdim. Norvec Yayımlama Şirkəti məndən müsahibə aldı. Mənim mənsub olduğum həmkarlar ittifaqı – Norvec Jurnalistlərinin Həmkarlar İttifaqı bu məsələni ciddi araşdırır. Əlbəttə mən bu barədə Norvec xarici işlər nazirliyinə də məlumat verdim. Amma söhbət burada məndən getmir. Mən Norvecdə salamatam. Söhbət Azərbaycanda təhdidlərə məruz qalan insanlardan, jurnalistlərdən və mənim həmkarlarımdan gedir.

Sual: Siz Azərbaycandan əldə etdiyiniz materiallarla nə etmək fikrindəsizniz?

Cavab: Biz KQB-ni, və yaxud aeroportdakı o adamları nə adlandırırlarsa, onları qabaqladıq. Material bütövlükdə bizimlə Oslodadır. Mən ona baxmışam. Fantastik materialdır. Biz indi onu montaj edirik. Fikrimcə, Azərbaycan polisi bizə bundan yaxşı reklam imkanı yarada bilməzdi. Mən məmunam və bu sənədli filmi bütün dünyaya yayacağam.

Sual: Bir jurnalist kimi sizin Azərbaycanda mətbuat azadlığı barədə təəssüratlarınız nədir?

Cavab: Azərbaycanda mətbuat azadlığı yoxdur! Faciəvi haldır ki, bu qədər istedadlı, bilikli, ağıllı jurnalistlərin işləməyə yeri yoxdur. Sizdə mətbuat azadlığı yoxdur. Hər şeyə ömürlük prezident və onun əlaltıları nəzarət edir.

XS
SM
MD
LG